• cümə, 19 Aprel, 18:05
  • Baku Bakı 24°C

“Bu fəaliyyət Rusiyanın özünün gözdən salınmasına yönəlib”

06.06.18 19:06 714
“Bu fəaliyyət Rusiyanın özünün gözdən salınmasına yönəlib”
Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinq zamanı "Trend” informasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolovun qurumun İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojininə ünvanlanan sualına cavabının sonradan dəyişdirilməsi birmənalı qarşılanmayıb. Rusiyanın xarici siyasət idarəsinin bir neçə dəfə azərbaycanlı jurnalistlərə qarşı atdığı qərəzli addımı Azərbaycan mediasının da etirazına səbəb olub. Belə ki, artıq bununla bağlı ölkənin aparıcı KİV-lərinin rəhbərləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovaya müraciət ünvanlayıblar.
Müraciəti imzalayan "Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev bildirdi ki, baş vermiş hadisə, yəni Rusiya XİN-in rəsmi saytdakı məlumatın Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə saxtalaşdırılması media rəhbərlərini çox narahat etdi: "Bizim narahatlığımızın da iki əsas mahiyyəti var. Birinci ondan ibarətdir ki, burada Azərbaycanın dövlət mənafeləri zərbə altında qoyulub. Çünki Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin ilkin həqiqi açıqlaması həm Qarabağ probleminin əsl mahiyyətinə, həm də bu münaqişənin həlli ilə bağlı ATƏT-in müəyyənləşdirdiyi və bütün dünyanın qəbul etdiyi həll çərçivəsinə tam şəkildə uyğun gəlirdi. Amma sonradan bunun dəyişdirilməsi, sözsüz ki, bizi narahat etdi”.
A.Quliyev qeyd etdi ki, ilk olaraq Qarabağ məsələsi ilə bağlı narahatlıq keçirdik: "İkincisi isə hədəfə götürülən subyekt bizim həmkarımız və Azərbaycanın aparıcı media orqanlarından biri olan "Trend” İnformasiya Agentliyi və onun müxbiri oldu. Burada Azərbaycanın nüfuzlu agentliyinin müxbirini bu cür qaralamaq, onu sanki danışmağı bacarmayan bir şəxs kimi təqdim etmək Rusiyanın Xarici İşlər Nazirliyi kimi bir struktura və onun rəsmisinə qəti şəkildə yaraşmır. Biz bu iki amili nəzərə alaraq, Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan mediası adından xüsusi bir münasibət bildirməyi lazım bildik. Düşündük ki, bu cür addımlar atmaqla həm gələcəkdə Azərbaycan mediasına münasibətdə bütün beynəlxalq strukturları daha korrekt davranmağa məcbur edə bilək, həm də Qarabağ probleminin həlli ilə bağlı vəziyyətin nə qədər həssas olduğunu əlaqədar qurumlar, o cümlədən Rusiyadakı müəyyən dairələr özləri dərk eləsinlər. Hesab edirəm ki, təcrübədə bunun böyük nəticələri olacaq”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli bildirdi ki, müraciət Rusiya Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbərinin mövqeyi ilə bağlıdır: "Bildiyiniz kimi, "Trend” İnformasiya Agentliyinin müxbiri tərəfindən ona ünvanlanan sualın qarşılığında Paşinyanın sərgilədiyi mövqenin qeyri-konstruktiv olduğunu bildirmişdi. Daha sonra fikrini dəyişdi və təbii ki, ermənilərin, ola bilsin Rusiya Xarici İşlər Nazirliyindəki ermənipərəst rəhbərliyin təzyiqi və təsiri altında tamamilə əks mövqe ortaya qoydu. Belə bir təəssürat yaratmağa çalışdılar ki, guya onun fikirləri Azərbaycan mətbuatında təhrif olunub. Əslində yayılan video materialdan da açıq görünürdü ki, burada təhrif olunmaqdan söhbət gedə bilməz”.
E.Mirzəbəyli vurğuladı ki, Rusiya XİN nümayəndələrinin Azərbaycan mediasına olan münasibətində qeyri-obyektiv mövqe sərgiləmələri ilk dəfə deyil: "Bu da şübhəsiz ki, iki dövlət arasındakı münasibətlərdən daha çox Rusiyanın Azərbaycan ictimai rəyindəki mövqeyinə çox ciddi təsir göstərir. Rusiya Xarici İşlər Nazirliyinin media ilə işləyən qurumunun fəaliyyəti sanki bilərəkdən bu ölkənin Azərbaycanda tamamilə gözdən salınmasına yönəlib. Hesab edirəm ki, bu bütövlükdə Rusiyanın maraqlarına zidd addımdır. Azərbaycan mediası Mariya Zaxarovaya öz etirazını bildirdi. Şübhəsiz ki, bu etiraz eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyətinədir. Biz öz etirazımızla Rusiya xarici siyasət idarəsini və ictimaiyyətini xəbərdar etmək istəyirik ki, belə fəaliyyət nəticə etibarı ilə münasibətlərə kifayət qədər ciddi xələl gətirir. Onsuz da Rusiyanın dünyada zədələnmiş imicini daha da zədələyir və qarşılıqlı münasibətlər üçün problemlər yaradır”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev son il yarımda Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqlərdə Azərbaycan jurnalistləri ilə bağlı baş verənləri təsadüf hesab etmir: "Təəssüf ki, Rusiya XİN-in əməkdaşlarının hamısı bizə münasibətdə sanki Sergey Lavrov kimi düşünürlər. O qədər həyasızlıq edirlər ki, brifinqdə dedikləri sözü asanlıqla başqa cür rəsmiləşdirirlər”.
N.Niftiyev bildirdi ki, Rusiya XİN rəsmilərinin belə davranışları ölkələrarası əməkdaşlığın gələcək inkişafına da yaxşı heç nə vəd etmir: "Ötən müddətdə Sergey Lavrovun Moskvada keçirilən mətbuat konfransında "Lider” TV-nin Rusiyadakı müxbirinə, Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın başqa bir azərbaycanlı jurnalistə qarşı qeyri-etik hərəkətləri, indi isə eyni qurumun başqa bir nümayəndəsinin "Trend” İnformasiya Agentliyinin əməkdaşına verdiyi cavabı kontekstdən çıxarması başadüşülən deyil. Onlar Rusiya Xarici İşlər Nazirliyində akkreditasiya olunan Azərbaycan media mənsublarına qarşı psixoloji həmlələr edirlər ki, Dağlıq Qarabağla bağlı suallar səsləndirməsinlər”.
N.Niftiyev əlavə etdi ki, konkret sonuncu fakt zamanı A.Kojinin cavabındakı "ümumiyyətlə” sözünün məlum səbəblərdən "sizin” sözü ilə əvəz edilməsi bilavasitə ifadədəki nəticəyə təsir göstərib: "Bu məsələyə qarşı "Trend”in etirazı, Azərbaycan Xarici İşlər Nazirliyinin münasibəti və Mətbuat Şurası sədri Əflatun Amaşovun sərt bəyanatı ölkə ictimaiyyətinin bu kimi məsələlərdə ayıq-sayıq olduğunu göstərdi. Əlbəttə, prosesdə Azərbaycanın bir qrup media rəhbəri də fəallıq nümayiş etdirdi. Biz də müraciət imzalayaraq Rusiya xarici siyasət idarəsinin mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya ünvanladıq. Amma ümumilikdə şəxsən mənim bu etirazlar nəticəsində Rusiya XİN rəsmilərinin Azərbaycana qarşı münasibətlərinin dəyişəcəyinə inamım yoxdur”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər