• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Bu gün Arif Quliyevin 63 yaşı tamam olur

16.05.13 09:57 4363
Bu gün Arif Quliyevin 63 yaşı tamam olur
Arif Quliyev doğum gününün təəssüratlarını Simsar.az-la bölüşüb:
“Mayın 16-sı 63 yaşım tamam olur, bu tarixdə anadan olanların da ad günlərini təbrik edirəm, onlara ən xoş arzularımı bildirirəm, qoy həmişə ürəkləri istəyən həyatları Allah onlara qismət etsin. Hər zaman sevdiyi insanların ətrafında olsunlar və bir-birinin qayğısına qalsınlar. Qısa zamanlı ömürdən mənalı, dəyərli istifadə etsinlər, çünki başlanğıcıyla sonu olan həyatda insanlar bir-birinə mehriban olmalıdırlar. Bu il mənim təqaüdə çıxan ilimdir. 63 yaş əzablı, zəhmətli yolların davamı deməkdir. 63 yaşa çatmışam və yol gedirəm, bu, mənim ömrümün davamı və qalanının başlanğıcıdır desəm, səhv etmərəm. Bəxtiyar Vahabzadə çox gözəl deyib, “Yaşamaq yanmaqdır, yanasan gərək”.
İnsan varsa, onsuz da həmişə əzab, əziyyət var və biz bu dünyaya əziyyət çəkmək üçün gəlmişik. Əziyyət çəkirik ki, onun bəhrəsini görək. İnsan varsa, əziyyətli olmalıdır, oraya düşüb bərkiyir, mətinləşir, öz varlığını təsdiq edir”.
Arif Quliyev 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
A.Quliyev müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Yol əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir. Hal-hazırda A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb. 1993-cü ildə A.Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. 1994-cü ildə o, xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrda qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər