• cümə axşamı, 18 aprel, 21:36
  • Baku Bakı 21°C

“Bu, gələcəyin təhsilidir, bütün dünya bu təhsili inkişaf etdirir”

27.05.17 09:30 4790
“Bu, gələcəyin təhsilidir, bütün dünya bu təhsili inkişaf etdirir”
Ənənəvi təhsil metodu ilə yanaşı, bu gün dünyada distant təhsilin tətbiqi ilə bağlı işlər görülür. 2009-cu ildən etibarən ölkəmizdə "Təhsil Haqqında” Qanuna təhsil üsullarından biri olaraq distant təhsil də əlavə edilib. Zaman-zaman müzakirə mövzusu olan distant təhsilin universitetlərimizdə tətbiqi ilə bağlı işlər görülməkdədir.Amma bu mövzu ilə bağlı hər kəsdə müəyyən suallar yaranır. Distant təhsildən necə və kimlər yararlana biləcək? Universitetlərimiz buna hazırdırmı? Təhsil haqları necə olacaq? Bu kimi bir çox suallar ətrafında ölkəmizdə Distant Təhsil Platforması hazırlayan, "Erasmus+” və "Tempus” beynəlxalq təhsil layihələrinin regional koordinatoru, Azərbaycan Texniki Universitetinin Texnoloji Komplekslər və Xüsusi Texnika Kafedrasının müdiri, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Həsən Hüseynovla söhbətləşdik.
- Distant təhsil platforması üzərində işləyirsiniz. Platforma necə olacaq? Hazırlıqlar necə gedir?
- Artıq Avropa İttifaqı ilə iki layihə yerinə yetirilir. "Tempus” və "Erasmus+”. Birinci layihə yekunlaşmaq ərəfəsindədir, ikincinin isə birinci ili gedir. Hər iki layihə üzrə avropalı ekspertlərlə işləyirik. "Tempus” layihəsi üzrə Fransanın Qrenobl Akademiyası, Portuqaliyanın Espinho ali məktəbi, İspaniyanın Jirona, İtaliyanın UNINETTUNO-TELEMATIKA, Rumıniyanın İoan Aleksandru Kuza, Botlqarıstanın Aqrobiznes, Yunanıstanın Aralıq dənizi Universitetləri ilə "Erasmus+” layihəsi üzrə isə Parisin CNAM, İspaniyanın Sevilya, Almaniyanın Leyptsiq Texniki Universiteti, İtaliyanın UNINETTUNO-TELEMATIKA universiteti ilə işləyirik. UNINETTUNO-TELEMATIKA universiteti distant təhsil üzrə dünyəvi şəbəkədir. Bütün dünya üzrə distant təhsil təşkil edir. Bu universitet bizimlə çox aktiv işləyir. "Erasmus+” layihəsi çərçivəsində bu yaxınlarda UNINETTUNO-TELEMATIKA universiteti ilə layihənin Azərbaycandan olan tərəfdaş universitetləri arasında skayp konfrans keçirildi. "Erasmus+” layihəsinin Azərbaycandan olan tərəfdaşları - Azərbaycan Texniki Universiteti (regional koordinator), Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin hər birindən 2 tyutor və 2 texniki işçinin qatıldığı skayp konfransda onların gələcək fəaliyyətləri ətraflı izah edildi.
- Tyutorların iştirakı maraqlıdır. Bu təhsildə onların işi nədən ibarətdir?
- Distant təhsildə tyutorların fəaliyyəti çox vacibdir. Tələbə ilə müəllim arasındakı interaktiv fəaliyyəti onlar təşkil etməlidirlər. Onlar informasiya texnologiyalarını yaxşı bilməli, mükəmməl xarici dil bacarıqlarına malik olmalıdırlar. İyul ayının 10-16-da hər universitetdən bir tyutor İtaliyanın UNINETTUNO-TELEMATIKA universitetində bir həftəlik seminara qatılmalıdırlar.
- İlkin mərhələdə bu pilot layihə olaraq başlanılacaq, yoxsa...
- Azərbaycan təhsil qanununda distant təhsil nəzərdə tutulub. Amma bu gün üçün distant təhsilin müvafiq normativ-hüquqi bazası yoxdur. Mart ayında Telematika Universitetindən iki rəhbər işçisi ölkəmizdə qonaq oldu. Biz burada bir neçə seminar keçirdik, Təhsil Nazirliyində, Milli Məclisin Elm və Təhsil komitəsində olduq. Təhsil Nazirliyi bu məsələlərdə çox maraqlıdır və bizə yaxından köməklik edir. Nazirlikdəki görüşdə pilot layihənin ilk olaraq qiyabi təhsildə, təkmilləşdirmə kurslarında və əlavə təhsil xidmətlərində tətbiqi müzakirə edildi. Buna görə Təhsil Nazirliyi bizdə olan 3 ixtisasa qiyabi təhsil qrupları verdi. Layihəyə ilk olaraq əmək bazarının tələbini öyrənməklə başladıq. 500 nəfər peşəkar işçi arasında 30-a qədər meyar əsasında sorğu keçirdik, binaların enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri üzrə 3 prioritet peşə, onlara uyğun ümumi və spesifik kompetensiyalar müəyyənləşdirdik. Layihənin Azərbaycandan olan tərəfdaş universitetlərinin hər biri üçün bir ixtisas seçildi. Layihənin əvvəlində tərəfdaş universitetlərin rektorları, aparıcı mütəxəssisləri və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət 9 nəfərlik heyət Fransanın Paris şəhərində olan CNAM Universitetində strateji təlim seminarında oldu. CNAM Fransanın ən qədim universitetlərindəndir. 450 adda diplom verir, 100 min tələbəsi var. Qayıdandan sonra hər 3 universitet üçün layihə çərçivəsində Strateji fəaliyyət planı tərtib olundu. Daha sonra tərəfdaş universitetlərdən 7 nəfər müəllim CNAM universitetində həmin ixtisaslar üzrə təkmilləşdirmə kurslarında oldular.
- İlk ali təhsili distant almaq mümkün olacaq?
- Ölkəmizdə distant təhsillə bağlı müəyyən hüquqi-normativ bazanın olmadığı üçün tam dəqiq nəsə demək olmur. Amma distant təhsilin üstünlüyü çoxdur. Bu təhsil növü ilə biz bilavasitə beynəlxalq təhsil məkanına inteqrasiya oluna bilərik. Məsələn, bizim tələbələr Avropanın hansısa görkəmli bir mütəxəssisinin mühazirələrini dinləmək imkanlarına malik olur. Hüquqi bazanın yaradılması ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsində müzakirələrimiz oldu. Gələcəkdə, görünür, Təhsil Haqqında Qanuna distant təhsillə əlaqədar müəyyən əlavələr hazırlamaq lazım gələcəkdir.
- Universitet tələbəyə təkcə təhsil vermir, eyni zamanda gənclərin sosial aktivliyinə şərait yaradacaq bir çox işlər görülür. Bəs tələbə ilk ali təhsilini distant alsa, o sosial aktivlik cəhətdən geri qalmayacaq?
- Düz qeyd edirsiniz. Distant təhsildə müxtəlif istiqamətlərdə onlarla kompetensiyaların aşılanması nəzərdə tutulur. Tüninq metodologiyasında 85 ümumi kompetensiya nəzərdə tutulub ki, onlardan 30-u geniş yayılıb. 8-i isə çox vacib sayılır. Kompetensiyalar üç növdür: alət qurma, münasibət qurma və sistemlilik kompetensiyaları. Sizin dediyiniz sosial aktivlik münasibətlər kompetensiyaları vasitəsilə təmin olunacaqdır. Distan təhsil elektron təhsildir və əsasən istehsalatda işləyənlər üçün nəzərdə tutulur. İstehsalatda işləyən mütəxəssislər arasında kifayət qədər sosial münasibətlər vardır və onları inkişaf etdirmək vacib şərtdir.
