AZE | RUS | ENG |

Bu gün II Beynəlxalq Humanitar Forum işə başlayır

Bu gün II Beynəlxalq Humanitar Forum işə başlayır
İki gün davam edəcək mötəbər tədbirə dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə qatılacaq

Oktyabrın 4-də Bakıda II Beynəlxalq Humanitar Forum işə başlayır. Forum iki gün davam edəcək. Jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, tədbirə dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə qatılacaq - onların sırasında 10-dan artıq Nobel mükafatı laureatı, 15-dən artıq keçmiş prezident, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri, o cümlədən digər sahələrin mütəxəssisləri var. Onun sözlərinə görə, forum bir tərəfdən təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirmək məqsədini daşıyır. Onun sözlərinə görə, Beynəlxalq Humanitar Forumun bütün təşkilati işləri, o cümlədən forumda müzakirəyə çıxarılacaq mövzular Azərbaycan və Rusiya dövlətlərinin birgə razılığı ilə müəyyən olunub. Ə.Həsənov qeyd edib ki, forumun birinci və ikinci günü çərçivəsində həm plenar iclaslarda, həm də bölmə iclaslarında müxtəlif sahələr üzrə müzakirələr keçiriləcək, sonda isə Bakı bəyannaməsi qəbul olunacaq. PA rəsmisi bildirib ki, forum iştirakçıları iki gün ərzində Azərbaycanın regionlarında mərkəzi icra orqanlarının təşkil etdikləri tədbirlərdə iştirak edəcək, müəssisələrdə Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı təşkil olunmuş toplantılara qatılacaqlar. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, II Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirməkdir: «Bu Beynəlxalq Humanitar Forum Azərbaycan prezidentinin, eləcə də Rusiya Federasiyası prezidentinin təşəbbüsü və himayəsi altında artıq ikinci ildir keçirilir. Bu forumun təşkilatçısı Azərbaycandır. Azərbaycan regionun bir lideri kimi, ümumiyyətlə, bu tədbirlərdən çox keçirir, lakin bu tədbir artıq özünün miqyasına və əhatə dairəsinə görə beynəlxalq aləmdə nüfuz qazanıb", - deyə N.Məmmədov bildirib. N.Məmmədov bildirib ki, bu forumlarda Azərbaycan ilə bağlı bütün reallıqlar təkcə regionda deyil, dünyanın bütün ölkələri arasında öz yerini tapır. PA rəsmisi hesab edir ki, bu forumda 600-dən çox iştirakçı bir tərəfdən tədbirdə olan aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparacaq, faydalı mövqelər ortaya qoyacaq, digər tərəfdən ölkələrinə Azərbaycan haqqında, gözəl Bakımız haqqında fikirlərini çatdıracaqlar. "Bu forum Azərbaycan üçün özünü dünya ölkələrinə tanıtmaq, ölkə haqqında reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından çox gözəl bir tədbirdir. Düşünürəm ki, bu forumun əhəmiyyəti Azərbaycan üçün çox mühümdür", - Məmmədov açıqlamasında bildirib. Trend-ə açıqlamasında İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, II Beynəlxalq Humanitar Forum humanitar sahədə ön plana çıxan çox mühüm, aktual məsələlərin müzakirəsi üçün getdikcə daha nüfuzlu meydançaya çevriləcək: "Dünyada bir çox forumlar mövcuddur. Bu forumlarda iqtisadiyyat və energetika məsələləri, siyasi problemlər müzakirə olunur. Lakin humanitar məsələlərin, müasir dünyanın fəlsəfi baxımdan dərk edilməsi və mürəkkəb 21-ci əsrin başlanğıcında meydana çıxan problemlərin müzakirəsi üçün dünyada belə meydança olmayıb", - deyə Y.Qusman bildirib. Onun sözlərinə görə, Bakının iki il əvvəl həmin təşəbbüslə çıxış etməsi vaxtında və aktual idi. Y.Qusmanın fikrincə, forumun vacibliyi yalnız artacaq, bu, artıq plenar iclasların və disputların mövzusundan görünür. O bildirib ki, Bakıya foruma gələnlərin çox böyük gözləntiləri var. "Bəşəriyyət bir çox humanitar sualların cavabını gözləyir və əgər Bakıdakı görüşdə heç olmasa bu sualların bir hissəsinə cavab verilsə, forumun öz vəzifəsini yerinə yetirdiyini hesab etmək olar", - o deyib. Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen isə bildirib ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda bazar iqtisadiyyatı və demokratiyanın inkişafı üçün əsas ölkədir və ABŞ bu ölkə ilə münasibətləri aktivləşdirməlidir: "Düşünürəm ki, hər iki partiya - respublikaçılar və demokratlar Cənubi Qafqaz və Xəzər regionunda demokratiya, bazar iqtisadiyyatı və energetikanın inkişafında maraqlıdırlar və Azərbaycan bunun üçün başlıca ölkədir». A.Koen qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyi - şərq-qərb və şimal-cənub istiqamətlərinin kəsişməsində yerləşməsi çox vacib amildir. "Energetika daxil olmaqla, Xəzər dənizi resurslarının inkişafı qeyri-sabit Yaxın Şərqin alternativi qismində çox əhəmiyyətlidir", - ekspert əlavə edib. Onun sözlərinə görə, Azərbaycan özünün tolerantlığı ilə bir çox ölkələrdən seçilir ki, bu da başqa modeldir. Xəzər regionunu Türkiyə və Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin bu yaxınlarda açılmasına toxunan Koen bu magistralın əhəmiyyətini vurğulayıb. "Bu, vacibdir. Bu baxımdan Bakı və Qərbin münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə ümidvaram", - o, deyib. Avropa dəmiryol şəbəkəsinə birbaşa çıxışı olacaq BTQ üzrə ildə 30 milyon ton yük daşınacaq. BTQ Asiyadan Avropaya konteyner, maye və digər yüklərin axınını artırmağa imkan verəcək. Paralel olaraq Bosfor boğazı altında tunelin tikintisi üzrə "Mərmərə" layihəsinin reallaşdırılması aparılır ki, bu da Avropaya birbaşa dəmiryol xəttinin açılmasına imkan yaradacaq. İlham QULİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917