Bu festivalda gənclər özlərini realizə edir

Bu festivalda gənclər özlərini realizə edir

Müsahibə
23 Oktyabr 2012, 09:10 1631
Ötən il keçirilən Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı yəqin ki, xatirinizdədir. Bu il isə Ramil Ağasıyevin icraçı direktorluğu ilə Ekologiya mövzusunda Gənclərin II Ümumrespublika Teatr Festivalı 23-30 noyabr tarixlərində Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Elə bu məqsədlə R.Ağasıyevdən festival barədə fikirlərini aldıq:

- Festivalların keçirilməsində məqsəd nədən ibarətdir?

- Azərbaycanda ürəyi teatrla, kinoyla, musiqiylə döyünən istedadlı gənclərimiz çoxdur. Belə festivallar onların özlərini realizə etmələri üçündür. Adətən gənclərimiz teatrda, ekran qarşısında özlərini tam realizə edə bilmirlər. Bizim festivalda gənclərə mövzu verilir və bu mövzu çərçivəsində onlar özlərini göstərmək imkanı qazanırlar. Həmçinin, festival çərçivəsində qoyduğumuz mövzularla gəncləri pis vərdişlərdən uzaqlaşdırmağa cəhd göstəririk.

- Hazırda gənclərin teatra cəlb olunması ilə bağlı bir çox teatrlarımız bir sıra layihələr irəli sürür və bunun sayəsində gənc kadrlar teatra cəlb olunur. Sizcə, bu qənaətbəxş deyilmi?

- İncəsənət Universitetində ildə 100-dən çox rejissor məzun olur. Mənim düşüncəmə görə, bu düzgün deyil, absurddur. Əvvəllər İncəsənət Universiteti “Malakan bağı”nda yerləşəndə maksimim 6-7 rejissor yetişirdi. İçlərindən 1-2 nəfər rejissor kimi fəaliyyət göstərirdi. İndi rejissorların kütləvi şəkildə konveyer kimi buraxılması məqsədəuyğun deyil. 2012-ci ildə belə bir qərar qəbul olundu ki, teatrların nəzdində studiyalar yaradılsın, gənc kadrlar yetişdirilsin. Məndə olan məlumata görə, “YUĞ”, Pantomim teatrlarında, Lənkəranda belə studiyalar var.

- Özünüz də rejissorluq fakultəsini bitirmisiniz, bəs siz necə, tamaşa hazırlayırsınızmı?

- Hazırda tamaşa üzərində işləmirəm, festivalda iştirak edən gənclərin tamaşalarında onlara kömək etməyə çalışıram, yəni öz fikrilərimi söyləyirəm. Gənclərin hazırladıqları tamaşaların daha peşəkar, daha xoşagələn olmasına çalışıram. Rejissor kimi isə ”Günah” filmi üzərində işləyirəm. Filmin işıq üzü görməsi barədə qabaqcadan məlumat verə bilməyəcəyəm, çünki nə zaman hazır olacağını öncədən deyə bilmərəm. Filmin mövzusu uşaq evləri ilə bağlıdır.

- Festivalda münsiflər heyəti qismində kimlər iştirak edəcək?

- Onu sirr olaraq saxlayacağıq. Komandaların özlərinə də bu, açıqlanmayacaq, onlar da festivalın sonuna kimi münsiflər heyətinin tərkibində kimlərin olacağını bilməyəcəklər. Keçən il açıqlamışdıq. Sonradan eşitdik ki, zəng vurub tapşırmaq istəyiblər. Belə halların baş verməsini istəmirik. Münsiflər tamaşalara adi tamaşaçı qismində baxacaqlar, onlara blank veriləcək və həmin blanka ballar yazılacaq. Həmin balnk bağlanıb yekunda açıqlanacaq.

- Münsiflər tamaşalar barədə öz fikirlərini söyləməyəcəklər?

- Xeyr, münsiflər heyəti tamaşaları müzakirə etməyəcək. Onların fikirləri kağızda olacaq. Yəni festivalda ən yaxşı ssenari, ən yaxşı aktyor, ən yaxşı rejissor işi, ən yaxşı tamaşa ballar əsasında müəyyənləşəcək.

- Bəs layihəni kim maliyyələşdirir?

- Ekologiya mövzusunda Gənclərin II Ümumrespublika Teatr Festivalı Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında maliyyələşəcək.