- Təcrübəsini öyrəndiyiniz ölkələrdə ilk ali təhsil distant olurmu?
- Bu amil abituriyentdən asılıdır. Kim hansı təhsil növünü istəyirsə, onu da seçir.
- Bizdə elektronlaşma sürətlə getsə də, onlayn xidmətlərə alışma səviyyəsi hələ yüksək deyil. Sizcə, distant təhsilə maraq olacaq?
- Bu, gələcəyin təhsilidir, bütün dünya distant təhsili inkişaf etdirir. Rusiya, Qazaxıstan və Gürcüstanda bununla bağlı böyük işlər görülür, hüquqi-normativ baza yaradılır. Bütün dünya distant təhsillə maraqlanır və onu təkmilləşdirməyə, öz təhsil sisteminə uyğunlaşdırmağa çalışır. Distant təhsil işçiyə iş yerindən ayrılmadan elektron təhsil almaq, təkmilləşmək imkanı verməlidir. Kompüterləşdirmə elmi-texniki tərəqqini sürətlə inkişaf etdirir, müasir fəhlə dəzgahın arxasında deyil, artıq onun yanında dayanır, operator funksiyasını yerinə yetirir. Hər bir iş yerində yeni texnologiyaların, proqram-metodiki komplekslərin tətbiqinə tələbat vardır. Yəni yeni təhsil paradiqmi müəllimə, kafedraya yox əmək bazarına, müəssisəyə, iş yerinə istiqamətlənməni nəzərdə tutmalıdır.
- 30 Avropa universitetinin distant təhsilini öyrənibsiniz. Distan təhsil ənənəvi təhsilin verdiyi nəticəni nə dərəcədə verə bilir?
- Onu müqayisə etmək çətindir. Çünki distant təhsil hələ yeni-yeni tətbiq olunmağa başlayır. Hər ölkənin, hər universitetin tətbiq etdiyi formatda fərqlilik vardır. Ümumi məxrəcə gəlmə yoxdur. Aydın məsələdir ki, distant təhsil zamanın, müəssisələrdəki işçilərin təkmilləşdirilməsinin, əmək bazarının tələbidir.
- Hər ölkənin, universitetin tətbiq etdiyi distant təhsildə fərqlər olduğunu dediniz. Əsas fərqlər nələrdir və maraqlıdır, ölkəmiz üçün ortaq bir üsul seçilibmi?
- Azərbaycan üçün hələ ilkin pillədir. Biz hələ pilot layihəsi üzərində işləyirik. Layihə çərçivəsində mobil studiyaların alınması nəzərdə tutulub. Müəllimlərin mühazirələri yazılacaq, sonra multimedia vasitələri ilə səs, animasiya multiagentli texnologiyalarla yüklənəcəkdir. Məsələn, Cənubi Koreyada distant təhsil verilən Kiber texnologiyalar universitetində mühazirə oxudum. Mobil studiya mühazirəni yazıb, qonşu sexə ötürdü, həmin sexdə 20-yə qədər mütəxəssis işləyirdi. Biri ona səs, biri rəng, digəri animasiya verir, başqa biri laboratoriya bazasında real prosesi göstərir və mühazirə efirə göndərilir və ya kompakt diskə yazılır. Normativ-hüquqi baza çox vacib məsələdir. Bir də, nəzarət mexanizmi güclü olmalıdır. Həmin tələbə dərsdə necə iştirak edir? Verilən tapşırıqları necə hazırlayır və təhvil verir? Tyutorlar və texniki işçilər tərəfindən kreditlərə nəzarət olunacaq. Hər bir kredit müəyyən həcmdə iş görməyi və həmin işin nəticələrini qiymətləndirməyi nəzərdə tutur. Distant təhsil o demək deyil ki, mühazirəyə qulaq asdı və iş bitdi. O, eyni zamanda, dərsləri hazırlamalı, məşğələ və laboratoriya işlərini yerinə yetirməli, başqa sözlə desək, imtahanqabağı balları yığmalı və imtahan verməlidir.
