• çərşənbə, 24 Aprel, 11:28
  • Baku Bakı 13°C

“Bu gün Cocuq Mərcanlıya, sabah Şuşaya”

02.02.17 11:00 1698
“Bu gün Cocuq Mərcanlıya, sabah Şuşaya”
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalamasından sonra erməni cəmiyyətində ruh düşkünlüyü müşahidə edilir. Erməni istifadəçilər bu haqda fikirlərini sosial şəbəkələrdə açıq şəkildə bölüşməkdən çəkinmir və prezidentləri Serj Sarkisyana konkret suallar ünvanlayırlar.

"Azərbaycan” qəzetinin yazdığına görə, Karen Mkrtçyan adlı "Facebook” istifadəçisi "Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya” başlıqlı status paylaşıb. Arut Xaçatryan adlı bir nəfər "Twitter”də belə bir paylaşım edib: "Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Serj Sarkisyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir. S.Sarkisyan Ermənistanı məhvə aparır”.

Henrix Aşotyan adlı biri isə "Facebook”da Prezident İlham Əliyevin imzaladığı sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazıb: "Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi - red.), Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir”.

Robert Şaqinyan adlı biri isə "Twitter”də yazıb: "Ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?”

Karine Baqratyan adlı biri isə "VKontakte” sosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: "İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri İrəvana girsə, nə edəcəyik?”

Ovik Karapetyan adlı birinin "Twitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: "Azərbaycan Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Sarkisyan iqtidarından təngə gəlmişik”.

Edvard Şahnazaryan "Facebook”da paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: "İlham Əliyev bir kəndin bərpası üçün xüsusi sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sarkiysan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.

Paylaşılan fikirlərdən bir daha görünür ki, erməni cəmiyyətində narahatlıq, ruh düşkünlüyü getdikcə dərinləşir və artıq onların olmayan torpaqlar uğrunda savaşmaq istəmirlər. İtkilərə görə isə birbaşa ölkə rəhbərliyinin məsuliyyət daşıdığını dərk edirlər.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” ilə bölüşən politoloq Mübariz Əhmədoğlu bildirdi ki, azərbaycanlıların Cocuq Mərcanlıya qayıdışı fonunda müşahidə olunan erməni pessimizmi getdikcə artacaq: "Ermənilər nəhayət ayılmalı, baş verənləri dərk etməlidirlər. Başa düşməlidirlər ki, səhv yoldadırlar. Ümumiyyətlə, bu dövlətin yanaşması səhv yanaşmadır, xəstə təfəkkürə əsaslanır. Biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Torpaqlarımızın hamısını işğaldan azad edəcəyik. Bu proses getdikcə, onlar daha da pis duruma düşəcəklər. Hələ ki, Cocuq Mərcanlıya qayıtmağımıza görə belə ruh düşkünlüyünə qapılıblar. Prezident İlham Əliyevin işğalda olan torpaqlarımızın geri qaytarılması üçün atdığı addımları ermənilər özləri üçün bir sağlam yol kimi qəbul etsinlər. Nə qədər tez sağalsalar, xəstəlikdən qurtulsalar, bu, onların özünə xeyirdir. Ermənilər 1988-ci ildən bu yana, azərbaycanlılara problem yaratmağa başladıqları müddətdə böyük dövlət qurmaq iddiasında idilər. Hazırda Ermənistanın heç düz-əməlli büdcəsi yoxdur, özlərini dolandıra bilmirlər. Ermənistandakı əhali fürsət düşdükcə oranı tərk edir. Çox böyük məbləğdə xarici borcları var. Təəssüf ki, Dağlıq Qarabağı işğal etdilər. Azərbaycanın da Ermənistanı blokadada saxlaması onları belə bir çətin vəziyyətə salıb. Bu durumdan çıxmaq istəyirlərsə, reallığı dərk edib ayılsınlar. Bu, onlar üçün xeyirdir. Mən onlara məsləhət görürəm ki, öz prezidentlərindən çox İlham Əliyevə inansınlar. Sosial şəbəkələrdə də bu yöndə fikirlər paylaşırlar. Bu, həm də onların Sarkisyana olan münasibətini göstərir”.

QHT rəhbəri, hüquqşünas Sahib Məmmədov dedi ki, aprel döyüşlərindən sonra işğalda yaşayan əhalidə əvvəldən erməni təbliğatı nəticəsində yaranmış arxayınçılıq aradan qalxdı. Çünki rəsmi erməni təbliğatı insanların beyninə yeritmişdi ki, Azərbaycan ordusu bu ərazilərin bir qarışını da ala bilməyəcək: "Aprel döyüşləri bu mifi dağıtdı və ermənilər hələ də tərk etdikləri kəndlərə qayıda bilməyiblər. Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin ora qayıdışı ermənilər üçün növbəti həyəcan siqnalıdır. Ona görə də əhali narahatlığını gizlətmir. Onlar bir icmanın qayıdışını böyük qayıdışın başlanğıcı hesab edirlər. Əslində, prezidentin qərarının da əsas məqsədi budur. Proses başlayıb. Ermənistan rejimi bilməlidir ki, Azərbaycan dövləti və xalqı heç bir güzəştə getməyəcək. Yeganə güzəşt Azərbaycanın yurisdiksiyasını qəbul edən erməni əhalinin buradakı dinc yaşayışına təminatdır. Bu təminat da ən yüksək səviyyədə verilib”.