- Festivalın öz qaydaları varmı?

- Yaş məhdudiyyəti 30-a qədərdir. Festival çərçivəsində tamaşaları hazırlayanlar peşəkar da ola bilər, qeyri-peşəkar da. Ancaq ssenarini gənclər özləri mövzuya uyğun olaraq yazmalıdırlar. Ekologiya ilə bağlı festivalın elə də ciddi qaydaları yoxdur. Keçən il millət vəkili Jalə Əliyevanın ideyası oldu ki, festival iştirakçıları üçün art-kamp keçirək. Bütün Avropa ölkələrində festivaldan öncə belə kamplar keçirilir. Keçən il Şüvəlanda təşkil etmişdik bu kampı və 100-ə yaxın gənc yığılmışdı. Art-kampda uşaqların fikir mübadiləsi aparıldı, əyləncələr oldu, ustad dərsləri keçirildi. Gənclər tamaşalarını ustad dərsləri vasitəsilə daha çox yetişdirməyə, yenidən hazırlamağa başladılar. Bu art-kampların böyük köməyi oldu festival iştirakçılarına. Oktyabrın 24-də iştirakçılarımız Bakıya gələcəklər və onlar üçün də art-kamplar keçiriləcək. Ustad dərslərini keçirmək üçün isə düşünürük ki, İncəsənət Universitetinin teatr kafedrasının müdiri Sevda Teymurovanı, Ramiz Novruzovu dəvət edək. Hələ ki fikirləşirik bu haqda, gündə iki və üç təlimçi gəlib dərslər keçsin.

- Festivallar hər il davamlı olaraq keçiriləcək, yoxsa necə?

- Biz istəyirik ki, hər il keçirilsin. Artıq 2-ci ildir ki, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və Turizm Nazirliyi bu sahəyə maraq göstərir. Növbəti festivalda biz Avropa ölkələrinin gənclərini dəvət etmək istəyirik. Əgər o ideyaya maraq olsa, yəqin ki, biz həmin layihəni də həyata keçirməyə şad olardıq. Qəbul olunsa, gələn il mövzu seçilib bu barədə tədbir keçiriləcək.

- Teatr festivallarının keçirilməsinin ideya müəllifi kimdir? Necə oldu ki, belə bir layihə reallaşdı?

- Mən incəsənət Universitetini bitirəndə diplom işini vətənpərvərlik mövzusunda hazırladım. Azər Cəfərin ssenarisi əsasında “Ata ocağı” tamaşasını hazırlamışdım. Mənim üçün doğma olan İlhamə Novruzovaya müraciət etdim ki, tamaşaya millət vəkili və tanınmış simalar dəvət etsin. Mən çox istəyirdim ki, tamaşama gənclər, dövlət işçiləri, müəllimlərim baxsınlar. Bu belə də oldu, tamaşam çox böyük polemika yaratdı. Millət vəkili Jalə Əliyevanın ideyası oldu ki, belə bir festival keçirilsin. Əvəllər içimdə qorxu vardı, bu barədə təcrübəm yox idi. Ancaq içimdə mübarizə əzmi olduğu üçün bu təklifi qəbul etdim.

- Festivala maraq necədir? Nə qədər gənc müraciət edib sizə?

- Keçən il vətənpərvərlik mövzusu olarkən bizə 50 nəfərə yaxın gənc ssenari göndərmişdi. İndi isə 100-ə yaxın ssenari göndərilib. Həmin ssenarilərin içərisindən 12-si seçilib. Ssenari müəlliflərinin 7-si Bakıdandır, 5-i regionlardan. İncəsənət Universitetindən 3 ssenari iştirak edir. Ümumiyyətlə, aktyor heyəti ilə bərabər 120-ə yaxın gənc bu festivalda iştirak edəcək. İncəsənət Universitetindən maraqlı, hətta mənim gözləmədiyim səviyyədə tamaşalar hazırlanıb. Rayonlarımızdan da müraciət edənlər olub ki, buraya Ağdam, Ucar, Zaqatala, Zərdab və Sumqayıt daxildir. Qəzetiniz vasitəsilə bütün insanları festivala maraq göstərməyə və gənclərimizə dəstək olmağa çağırıram. 24-30 noyabr tarixlərində onları tamaşalarımızı izləməyə dəvət edirik.

Xəyalə Rəis