«Bu erotik səhnələr tamaşaçıları heyrətləndirməməlidir»

«Bu erotik səhnələr tamaşaçıları heyrətləndirməməlidir»

Mədəniyyət
29 Oktyabr 2012, 14:56 5227
Gecələr yoxlama dəftərləri üzərində işini qurtaran kimi tənhalıq ona hücum edir. Yatağına girib xısın-xısın ağlayır, boş qəlbi onun özünə qarşı üsyan edir. Bir gün keçmiş şagirdi çıxır onun qarşısına və o, yaşı keçmiş müəlliməyə illərdir qəlbində gəzdirdiyi, aça bilmədiyi sevgisini etiraf edir. Şagird dəridən-qabıqdan çıxıb müəllimənin qəlbindəki boş yeri tezliklə zəbt edir.

Müəllimənin qaranlıq dünyasına gur bir işıq saçılır. Kiməsə gərəkli olduğuna məmnun halda inanır, alışır, sevinir. Lakin keçmiş şagirdi müəllimənin saf hisləri, təmiz duyğularının qatilinə çevrilir. Lakin həqiqi qatilsə yelbeyin qızcığaz kimi aldanan, alçaldılan müəllimə olur. 41 yaşlı kimya müəlliməsini şirin sevgi sözləri ilə aldadan Oğlan sonradan onun şərəf və ləyaqətini tapdayır. Qaranlıq keçmişi olan gənc yalanlarla dolu həyatına günü yalnız şagirdləri ilə xəyalən söhbət edən, onların dəftərlərini yoxlayan Müəlliməni də daxil edir. Müəllimənin evində yaşayan, onun pulu, mövqeyindən istifadə edən oğlan onun anasından yeganə yadigar qalan üzüyünü də oğurlayır. Oğlan öz keçmiş acı həyatının qisasını tənha və bədbəxt müəllimədən alır.

Bu, Xalq yazıçısı Elçinin “Qatil” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın süjet xəttidir. Naxçıvan MR-in Əməkdar incəsənət xadimi rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsəri yeni versiyada – tam fərqli yozumda və tərtibatda hazırlanıb. “Qatil” 9 ildən sonra yenidən Akademik Milli Dram Teatrında sənətsevərlərin ixtiyarına verildi.
Gərgin dramatik xəttə malik olan iki hissəli faciəli əsər Azərbaycan teatr səhnəsində ilk dəfə olaraq sevgi səhnələri, hiss və həyəcan dolu məqamların zənginliyi ilə tamaşaçıların diqqətini cəlb edib. Birmənalı qarşılanmayan tamaşada Müəllimə rolunu Əməkdar artist Münəvvər Əliyeva, Oğlanı Hikmət Rəhimov, Polisi Əməkdar artist Elxan Quliyev, Qonşu obrazını Xalq artisti Səidə Quliyeva ifa edir. “Qatil”in quruluşçu rəssamı dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı Aygün Səmədzadədir.
Xatırladaq ki, ilk dəfə 1994-cü ildə səhnələşdirilən “Qatil”də Müəllimə rollunu Xalq artisti Şükufə Yusupova, Oğlanı Əməkdar artist Sabir Məmmədov canlandırıb.

“Azadinform”un suallarını cavablandıran əsas rolların ifaçıları Münəvvər Əliyeva və Hikmət Rəhimov tamaşanın pərdəarxası maraqlı məqamlarından danışıblar.

- “Qatil”də Azərbaycan tamaşaçılarının vərdiş etmədiyi sevgi səhnələrinin olacağını bilirdinizmi?

Münəvvər Əliyeva: - Bundan əvvəlki bir neçə tamaşada bu cür səhnələr var. Lakin “Qatil”də nisbətən çox olacağını bilmirdik. İndiyədək belə məqamları üstüörtülü edirdik, sevgi səhnələri aktyorların bir-birini sığallayıb-tumarlaması ilə təsvir edilirdi. Lakin artıq 21-ci əsrdir, geriyə yox, irəli ilə işləməliyik. Hər şeyi gözə alıb bu sənətə gəlmişik və bilirdik ki, sevgi səhnəsi də ola bilər, hər cür səhnələr də. “Qatil”də sevgi səhnələrinin çox olması normaldır, çünki bu əsər hisslər üzərində qurulub. Sevgini isə yalnız belə təsvir etmək olar.
Hikmət Rəhimov: - Azərbaycan dramaturgiyasında aktyorun öz potensialını ortaya qoya biləcəyi ikinci belə bir əsər tanımıram. Daim artan templə davam edən, tamaşaçıları gərgin vəziyyətdə saxlayan əsərdir. “Qatil”ə tələbəykən baxanda ürəyimdən Oğlan rolunu oynamaq keçmişdi. İndi tamaşaçıları güldürmək də, ağlatmaq da çətindir. Lakin məhz sevgi səhnələrinin sayəsində insanların qəlbinə toxunmaq olardı.

- Tamaşaçıların reaksiyası barədə düşündünüzmü?
Münəvvər Əliyeva: - Artıq tamaşaçılar televiziya ekranlarından bu cür səhnələrə alışıblar. Lakin biz həyatda olanları səhnədə göstəririk, tamaşa bir aynadır. Azərbaycan tamaşaçılarının çox izlədiyi türk film və serialları sevgi səhnələri ilə boldur. Əsas məzmunun çılpaqlığı ilə çatdırılması üçün artıq biz də bu cür məqamlardan istifadə etməliyik. Əgər açıq-saçıq səhnələr göstərilməsəydi, Oğlanın iç üzünü də açmaq mümkün olmazdı. Elə obrazlar var ki, ona görə nələrisə qurban verməyə dəyər. Bu sənətə gəlmişəmsə, sıradan biri olmaq istəmirəm.
Hikmət Rəhimov: - Bu, teatr və Azərbaycan səhnəsi üçün bəzi məqamlar ilk ola bilər. Lakin xarici tamaşalarda belə səhnələr normal qarşılanır. Əgər biz həyatı səhnəyə gətiririksə, bu, hərtərəfli təqdim edilməlidir. Tamaşaçılara açıq-saçıq təəssüratı bağışlayan səhnələrsə texnika sayəsində ərsəyə gəlir, əslində isə orada heç nə baş vermir. Rusiyanın məşhur aktyoru Sergey Bezrukov Heydər Əliyev sarayında iki mindən çox tamaşaçı qarşısında 4 dəqiqəlik erotik səhnə nümayiş etdirdi. Bizim tamaşaçılar bunu normal qarşıladısa “Qatil”dəki bəzi səhnələr də tamaşaçıları heyrətləndirməməlidir.

- Niyə məhz Müəllimə Oğlanın pis niyyətinin qurbanı oldu?
Münəvvər Əliyeva: - Düzdür, müəllimədən də gözəl və imkanlı qadınlar ola bilərdi. Lakin varlılar hisslərdən daha uzaq olur və soyuqqanlı, real düşünürlər. Kiçik qazancı ilə yaşayan müəllimə isə hiss adamıdır. Yalnız hisslərlə yaşayan insan aldana bilər. 10-15 il bundan əvvəl Türkiyəyə gedəndə bizim daha həssas, ruh insanları olduğumuzu düşünürdüm. Onlar mənə daha soyuqqanlı təəssürat bağışlayırdılar. İndi isə bizim başımız gündəlik məişət problemlərinə o qədər qarışıb ki, hisslərimiz itib.
Hikmət Rəhimov: - Əgər tamaşaçıda nifrət yarada bildimsə, demək tamaşa alındı. Bəzən aktyorlar nə qədər pis rol oynasa da, tamaşaçı - “aktyordur da” deyir. Ustadım Vaqif İbrahimoğlu heç vaxt bizə “aktyor olun” demədi. O, bizə ilk növbədə şəxsiyyət olmağı tapşırırdı.

- Hansısa məqamda oğlana haqq qazandırmaq olardımı?
Münəvvər Əliyeva: - Oğlana haqq qazandırmış olsaydım, sonda onu öldürüb üzərindən keçməzdim. Əvvəlcə oğlanı öldürəndən sonra onun başını qucaqlayıb ağlamaq səhnəsini fikirləşdik. Amma bu, içimdən gəlmədi. Müəllimənin oğlanla bərabər özünü öldürməsi versiyası da vardı. Ona görə də şərab bakalının ikisinə də zəhər tökmüşdü. Lakin Müəllimə içib-içməyəcəyini tərəddüd edənədək Oğlan qədəhin ikisini də başına çəkir. Müəllimənin hamilə olması versiyasını isə tamaşaçıların öhdəsinə buraxdıq.
Hikmət Rəhimov: - Bütün günahlar Oğlandadır. Oğlanın özünün və ya kiminsə ucbatından pis vəziyyətə düşməsində Müəllimənin heç bir günahı yoxdur. Oğlanın özünə bəraət qazandırmasını heç bir məntiqə sığışdırmıram. Oğlan müəlliməni əzdikcə vaxtilə ona verilən əzabların heyifini çıxır. Zərif cinsin nümayəndəsi ilə belə hərəkət etmək olmaz.

- Filmdə belə bir rol təklif edilsə razılaşarsınız?
Münəvvər Əliyeva: - “Aktrisa” filmi çəkiləndə rejissor Rövşən İsak mənə dedi ki, baş rolda aktrisa soyunmalıdır, onun bədəninin silueti görünməlidir. O mənə təklif etmək istədi, lakin bəzi səhnələrə görə razılaşmadım. Belarusdan aktrisa dəvət edildi. Lakin sonra filmə baxanda peşman oldum, çünki o səhnələr çıxarılmışdı. Əslində, mənim daxilimdə hər zaman səhnədə belə bir çevriliş etmək yanğısı vardı. Lakin əgər kiçik rolda bu cür epizodik səhnə olsa, oynamaram, bir an üçün bu cür addım atmaram. Yalnız qadının hissləri üzərində qurulan filmdə obrazıma bəraət qazandıra biləcəyim təqdirdə oynayaram. “Qatil”in filmi çəkilsə, böyük məmnuniyyətlə yenidən Müəllimə obrazını canlandırıram.

