“Bu film hətta alın yazısını da dəyişdirə bilər” - Onun film seçimi
"Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir,
həm də ki, vacib”. Rəhmətlik Səməndər Rzayevin "Bəyin oğurlanması” filmindən
olan bu replikası çoxlarımıza tanışdır. Aktyorun dediyi kimi, qəliz olan
kinonun, vacib məqamları da çoxdur. Fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə
də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları
düşündürməyə çalışmaq. Bu dəfə rubrikamızın qonağı tədqiqatçı-jurnalist
Səbuhi Rəhimlidir.
Müsahibimiz deyir ki, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsində kinematoqrafiya
üzrə təhsil alıb: "Xalq artistləri Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Fuad
Poladov kimi sənətkarların məktəbini keçdiyim üçün təbii olaraq filmlərə
münasibətim sıravi bir tamaşaçı baxışı ilə eyni olmaya bilər. Hazırda
Azərbaycan mühitinə uyğun, düşündürücü və maarifləndirici filmlərin üzərində
dayanmaq lazımdır. Mənim şəxsi zövqümü bilmək istəyirsinizsə, hər cür-melodramdan
tutmuş trillerə qədər bütün janrları sevirəm. Amma daha çox fəlsəfi-psixoloji,
siyasi filmlərə üstünlük verirəm”.
İlk film Çin Xalq Respublikasının istehsalı olan "Ön cəbhə”dir: "Bu ekran əsərində demək
olar ki, savaşın bütün cinahları, mənəvi-psixoloji təsirləri, bədbin və nikbin
tərəfləri, döyüş əzmkarlığının necə əldə olunması çox yüksək səviyyədə lentə
alınıb. Qarabağda bəzi döyüşlərin şahidi olan keçmiş könüllü kimi, bu filmdə
əsl döyüşün necə olduğunun ən xırda detallara qədər yaradıldığını təsdiq edə
bilərəm”.
"Bir nəfəs
yetər” filmi onun
ikinci seçim oldu: "İnsanlarımızın sosial-psixoloji durumunda mövcud olan
geriləmə, daxili gərginlik və ümidsizlik vadar edir ki, bu filmə baxsınlar.
Bütün bunlardan qurtulmaq, ümidli və güclü olmaq üçün Türkiyə istehsalı olan bu
filmə baxmaqlarını məsləhət görürəm. Bu kino bütün dünyada çox məşhurdur: rus,
ingilis, fransız, italyan, ispan və ərəb dillərində milyonlarla insana təqdim
olunub. Filmə baxan tamaşaçı anlayır ki, sevgini, daxili inamı, hətta alın
yazısını da dəyişdirə bilər”.
Üçüncü film hind kinematoqrafiyasından oldu: "Son
illər tamaşaçılarımızın siyasi filmlərə baxış sayı durmadan artır, hətta
tələbatı nəzərə alan kinematoqrafçılar məlum mövzuda seriallar da çəkməkdədir.
Mən ən incə məqamları özündə cəmləşdirən, siyasətin çirkin və müsbət
tərəflərindən danışan bir filmin adını çəkmək istəyirəm. Hind
kinematoqrafçılarının lentə aldığı "Amansız”filmi. Məşhur kino ulduzu Amitabh Baççanın baş rolu ifa etdiyi filmdə
dövlətçiliyə zərbə vuran, milli dəyərləri ayaq altına atan, maddi ehtirasını
təmin etmək üçün vətənə xəyanət edən ünsürlərin təmizlənməsi metodu çox sadə
şəkildə ortaya qoyulur. Onu da deyim ki, bu ekran əsərində özünü görən
diktatura rejimli bir çox ölkələr filmin nümayişini qadağan edib”.
Dördüncü seçim "Payitaht. Sultan Əbdülhəmid” seriallarıdır: "Əbdülhəmidin
hakimiyyətdə olduğu dönəm Azərbaycan üçün də həssas dövr olub və film
vasitəsilə bəzi gizli mətləbləri bilmək insanlarımız üçün çox vacibdir. Bundan
başqa, seyr edənlər siyasi oyunların tərtibini, siyasi liderin keyfiyyətlərini,
xeyir və şərin açıq-gizli mübarizəsini açıq şəkildə görə bilirlər”.
"Azərbaycan filmlərinin adını ona görə çəkmirəm ki,
onsuz da hamının məlumatı var” deyən həmsöhbətimiz qeyd edir ki, bütün hallarda,
adını çəkdiyi filmləri insanlarımız üçün vacib sayır: "5-ci film əvəzinə,
istərdim ki, dünya kino irsinə böyük töhfələr vermiş rejissorların adını çəkim,
tamaşaçılarımız da onların filmlərini tapıb izləsinlər: Stiven Spilberq, Miloş
Forman, Frensis Ford Koppala, Alfred Hiçkok, Ceyms Kameron, Corc Lukas, Patris
Lekont, Çjan İmou, Kristofer Nolan, Ridli Skot”.
Günel Azadə