• şənbə, 20 Aprel, 16:30
  • Baku Bakı 23°C

“Bu gün bizim şou biznesimiz çox bərbad və bədbəxt haldadır”

07.08.13 08:54 3113
“Bu gün bizim şou biznesimiz çox bərbad və bədbəxt haldadır”
Qəzetimizin dünənki sayında Avropalı prodüser kimi tanınan Sultan şou aləmindəki qalmaqallardan, prodüserlərin iş prinsipindən və bu sahənin çətinliklərindən danışmışdı. İndi isə Sultan şou aləmində çalışdığı insanların iç üzlərini açdığını və sevilən bir ifaçının vətəndən necə küsüb getdiyindən danışıb.
- Hansı müğənninin konsertinə 7 nəfər gəlib?
- O, insan tanınmış müğənnidir. Xalq artistidir. Adını çəksəm rüsvay olar. Müğənni var ki, tələbat var, müğənni var ki, tələbat yoxdur. Misal üçün Röya Ayxandan sonrakı layihəm alınmadı. Mən onu təxirə salası oldum. Həmin qadın müğənni çıxıb efirlərdə dedi ki, Sultanla iş birliyim alınmadı. Sən mənə təklif etmişdin ki, mənim konsertimi təşkil elə. Mən ona yalvarmamışdım ki. Növbəti bir etiraf edim ki, Röya xanımdan sonra mənim qiymətim daha da artdı. Bir müğənnimiz var deyir ki, 5 oktavalıq səsim var. Heç heyvanda 5 oktavalıq səs olmur. Qaldı ki, onda olsun.
- Adı nədir həmin ifaçının?
- O yaşlı qadındır. Durub onunla ağız ağıza deyişmək yaxşı çıxmaz. Əlimdə olan faktlar onun əlində olanlardan çoxdur. Bu gün mətbuat konfransı edib, onun haqqında danışsam o gərək bu sənəti atsın. Həmin müğənni məni İhamə Quliyevaya qarşı doldurmuşdu, hətta mənə caduya qədər yedizdirmişdi. Bu gün ona görə çox peşmanam. İlhamə xanımın xətrini çox istəyirəm. O cadunun qurbanı oldum ki, ona qarşı haqsızlıq etdim. Etiraf edirəm ki, bu gün peşmanam. O zaman çılğınlıq etdim. Şükürlər olsun ki, indi hər şey öz yolundadır. Heç kimin qurbanı deyiləm. Şou biznesdə insanları qurban kimi istifadə edənlər də var ki, onlar səni atır qabağa və öyrədir ki, bunları et.
Müğənni əxlaqsız idi
- İşlədiyiniz müğənniləri özünüz seçirsiniz, yoxsa onlar sizə müraciət edirlər?
- Tam olaraq özüm seçmişəm deyə bilmərəm. Yarı-yaradır desəm daha doğru olar. Müğənni var ki, ona tələbat çoxdur. Elə müğənni var ki, çox tanınmış ifaçıdır, ancaq konsert zalını doldura bilməyib. Bu mənim başıma gəlib və həmin an dostlarıma bilet paylamışam ki, mənə görə konsertə gəlsinlər.
- İşlədiyiniz müğənniləri seçərkən hansı keyfiyyətlərinə üstünlük verirsiniz?
- İlk növbədə həmin ifaçının əxlaqı, sənəti, düzgünlüyü, səmimiliyi və daha sonra onun yol yoldaşlığı mənim üçün önəmlidir. Elə də müğənnilərimiz olub ki, yolda mənə naxələflik ediblər. Elə müğənni də olub ki, ona 7 konsert təşkil etmişəm. Bu gün onunla aramız soyuqdur. Konserti olub məni dəvət etməyib, yəni cüzi anlaşılmazlıqlarımız yaranıb. Yenə də mən onu çox istəyirəm.
- O ifaçı kimdir?
- Elza Seyidcahan.
Tüpürüm sənin verilişinə də, elə onu çəkənə də…
- Hazırda prodüserlərlə müğənnilər arasında yaşanan qalmaqallara münasibətiniz necədir?