- “Qatil” tamaşasının əvvəlki versiyasına baxmısınız?
Münəvvər Əliyeva: - Şükufə xanımla Sabir müəllimin oynadığı versiyaya baxmışam, amma yadımda deyil. Türkiyədə Məlahət Abbasovanın quruluşunda isə baxmışam. Orada yuxu səhnəsini çox bəyənmişdim. Bu rolu mənə verəndə Şükufə xanımdan xeyir-dua aldım. Lakin rolun fərqli alınması üçün məşqlərdə dəridən-qabıqdan çıxdım. 20 ildən çoxdur teatrdayam, amma bu qədər həyəcan keçirməmişdim. Çünki bu rolu əvvəl Şükufə xanım oynayıb. “Qatil”ə əvvəllər sadəcə əsər kimi baxırdım. Yaş ötdükcə isə mənim üçün başqa anlam kəsb edir. Biz dramaturqun əsərin alt və üst qatlarında demək istədiklərini tamaşaçılara çatdırmağa çalışdıq.
Hikmət Rəhimov: - Sumqayıt Teatrında oynanılan versiyaya dəvət edilsəm də, baxmadım. Çünki tamaşa haqqında heç bir fikrin yaranmamasına çalışdım. Şükufə xanımla Sabir müəllim oynayan versiyaya baxmışdım, lakin heç nə yadımda qalmayıb. Bizim tamaşa dekorasiyadan tutmuş, rejissor yozumunadək əvvəlkindən çox fərqlidir.

- Tərəf-müqabilinizdən razı qaldınızmı?
Münəvvər Əliyeva: - Hikmətlə ilk dəfədir səhnəyə çıxırdıq. Səhnədə tərəf- müqabilimin gözlərinin içinə baxmağı çox sevirəm. Lakin bizim aramızdakı hörmət bəzən onun gözlərini məndən qaçırmağa məcbur edirdi. Bizim ünsiyyətimiz yalnız məşqlər və tamaşa əsnasında olub. Güclü tərəf-müqabilidir. Hətta aramızda rəqabət də var. Rejissorun onu daha çox bəyəndiyi məqamlar da olurdu. Bu məni sevindirir, çünki onun güclü olmağı məni güclü oynamağa vadar etdi.
Hikmət Rəhimov: - Tamaşada obrazın açılmasına xidmət edən təpik, sillə kimi bəzi kobud davranışlar vardı. Münəvvər xanıma təşəkkür edirəm ki, bunu etməyə icazə verdi. İndiyədək nə bizim ikimiz, nə də rejissorla bizim aramızda heç bir narazılıq yaranmayıb.
- Ən çətin səhnələr hansı oldu?
Münəvvər Əliyeva: - Məşq zamanı boynumun damarı zədələndi. Tərəf-müqabilim boynumu buranda başımın arxasından ağrılar başladı. İndiyədək də tərpədə bilmirəm. Premyerayadək həkim nəzarəti altında olmuşam. Boynumun ağrısı indiyədək də qalmışdı. Sabir məni tanış həkiminə apardı. Əslində, bəzi adamlar olsaydı qısqanclığında bunu etməzdi. Tamaşanı təhvil verənədək hər gün həkimə getmişəm, masaj etdirmişəm. Boyunumu tam fırlada bilmirəm.
Hikmət Rəhimov: - Teatrda 2-3 saat məşq edirdik, evdə, metroda gedəndə rol üzərində düşünürdüm. Demək olar ki, bütün günü məşq edirdim. Birinci hissədən fərqli olaraq ikinci hissə dayanmaq yoxdur. Buna həm nəfəs çatdırmaq, həm də fiziki güc lazımdır. Bu tamaşada hərəkət edərkən danışıq var. Adətən tamaşalarda aktyorlar dayanıb sözünü deyir, sonra yeriyir. Bu tamaşa o stereotipi qırdı. Çünki burada hadisələr o qədər gərgin davam edir ki, əgər pauza yaransa, yenidən o gərginliyi yaratmaq olmazdı. Nəfəs çatdırmamaq problemi olacağından ehtiyat edirdim. Ona görə də axşamlar qaçırdım, idmanla məşğul olurdum. Bununla yanaşı, tamaşa zamanı məşq etdiyimiz stullar deyildi, daha ağır idi. Bu da nisbətən çətinliklər yaradırdı.

Ümidə Həsənli