• cümə, 19 Aprel, 20:52
  • Baku Bakı 24°C

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur

09.02.19 14:15 1250
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur. 1924-cü il fevralın 9-da Naxçıvanın faktiki olaraq muxtariyyət statusu alması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş oldu.
Muxtariyyətin qazanılması həm də ərazi bütövlüyümüzün qorunub saxlanılmasına imkan verdi
Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarix boyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, qədim dövrlərdən bəri bu diyarı "Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni yenə müasir dövrün reallıqları prizmasında belə ifadə edirlər: Şərqin qapısı olan Naxçıvanın muxtariyyət qazanması regional əhəmiyyət kəsb edən siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik olan bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqəti cəlb edir.
Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. Məlumdur ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Türk dünyasına düşmən kəsilən qüvvələrin niyyətləri o idi ki, bir müddət sonra Naxçıvanı ölkənin əsas ərazisindən ayrı düşməsi arqumentini irəli sürməklə onu Ermənistana birləşdirsinlər. Bu amil Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirirdi. O zərurət ki, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi. Yerli əhalinin və ziyalıların inadlı mübarizəsi, qardaş Türkiyənin ədalətli mövqeyi nəticəsində mühüm strateji əhəmiyyət kəsb edən Naxçıvanın muxtariyyət qazanması qədim diyarımızın ölkəmizin tərkibində qalmasına şərait yaratdı.
Muxtariyyət statusunun qorunub saxlanılması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır
Ulu öndərimiz Heydər Əliyevin deyirdi: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”,
Tarixi proseslərə nəzər salsaq bir daha görərik ki, Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu zaman-zaman məkrli erməni həmlələrinə məruz qalıb. 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür verdi.
1990-1993-cü illərdə Naxçıvanın muxtariyyət statusuna malik olması həmin illərdə qədim diyarda müstəqil Azərbaycanın dövlət quruculuğunun əsaslarını təşkil edən tarixi qərarların qəbul edilməsinə, idarəçilik qanunlarının işlənib hazırlanmasına, ordu quruculuğuna, sosial-iqtisadi islahatların aparılmasına şərait yaratdı.
1993-cü ildə Ulu Öndərimizin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlanıldı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.
Naxçıvanın muxtariyyətini nadir beynəlxalq modeldir
Bu gün bir çox siyasi ekspertlər Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Bu, təbiidir. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. Analoji qurumlardan yalnız Gürcüstanın Acarıstan Muxtar Respublikası və Finlandiyaya məxsus Aland adaları beynəlxalq müqavilə ilə yaradılsa da, Naxçıvan Muxtar Respublikasının statusu, buradakı muxtariyyətin siyasi səlahiyyətləri yuxarıda qeyd olunan hər iki muxtar qurumdan fərqlidir.
Naxçıvanla eyni beynəlxalq müqavilə ilə muxtar qurum formasında təşkil olunan Acarıstanın siyasi səlahiyyətləri məhduddur və daha çox inzibati-iqtisadi səlahiyyətlərə aiddir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası tərəfindən yaradılan Aland adalarındakı muxtariyyət isə dövlət statusuna malik deyil. Hər iki muxtar qurumdan fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi (geri çağırılması) prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir.
Digər tərəfdən, Naxçıvan muxtariyyəti daxili qanunvericilik, sərbəst büdcə siyasəti sahəsində, muxtariyyətin mərkəzi hakimiyyətlə əlaqələr mexanizminin istər siyasi, istərsə də hüquqi cəhətdən müsbət mənada heç yerdə təkrarlanmayan xüsusiyyətlərə malikdir. Unitar dövlət olan Azərbaycanın tərkibində muxtar dövlətin, prezidentlik üsul-idarəsi olan dövlətin tərkibində parlamentar respublikanın mövcud olması da bu xüsusiyyətlərdən biridir. Ən əsası isə bütün bu xüsusiyyətlər və özünəməxsusluqlar burada mükəmməl siyasi-hüquqi mexanizmlərin təşəkkül tapmasına gətirib çıxarıb.
Muxtariyyətin əldə edilməsinin ildönümlərinin yüksək səviyyədə qeyd olunması onun tarixi-siyasi əhəmiyyəti ilə bağlıdır
Naxçıvan Muxtar Respublikası olduqca mürəkkəb, çətin, eyni zamanda, şərəfli yol keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir məkrli qüvvə naxçıvanlıların iradəsini qıra, bu diyarı Azərbaycandan qopara bilməyib. Bu baxımdan muxtariyyət statusu Naxçıvanın siyasi taleyində də mühüm əhəmiyyət kəsb edib. Ona görə də dahilər yurdunun muxtariyyət qazanmasının ildönümlərinin qeyd olunması həm də Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir.
Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki rolu ilə bağlı çoxsaylı mühüm elmi məqalələrlə Azərbaycan və dünya mətbuatında çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunub, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illik yubileyləri keçirilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilib. Yubiley tədbirlərində iştirak edən və təntənəli yubiley iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev deyib: "Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib, onu çiçəklənən diyara çevirib.
İsmayıl Hacıyev qeyd edir ki, ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi aparılan dövlət siyasətinin davamıdır.
Akademik vurğulayır ki, Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verib. Bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün naxçıvanlılar qədim diyarın iqtisadiyyatını, elm və təhsilini, mədəniyyətini çox böyük uğurla inkişaf etdirirlər. Son illər Naxçıvan Muxtar Respublikasının Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırılması da bu baxımdan təsadüfi deyil. Ötən il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olması, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu "Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplaması bunu bir daha təsdiq edir.
AZƏRTAC
banner

Oxşar Xəbərlər