AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Təfsilat
23 May 2020, 18:51 365
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə "Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparılıb.

Görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkmək planlaşdırılır.

2019-cu il ölkəmizdə genişmiqyaslı ağacəkmə aksiyasının keçirilməsi ilə də yadda qalıb. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da respublikanın bütün bölgələrində dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağac əkilib. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib.

Nazirlik plastik və polietilen məhsullardan istifadənin azaldılması istiqamətində də nəzərəçarpacaq addımlar atır. Ölkənin müxtəlif bölgələrində plastik qabların toplanılması üçün konteynerlər yerləşdirilir. Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiqi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Nazirliyin mütəxəssisləri mütəmadi olaraq ictimai-iaşə obyektlərindən havaya tüstünün, iy-qoxunun yayılması ilə əlaqədar şadlıq saraylarında və restoranlarda monitorinqlər keçirirlər. Təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyənləşən obyekt sahibləri barəsində protokollar tərtib edilir və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərarlar qəbul edilir.

Nazirlik tərəfindən milli parklarda ekoturizmin inkişafına da xüsusi diqqət yetirilir. Elə bu səbəbdən də milli parklarımızı ziyarət edən turistlərin sayı ildən-ilə artır. Hazırda Azərbaycanda 10 milli park fəaliyyət göstərir. Bununla yanaşı, Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin IDEA İctimai Birliyi və WWF ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində apardığı işlər davam edir.

Əldə edilən nəticələr və görülən işlər nazirliyin daha böyük nailiyyətlər əldə edəcəyini deməyə əsas verir.

Bu gün peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin növbəti illərdə də uğurlu fəaliyyətini davam etdirəcəyinə inanırıq.