Qhtxəbər.az saytının baş redaktoru Sənan Nəcəfov nəzərə çatdırdı ki, Cəbrayılın Cocuq Mərcanlı kəndi ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan ordusunun Birinci Qarabağ müharibəsində keçirdiyi ən uğurlu döyüş əməliyyatlarından biri olan Horadiz əməliyyatı nəticəsində Ermənistanın işğalçı ordusundan geri alınıb: "Lakin strateji yüksəkliklərin düşmən nəzarətində olmasına görə kənddə tam məskunlaşma qeyri-mümkün idi. Ötən ilin aprel ayında son illərin ən uğurlu hərbi əməliyyat-manevrlərindən sonra ordumuz strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etdi və Cocuq Mərcanlıya gediş-gəliş, orada yaşamaq üçün unikal şərait yarandı. Niyə unikal? Əvvəla, kənar güclərin, mərkəzlərin, dövlətlərin ciddi səyi və dəstəyi ilə Qarabağ cəbhəsində qorunub saxlanılan 24 illik status-kvo məhz aprel hərbi əməliyyatları ilə dəyişdi, bu möhtəşəm tarixi hadisə ilə danışıqlar prosesində Azərbaycanın mövqeyi gücləndi. İlham Əliyevin dəfərlərlə səsləndirdiyi "Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməyə qadirdir və buna heç bir qüvvə mane ola bilməz” bəyanatlarının istənilən an hərbi əmrə çevriləcəyi tərəflərə izah edildi. İkincisi, "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” prezidentin sərəncamı tək bir kəndin bərpası, yenidən qurulması deyil, mənəvi-psixoloji baxımdan, Azərbaycan tərəfinin üstünlük simvoludur. "İşğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq” - Ali Baş Komandan İlham Əliyev dediyi sözün sahibidir. Bu, Böyük Qayıdışın startıdır”.

S.Nəcəfov qeyd etdi ki, erməni mətbuatı və adi vətəndaşların sosial şəbəkələrdə yazdıqlarından belə anlaşılır ki, onlar artıq vəziyyəti aydın dərk edirlər. Bilirlər ki, Azərbaycan gec-tez torpaqlarını azad edəcək, qaçqın və məcburi köçkünlər yenidən öz yurdlarınaqayıdacaqlar: "Geri sayım başlayıb. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tarixi əhəmiyyətə malik sərəncamı həm də Ermənistana növbəti xəbərdarlıqdır. Ermənilər işğaldan azad olunan bir strateji yüksəkliyə görə belə sürətli məskunlaşmanı, təsərrüfat qurulmasını gözləmirdilər. Bu, ən qatı erməni millətçisinə, müharibə partiyasının üzvlərinə də sarsıdıcı zərbə idi. Prezident İlham Əliyev yanvarın 30-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Cocuq Mərcanlı ilə bağlı layihənin icra edilməsinin çox böyük rəmzi məna daşıdığını bildirdi. Qeyd etdi ki, bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. Prezident, həmçinin vurğuladı ki, indi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar. Buna görə də Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntıları beynəlxalq mətbuatda az-az görünür - "Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, foto-çəkilişlər aparılmalıdır, dağılmış bütün binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Bu çıxışları diqqətlə izləyən erməni tərəfi də görür ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, onları bərpa etməklə yanaşı, gələcəkdə yüz milyard dollarlıq təzminat tələbi də var. Bu, yaddan çıxmayıb. Ermənistan məğlub olma aktını imzaladıqdan sonra dağıtdıqları Azərbaycan ərazilərini özləri bərpa etmək məcburiyyətində olacaq. Belə bir iddia təmin olunarsa, ən sadəsi, Avropa Məhkəməsi məcburi köçkün ailələrinin şikayətlərini təmin edərsə, Ermənistan belə iqtisadi potensialla bu təzminatları yüz illər bundan sonra da ödəyib qurtara bilməz. Cənab Prezidentin çıxışında beynəlxalq təşkilatlara dağıntıları öz gözləri ilə görmək çağırışının arxasında həm də bu mesaj var idi”.

Həmsöhbətimiz onu da dedi ki, deyilənlər "Qarabağ Azərbaycanın daxili işi deyil” mesajına tutarlı cavab idi: "Cənab Prezident göstərdi ki, Qarabağ elə Azərbaycanın daxili işidir. Bu, hələ startdır. Davamında Azərbaycanın digər işğal olunmuş rayonlarının əvvəl hərbi, sonra iqtisadi yolla bərpası gəlir. Neçə-neçə belə kəndlərimiz qaytarılacaq, neçə-neçə insanların öz torpaqlarına qayıtması üçün sərəncamlar imzalanacaq. Bu sərəncamla sübut olundu ki, qətiyyət, prinsipiallıq necə olur! Bu sərəncamla sübut olundu ki, ölkənin iqtisadi qüdrətini yüksəltməsi, beynəlxalq nüfuzunu artırması və güclü modern ordu qurmaq necə olur! Bir də o sübut olundu ki, Böyük qələbə heç də görünməyən dağların arxasında deyil, çox yaxındadır. Erməni mətbuatını izləyənlər bunu da təsdiqləyərlər ki, erməni əhalisində bu qədər ruh düşkünlüyü heç vaxt olmayıb”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər