• cümə axşamı, 25 aprel, 10:09
  • Baku Bakı 14°C

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq

10.04.17 10:15 959
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq
Bu gün Bakı qəsəbələrində keçiriləcək daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
"Report"un məlumatına görə, əvvəlcə "Zirə" və "İnter" komandaları üz-üzə gələcək.
Bu görüş hər iki tərəf üçün mühüm əhəmiyyətə malikdir. Qonaqlar uduzmasalar, ən azı bürünc medalları təmin edəcəklər. Qələbə təqdirində, "İnter" hətta ilk 2 pilləyə iddiasını nəzəri cəhətdən saxlayacaq. Qarşılaşmada qalib müəyyənləşməsə, çempionluğa cəmi 2 iddiaçı - "Qarabağ"la "Qəbələ" qalacaq. "Zirə" isə qələbə qazanmaqla ən azı Avropa Liqasına vəsiqə verən 4-cü pillədə möhkəmlənmək istəyir. Çünki bu pilləyə "Sumqayıt", "Kəpəz" və hətta "Neftçi" də iddialıdır.
"Zirə" və "İnter" indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Oyunlardan tərəflər hərəyə 1 qələbə və 5 heç-heçə ilə ayrılıblar. Topların nisbəti də bərabərdir - 5:5. İlk 3 dövrədəki oyunların hamısı eyni hesabla nəticələnib - 1:1. Daha bir özəllik ondadır ki, meydan sahibi olan komanda heç vaxt uduzmayıb.
Turun son oyununda isə Şüvəlanda AZAL "Sumqayıt"ı qəbul edəcək. Artıq Premyer Liqada sonuncu yeri tutacaqları rəsmiləşən "təyyarəçilər"dən fərqli olaraq, "gənclik şəhəri" təmsilçisinə mütləq qələbə lazımdır. Bu, xüsusən, "Zirə"nin məğlub olacağı təqdirdə, böyük əhəmiyyət kəsb edəcək. Düzdür, xal itkisi də Samir Abasovun baş məşqçi olduğu komandanı 5-ci pillədə saxlayacaq. Amma qalan 3 turda "Sumqayıt" daha aşağı pillələrə enməmək üçün autsayderlə görüşdən qalib ayrılmağı bacarmalıdır.
Tərəflər arasında əvvəlki 23 oyunda AZAL 8, "Sumqayıt" 5 qələbə qazanıbsa, 10 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti "təyyarəçilər"in xeyrinədir - 29:23. Digər tərəfdən, AZAL öz meydanında "Sumqayıt"la keçirdiyi 11 oyunun hamısında qol vurub və heç vaxt uduzmayıb. Ümumilikdə isə son 10 qarşılaşmada qonaq tərəf qələbə qazana bilməyib. İlk 2 dövrədə 1:1 hesablı heç-heçə qeydə alınıbsa, üçüncü dövrənin oyununda "Sumqayıt" AZAL-dan üstün olub - 1:0.
Azərbaycan Premyer Liqası: XXV tur
10 aprel (bazar ertəsi)
"Zirə” – "İnter”
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu, 15:00 (CBC Sport / canlı)
AZAL – "Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
"AZAL Arena”, 17:30 (CBC Sport / canlı)
Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə isə qol vurulmayıb - 0:0.
banner

Oxşar Xəbərlər