- Bizim universitetlərin hamısında bu təhsili vermək üçün lazım olan şərait var?
- Aydındır ki bütün ali təhsil müəssisələri buna hazır deyil. Ona görə, ilk olaraq Təhsil Nazirliyi üçün ümumi bir texnoloji platforma yaradılacaq, pilot layihə kimi sınaqdan çıxarılacaq. Söhbət diplom verməkdən gedirsə, bu, çox məsuliyyətli işdir. Ona görə bütün hüquqi-normativ baza hazırlanmalıdır. Hər saatın arxasında müəyyən zəhmət, təhsil durmalıdır ki, nəticədə diplom verilsin.
- Distant təhsildə təhsil haqqının necə təyin olunması da maraqlıdır. Ödəniş ənənəvi təhsildən aşağı olur, yoxsa yuxarı?
- Bu, artıq universitetin öz işi olacaq. Təhsil haqqını hesablamaq üçün texniki-iqtisadi əsaslandırmalar aparmaq lazım gələcək.
- Dünya təcrübəsində distant təhsillə ənənəvi təhsilin qiymətlərini müqayisə edək...
- Mən buna cavab verə bilmərəm. O, universitetin səviyyəsindən asılı olacaq. Universitetin bu gün hansı vəziyyətdə olması önəmli məsələdir. Elə universitet var ki, onlarda elektron təhsil kontentləri var. Eləsi var ki, yenidən yaradılacaq. Müraciət edən şəxsin hansı sahə üzrə distant təhsil istəməsinə də baxılacaq. Yəni, burada spesifik nüanslar çoxdur.
- Müəyyən araşdırmalar aparıbsınız. Distant təhsilin mənfi hansısa tərəfləri varmı?
- Bu, artıq iş prosesində məlum olacaq. Əlbəttə, nəzarət güclü olmalıdır. Ortaya çıxan problemləri zamanla, məsləhətlə, qabaqcıl dünya təcrübəsini öyrənməklə aradan qaldıracağıq. Birinci dəfədən heç bir texnologiya mükəmməl tətbiq olunmur.
- Bütün ixtisaslar üzrə distant təhsil verilməsi mümkündür?
- Nəzəri cəhətdən mümkündür. Amma universitetlərin potensiallarından da çox şey asılıdır. Bizdə bu sahədə bir az problemlər olacaq. Çünki bizdə bu cəhətdən müəyyən qeyri-bərabərlik mövcuddur. Universitetlərimizdə əsas professor heyəti 65-70 yaş həddindədir. Onlar yaxşı elmi məktəbi olan, sovet dövründə yetişmiş mütəxəssislərdir. Amma müasir informasiya-kommunikasiya, dil kompetensiyaları onlarda əsasən zəifdir. Gənc kadrlarda isə əksinə, Avropa dillərini bilmək, informasiya texnologiyaları ilə tanışlıq nisbətən yüksəkdir. Amma elmi bilikləri yaşlı mütəxəssislərdəki kimi dərin deyil. Onlar dərin elmi bilik üçün bəzən çalışmırlar da. Bu cəhətdən bizim sistemdə uyğunsuzluqlar mövcuddur.
- Belə qənaətə gəldim ki, qabiliyyət tələb edən ixtisaslarda distant təhsil vermək çətin olacaq...
- Düzdür, nəzəri məlumatların üstünlük təşkil etdiyi ixtisaslarda distant təhsil çoxdan var. Amma mühəndis hazırlığında distant təhsilin bəzi çətinlikləri var. Çünki laboratoriya işləri həyata keçirilməlidir. Bu məsələ ilə CNAM universitetində maraqlandıq. Bildirdilər ki, laboratoriya işlərinin bir çoxunu elektron şəkildə də icra etmək olar. Amma bəzi laboratoriya işləri üçün mütləq qurğularla işləmək lazımdır. Laboratoriya bazasında işləmək lazım gəldikdə, tələbələrlə qruplar təşkil edilir və onlar 15-20 gün universitetə gəlib laboratoriya işlərini yerinə yetirib, kreditlərini alırlar.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər