• cümə axşamı, 25 aprel, 20:32
  • Baku Bakı 21°C

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

11.04.18 00:01 849
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
Bu gün -aprelin 11-də Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək. Sechki-2018.az saytının xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası(MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq. Səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən ZahidOrucvə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).
Bu gün 5 milyon 315 minə yaxın seçici 5 min 641 seçki məntəqəsində səs verəcək. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək. Seçkiyə hazırlıq işləri yüksək səviyyədə görülüb, zəruri şərait yaradılıb. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. İlk dəfə Azərbaycanda tətbiq olunan bu praktikanın əsas üstünlüyü veb-kameraların onlayn rejimdə fəaliyyət göstərməsidir. Dünyanın istənilən yerindən heç bir məhdudiyyət olmadan MSK-nın saytına daxil olub seçki prosesini izləmək mümkündür. Bu təcrübə Azərbaycandan sonra digər ölkələrdə də tətbiq edilməyə başlanıb.
Seçkiləri 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi işıqlandıracaq. 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi səsvermənin gedişini izləyəcək. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
"Els” Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way” təşkilatı ilə birlikdə "exit-poll” keçirəcək.
MSK sədri Məzahir Pənahov dünən keçirilən mətbuat konfransında bildirib ki, 125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb. M.Pənahov deyib ki, seçkilərlə bağlı müşahidə aparmaq istəyən heç bir şəxsə nə hər hansı Seçki Dairəsində, nə də MSK-da mənfi cavab verilməyib.
banner

Oxşar Xəbərlər