• cümə axşamı, 25 aprel, 12:38
  • Baku Bakı 23°C

“Bu film hətta alın yazısını da dəyişdirə bilər” - Onun film seçimi

28.04.18 10:30 1829
“Bu film hətta alın yazısını da dəyişdirə bilər” - Onun film seçimi
"Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib”. Rəhmətlik Səməndər Rzayevin "Bəyin oğurlanması” filmindən olan bu replikası çoxlarımıza tanışdır. Aktyorun dediyi kimi, qəliz olan kinonun, vacib məqamları da çoxdur. Fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşündürməyə çalışmaq. Bu dəfə rubrikamızın qonağı tədqiqatçı-jurnalist Səbuhi Rəhimlidir.
Müsahibimiz deyir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsində kinematoqrafiya üzrə təhsil alıb: "Xalq artistləri Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Fuad Poladov kimi sənətkarların məktəbini keçdiyim üçün təbii olaraq filmlərə münasibətim sıravi bir tamaşaçı baxışı ilə eyni olmaya bilər. Hazırda Azərbaycan mühitinə uyğun, düşündürücü və maarifləndirici filmlərin üzərində dayanmaq lazımdır. Mənim şəxsi zövqümü bilmək istəyirsinizsə, hər cür-melodramdan tutmuş trillerə qədər bütün janrları sevirəm. Amma daha çox fəlsəfi-psixoloji, siyasi filmlərə üstünlük verirəm”.
İlk film Çin Xalq Respublikasının istehsalı olan "Ön cəbhə”dir: "Bu ekran əsərində demək olar ki, savaşın bütün cinahları, mənəvi-psixoloji təsirləri, bədbin və nikbin tərəfləri, döyüş əzmkarlığının necə əldə olunması çox yüksək səviyyədə lentə alınıb. Qarabağda bəzi döyüşlərin şahidi olan keçmiş könüllü kimi, bu filmdə əsl döyüşün necə olduğunun ən xırda detallara qədər yaradıldığını təsdiq edə bilərəm”.
"Bir nəfəs yetər” filmi onun ikinci seçim oldu: "İnsanlarımızın sosial-psixoloji durumunda mövcud olan geriləmə, daxili gərginlik və ümidsizlik vadar edir ki, bu filmə baxsınlar. Bütün bunlardan qurtulmaq, ümidli və güclü olmaq üçün Türkiyə istehsalı olan bu filmə baxmaqlarını məsləhət görürəm. Bu kino bütün dünyada çox məşhurdur: rus, ingilis, fransız, italyan, ispan və ərəb dillərində milyonlarla insana təqdim olunub. Filmə baxan tamaşaçı anlayır ki, sevgini, daxili inamı, hətta alın yazısını da dəyişdirə bilər”.
Üçüncü film hind kinematoqrafiyasından oldu: "Son illər tamaşaçılarımızın siyasi filmlərə baxış sayı durmadan artır, hətta tələbatı nəzərə alan kinematoqrafçılar məlum mövzuda seriallar da çəkməkdədir. Mən ən incə məqamları özündə cəmləşdirən, siyasətin çirkin və müsbət tərəflərindən danışan bir filmin adını çəkmək istəyirəm. Hind kinematoqrafçılarının lentə aldığı "Amansız”filmi. Məşhur kino ulduzu Amitabh Baççanın baş rolu ifa etdiyi filmdə dövlətçiliyə zərbə vuran, milli dəyərləri ayaq altına atan, maddi ehtirasını təmin etmək üçün vətənə xəyanət edən ünsürlərin təmizlənməsi metodu çox sadə şəkildə ortaya qoyulur. Onu da deyim ki, bu ekran əsərində özünü görən diktatura rejimli bir çox ölkələr filmin nümayişini qadağan edib”.
Dördüncü seçim "Payitaht. Sultan Əbdülhəmid” seriallarıdır: "Əbdülhəmidin hakimiyyətdə olduğu dönəm Azərbaycan üçün də həssas dövr olub və film vasitəsilə bəzi gizli mətləbləri bilmək insanlarımız üçün çox vacibdir. Bundan başqa, seyr edənlər siyasi oyunların tərtibini, siyasi liderin keyfiyyətlərini, xeyir və şərin açıq-gizli mübarizəsini açıq şəkildə görə bilirlər”.
"Azərbaycan filmlərinin adını ona görə çəkmirəm ki, onsuz da hamının məlumatı var” deyən həmsöhbətimiz qeyd edir ki, bütün hallarda, adını çəkdiyi filmləri insanlarımız üçün vacib sayır: "5-ci film əvəzinə, istərdim ki, dünya kino irsinə böyük töhfələr vermiş rejissorların adını çəkim, tamaşaçılarımız da onların filmlərini tapıb izləsinlər: Stiven Spilberq, Miloş Forman, Frensis Ford Koppala, Alfred Hiçkok, Ceyms Kameron, Corc Lukas, Patris Lekont, Çjan İmou, Kristofer Nolan, Ridli Skot”.
Günel Azadə
banner

Oxşar Xəbərlər