- Bu günə qədər çox susdum, danışmadım, ancaq susduqca gördüm ki, hər kəsə danışmağa meydan açılıb. Burdan onlara deyirəm ki, düşmənçiliyi də, rəqabəti də aparanda vicdanla, kişi kimi aparmaq lazımdır. Əxlaqsızlıqla yox. Bilirsinizmi, indi prodüserlərin əksəriyyəti üç gün müğənni ilə işləyirlər sonra da deyirlər ki, əxlaqsız idi deyə ayrıldım ondan. Məgər sən bu insanla çörək yeyəndə görmürdünmü ki, bu ifaçı əxlaqsızdır. Onlar onsuzda murdardılar. Ümumiyyətlə, şou biznesdə olanların 60%-i murdar, şərçi, bütün günü cadugərlərdə olan insanlardılar. Molla qalmayıb mənim köməkçimə zəng eləməsin ki, şou biznes nümayəndələri Sultanın şəkillərini gətirirlər ki, onu bağlayım. Bunu nə zaman qədər edəcəklər? Bütün qeyd etdiklərimi faktlarla deyə bilərəm. Nə edim? Baxıcıları çıxarıb danışdırım efirdə? Bunlar görün hansı arsızlıqlardan çıxırlar. Bu gün medianı da ediblər özəl bir müəssisə, haqqını verirlər çıxıb istədiklərini də danışırlar. Bu gün əksər verilişlərə kimisə dəvət etmək üçün 1000-1500 manat pul istəyirlər. Ölkəm üçün çalışan insanam, nə üçün pul verib verilişə çıxmalıyam ki? O zaman pul verərəm ki, desinlər ki, hörmət et mənə evdə xəstəm var. Amma üzümə dura-dura deyirlər ki, verilişimiz özəldir banka çek ödə sonra gəl verilişimizə. Tüpürüm sənin verilişinə də elə onu çəkənə də. Nəyimə lazımdır? Kanallarımız hörmət edib çağırırlar verilişlərinə amma getmirəm. Bu gün təkcə televiziyalarımız elə deyil, elə mətbuatda o gündədir. Jurnalist var ki, yazı yazır kimisə gündəmə gətirir, sonra da deyir ki, məni gör. Açıqcasına rüşvətxorluq edəndə xoşum gəlmir. Nə istəyirlər yazsınlar. Hətta məni şikayət edib, bölmələrdə ərizələr də yazıblar. Onları vicdanları ilə allaha tapşırıram. Heç kimə müsahibə vermirəm. Əgər pisəmsə, əxlaqsızamsa olanı yazsınlar. Hər zaman düzgünlüyün tərəfdarı olmuşam. Yalançı tərif yazıları da sevmirəm. Mətbuatda dəfələrlə olub belə şeylər. Hansısa bir bambılı çıxıb elə şeylər danışır ki, içimdə sakit dayan bilmirəm. Bu da onun üçün reklam olmaqla bərabər həm də o prodüserin xeyrinə olur. Sənətdə belə tərbiyəsizliklər, əxlaqsızlıqlar da var.
Bu gün bizim şou biznesimiz çox bərbad və bədbəxt haldadır. İnsan düzgün danışanda çalışırlar ki, onun ağzını tez yumsunlar. Şükürlər olsun ki, ağzımı 15 il ərzində heç kim yuma bilməyib. Sənət həyatım Azərbaycan mədəniyyətinin təbliğ etməkdir.
Bir müğənnimiz var ki, hazırda Avropada yaşayır. 2-3 ildir ki, Azərbaycandan küsüb gedib. O, Türkiyədə böyük bir layihə üzərində işləyir. Bu layihəyə görə hətta adını da dəyişib. Bizim tanınmış müğənnilərimiz onun evini elə yıxdılar ki, o insan hətta çörək belə tapa bilmirdi. Yəni onu o vəziyyətə çatdırmışdılar. Özüm bütün bunlara şahidəm. Zaman bütün olanlar barədə mətbuata özü danışar. Onun haqqında deyə bilərəm ki, İslam Rzayevin tələbəsi olub və Azərbaycan üçün çox darıxır. Onun getməsinə səbəb isə tanınmış simalı insanlar ona cadular edirdilər, onu şərləyirdilər.
- Kimdir o ifaçı?
- Adını deyə bilmərəm. O insanın xətrini çox istəyirəm. Həmin ifaçı mənə çox güvənir. Şou biznesdə yeganə adamam ki, mənimlə əlaqəsi var. Adını çəkmək istəmirəm.
- Bu gün çox riskli etiraflar etdiniz. Bəlkə onun adını çəkməklə sonuncu etirafını edəsiniz?
- Onun adı Ziyafət Yaqubova. Həm xanəndədir möhtəşəm səsi var. Sənət aləmində olan insanlar ona oxumağa imkan vermədi. Hazırda Türkiyədə albom hazırlayır.
- Avropada konsertləri təşkil etmək üçün onlarla necə əlaqə saxlayırsınız?
- Bizim hər ölkədə öz nümayəndəliyimiz var.
- “Sultan production” o qədər çoxmu qazanır?
- Bəli.
- Neçə nümayəndələriniz var?
Dünyanın 22 ölkəsində nümayəndələrimiz fəaliyyət göstərir.
“Ar olsun”
- Bəs, hər hansı prodüserin xaricdə müəyyən bir layihəyə imza atması üçün həmin prodüserdən nələr tələb olunur?
- Əgər söhbət Azərbaycanlı prodüserdən gedirsə, heç zaman qoymaram ki, məndən sonra kimsə bu qədər məşhurluq qazansın. Eqoist kimi görünsə də, mən bunu etiraf edərəm. Avropada konsert təşkil edən prodüserin yoluna mane də olmaram. Sənətimi çox sevirəm, ancaq buna razı olmaram.
- Nə olsun ki sevirsiniz? Bələ sizdən başqa da hansısa prodüser Avropada konsert təşkil etmək istəyir?
- Bunu bacara bilən prodüser yoxdur axı. 15 ildir bu meydandayam. Elə bir prodüserə rast gəlməmişəm. Onlarda bacarıq və istedad yoxdur. Görün məni nə qədər qəzəbləndiriblər ki, bu gün mən hər kəsə meydan oxuyuram. Bilirsinizmi, həmişə istəmişəm ki, Azərbaycan bayrağı Avropada yüksək səviyyədə təbliğ olunsun. Dünyanın 42 ölkəsini gəzmişəm və 28 yaşım var, bundan sonra nə uğur əldə etsəm də mənim bəsimdir. Digərləri kimi hansı ölkəyə gedəndə sosial şəbəkədəki profilimdə yazmıram ki, İtalyadayam və yaxud da ki, haradayam. Elə reklama ehtiyacım da yoxdur. Gündə bəzi səviyyəsiz prodüserlər var ki, yazırlar ki, getdim Maldiv adalarına, nə bilim nə etdim. Onlar şəxsi həyatı reklam edirlər. Mən hər xaricə gedəndə bu haqda mətbuata məlumat versəm, o zaman mətbuatda digər müğənnilər haqında yazmağa ehtiyac yaranmaz. Onlar heç bunu düşünmürlər. Bu ucuzluqdur, belə şeylərə pis baxıram. Sənət adamıyam, özümü də əsil ulduz hesab edirəm. Çünki şəxsi həyatımı da gəzdiyim yerləri də gündəmə gətirmirəm.
Bu gün bizim musiqimiz elə ucuzlaşdırıblar ki, adam utanır. Toylara da gedirik dəxilsiz musiqilər səsləndirirlər. Axı bu “Can cana”, “Maral”, “Bu zəngimselimi senə görə qoymuşam” nə qədər olar? Bu gün sənətimizi ucuzlaşdıran, özlərini ifaçı sanan insanlara “ar olsun” deyirəm. Bizim Rəşidimiz Behbudov, Şövkət Ələkbərovamız var. Belə sənətkarları olan xalq üçün bayağı mahnılar oxumaq yaraşmır. Bu gün elə ucuz musiqiyə gedirik ki, onlara qulaq asa bilmirəm, əsəbiləşirəm.
- Xaricdəki prodüserlərin iş sistemi bizim qrafikadan necə fərqlənir?
- Çox fərqlənir. Mən bu sənəti oxumuşam və iş prosesi ilə də tanışam. Professional prodüserin öz proqramı olur. Mən də həmin strukturla işləyirəm. Bizim prodüserlərdən fərqi odur ki, bizimkilər prodüser deyillər. Prodüser sözünü belə onlara demək düzgün deyil. Sadəcə müğənninin ayaqqabı daşıyanı, telefonuna cavab verəndilər. Tanınmaq asandır, gündəmdə qalmaq çətindir. Xarici prodüserlər birinci özlərinə hörmət edirlər. Çünki onların savadları var. Bizimkilərin öz maddi gücü yoxdur. Gəlib müğənninin yanında tanınmaq istəyirlər. Avropadakı prodüserlər müğənnilərin özlərinə pul qoyurlar o puldan da gəlir əldə edirlər. Bizdə isə gəlib müğənnidən xahiş edib onların yanında işləyirlər. Bir az tanınırlar, sabah da deyirlər ki, o kimdir. Onunla qalmaqal yaradır ki, tanınsınlar. Professional prodüser heç zaman müğənni ilə toylara getməz. Oturar öz ofisində layihələri ilə məşğul olar, müğənninin albomunu satışa çıxarar. PR–ı ilə məşğul olar. Prodüser nadir hallarda toyxanaya gedər. Onlar menecerlilər, maklerdirlər, ancaq prodüserlər deyillər. Bu gün bu sahədə çox tərbiyəli ehtiyacı olan insanlar da var. Onlara ləkə gətirmək istəmirəm. Bilirəm ki, onlar anaya, ataya baxırlar, kirayələrdə qalırlar. Onların yaşı da azdır, sözüm onlara deyil. Sözüm bu gün meydanda kiminsə hesabına at oynadanlarıdır. Hər gözəlin bir dövranı olur. Onların da bir dövranı var.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər