Bu dünyadan bir Fikrət Qoca keçdi
Xalq
şairi xalqa bağışladığı onlarla kitabı, qəlblərdən dillərə süzülən nəğmələri,
ziyalılıq nümunəsi ilə 85 illik bir ömrü başa vurdu
"Bu
gün Fikrət Qoca həm böyük şairdi, həm də xoşbəxtdi. Böyük şair olmasını hər
birimiz bilirik, onu oxuyuruq, duyuruq. Amma xoşbəxtdi ona görə ki, bu cür
sevilir, ailəsi, övladları var, nəvələrinin, oxucularının, onu sevənlərin əhatəsindədi.
Amma bu xoşbəxtlik də, şöhrət də, kitablar da, mükafatlar, ordenlər də gərgin əməyin,
böyük zəhmətin nəticəsidir”. Xalq şairi
Fikrət Qocanın yubiley mərasimində səslənən bu fikirlər xalqın sevimli şairinin
həyat yoluna işıq tutur. Bu çətin və məşəqqətli yolda yuxusuz gecələrin,
onlarla kitab, yüzlərlə şeir və mahnının silinməz izi var.
Şairin dostları və həmkarları
onu "Azadlıq aşiqi”, "İstiqlal mücadili”, "Vətənpərvər”,
"Nəğməkar şeirlərin müəllifi” adlandırırlar. Xarakterinə xas olan təvazökarlıq,
fərqlilik, həlimlik, səxavətlilik kimi xüsusiyyıtləri də vurğulayırlar."Fikrət
Qoca bu yaşında da min cavana dəyən gəncdir. Fikrətin cavanlığı, onun
poeziyasının, ruhunun, qələmə aldığı əsərlərin cavanlığıdır. O, Azərbaycanın
istiqlalı uğrunda öz qələmiylə, poeziyasıyla ən böyük mübarizə aparan şairlərimizdən
biridir. Fikrət Qoca Kubadan da, Vyetnamdan da, Afrikadan da, onların azadlıq,
istiqlal uğrunda mübarizəsindən yaza bilərdi. Amma bütün bu şeirlərində qəsd elədiyi
Azərbaycanın müstəqilliyi, Azərbaycanın azadlığıydı. Çünki o zaman ölkəmiz azad
deyildi və Fikrət öz şeirlərində bu dərdi müxtəlif xalqların dərdi kimi
ifadə edirdi. Fikrətin şeirlərinə səmimilik, yumor, bir az da kədər xasdı. O,
müxtəlif vəznlərdə yazır - hecada da, əruzda da, sərbəstdə də şeirləri var.
Amma bütün bu şeirləri birləşdirən cəhət onların yüksək poetik siqlətidir, yüksək
poetik çəkisidir. Bu gün Fikrət bütün xəstəliklərə şeiriylə qalib gəlib,
şeiriylə onları tapdalayıb, üstündən keçib, oxucularının, onu sevənlərin
qarşısında, arasındadır”- deyə yaxın dostu və sirdaşı Anar deyirdi.
Yaxşı nümunə
Fikrət Qocanın həyat yolu asan
olmamışdı. Keşməkeşi həyatını həmişə gözü yol çəkə-çəkə xatrlayardı: "
Uşaqlığının bir hissəsi Böyük Vətən müharibəsi dövrünə təsadüf etdiyindən o
qədər də rəvan keçməyib. Atam həkim idi. Müharibəyə getsə də, qolunun biri tam
açılmadığından onu tərxis edir və Gəncə yolunun üstündə yerləşən Dəliməmmədlidəki
hospitala rəis göndərdilər. O vaxt dəmiryollarının kənarlarında hospitallar
qururdular. Uşaqlığımın bir hissəsi orada keçdi. Uşağı çox şey təəccübləndirə
bilər. Amma orada gördüklərim məni indiyə qədər təəccübləndirir. Müharibə dövrü
olduğundan özbaşınalıq, hərc-mərclik hökm sürürdü. Gecələr adamların əlindən
hansısa əşyasını, yaxud çörəyini alıb özlərini qatardan bayıra atırdılar.
Səhərlər atam sanitarları, tibb bacılarını dəmir yolunun kənarlarında atılıb
qalmış adamları yığıb gətirməyə göndərirdi. Hərbi yaralılardan başqa, onlar
üçün xüsusi otaq ayırmışdı ki, ölüb-itməsinlər”.
Balaca Fikrət birinci sinifə
Dəliməmmədlidə gedir. Müharibə qurtaranda isə Ağdaşa, Kotanarxa - doğma
kəndlərinə qaydır. İbtidai sinifi çayın üstündə qeyri-adi mənzərəsi olan bu
kənddə bitirir. Sonra Ağdaşda ev alıb oraya köçürlər və bu dəfə də təhsilini
Ağdaşda davam etdirir: "Orta məktəbin təxminən yeddinci sinifində oxuyanda
dərslər məni sıxdığından Ağdaşdakı Kənd Təsərrüfatı Texnikumunda oxumağa qərar
verdim. Bir az keçəndən sonra atamın təkidi ilə Nizami adına orta məktəbdə
təhsilimi davam etdirdim və elə bu məktəbdən də məzun oldum. Avqust ayında
sənədlərimi də götürüb Bakıya - o vaxtkı Azərbaycan Dövlət İnstitutuna üz
tutdum.Universitetdə sənədlərimə baxıb dedilər ki, ya sənədlər saxtadır, ya da
həqiqətən yazılar pozulub. Sənədlərə baxmadan evdən götürüb gəlmişdim.
Deməyəsən, attestatımı tuşla yazmaq əvəzinə, tuş tapmadıqlarından rezin
yandırıb içinə su qatıb bir balaca qara edib yazıbmışlar. Vaxt keçdikcə bu
yazılar havaya buxarlanıb. Attestatda nə yazı, nə də möhür qalıb. Yalnız hiss
olunurdu ki, burada nəsə yazılıb”. F.Qoca sənədlərini götürüb yenidən Ağdaşa qayıdıb.
Avqustun sonunda Bakıya dönəndə isə sənəd qəbulu başa çatmışdı: "Utandığımdan
rayona qayıtmamaq üçün Bakıda Dəmiryolu Texnikumuna daxil oldum. Məni ikinci
kursa qəbul etdilər. Sonra texnikumu yarımçıq qoyub sənədlərimi instituta
verməyə heyfim gəldi. Fikirləşdim ki, elə texnikumu bitirəndən sonra
sənədlərimi instituta verərəm. Amma texnikumda təhsil ala-ala dərnəklərə
gedirdim. Sabir adına kitabxanadakı dərnəyin üzvü idim. Dərnəklərdə uşaqlarla
tanış olur, şeirlərimi oxuyurdum, yəni yazı-pozudan qalmırdım. Şeirlərim dərnək
üzvlərinin xoşuna gəlirdi. Ora gələn uşaqların arasında "Kirpi” jurnalında
işləyən birisi mənə təklif etdi ki, şeirlərimdən birini verim, redaksiyada
göstərsin. Bu minvalla ilk şeirim "Kirpi” jurnalında dərc olundu”.
Ailədə böyük uşaq olduğundan məsuliyyət həmişə onun çiyinlərinə düşüb. "Ailədə
8 uşağın birincisi idim. Atam həmişə deyərdi ki, "Fikrət, sən necə olacaqsansa,
qardaş-bacıların da sənə oxşayacaq. Avara olacaqsansa, hamısı avara olacaq.
Çünki böyük qardaş nümunədir. Sənin üçün çətin də olsa, gərək elə adam olasan
ki, onlar həyatda özlərinə yer tuta bilsinlər. Bu səbəbdən böyük olmağım hələ
kiçik yaşlarından, özümü dərk edəndən boynumda ağır bir yük idi. Daim gözümün
qarşısına qardaş-bacılarımı gətirir və ciddi-cəhdlə çalışırdım ki, onlara
nümunə olum. Bəlkə də göstərdiyim yaxşı nümunə səbəbindən səkkiz uşağın hamısı
ali təhsil aldı, hətta içərilərində alim olanları da var”.
Maksim Qorkinin "universiteti” kimi
Atası Göyüş kişi həkim olsa da
ədəbiyyata, poeziyaya həvəsi vardı. Fikrətə də şeirə maraq atasından keçmişdi:
"Atamömrünün sonuna kimi şeir yazırdı, nəsr əsərləri də var idi. Subay vaxtı
Bakıda işlədiyi illərdə atamın Mikayıl Müşfiq və digər şairlərlə ünsiyyəti,
gediş-gəlişi olub.Bir sözlə, ədəbiyyata, şeirə maraq mənə oradan keçib.
Ədəbiyyat bizim evdə kənar bir şey deyildi. Çörək və su kimi həmişə süfrəmizin
başında idi.Amma öz yazdığım şeirlərə ciddi yanaşmırdım. Heç şair olacağımı da
düşünmürdüm”. Dəmiryolu Texnikumunda semestr imtahanlarını təzə verib qurtaranda
Yazıçılar Birliyinə çağırılıb. Artıq o zaman şeirləri çap olunduğundan gənci bu
qurumda tanıyırdılar. "Yazıçılar Birliyində Moskvada Maksim Qorki adına
Ədəbiyyat İnstitutunda tərcümə qrupuna tələbə yığıldığını dedilər və oraya
getməyimi məsləhət gördülər. Texnikumdakı təhsilimi artıq başa vurmuşdum və bu
təklifə "göydə” razılaşdım. Yaradıcılığımı Yazıçılar Birliyinə təqdim etdim,
onlar tərcümə edib Moskvaya göndərdilər. Beləliklə, müsabiqədən keçdim və
Moskvaya gedib formal imtahan verib tərcümə fakültəsinə qəbul oldum.Hələ
dərslər başlamamış təsadüfən şeirləri universitetin bədii şeir şöbəsinin
seminar rəhbəri, o vaxtın məşhur rus şairi Lev Oşaninin əlinə keçdi. O, "bu
adamı poeziya şöbəsinə götürürəm, bunu tərcümədə korlamayaq”- dedi. Beləliklə,
təhsilimi Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində davam
etdirdim. Bu, mənim üçün əsil həyat məktəbi oldu. Elə, böyük Qorkinin
"universiteti” kimi”.
F.Qoca Moskvadan qayıdandan sonra
ömrünün ədəbiyyatımıza, poeziyamıza sədaqətlə xidmət edən məhsuldar illəri
başlayır...
Xoşbəxt şair
Fikrət
Qoca həmişə iş başında idi. Qışın soyuğunda, sazağında, günəşin istisində də işə
yollanır, Yazıçılr Birliyinin pillələrini ağır-ağır qalxıb düşürdü. Onu yaşadan
da, yaradıcılığa daim sövq edən də həyat və yaradıcılıq eşqi idi. "Fikrət Qoca
60-cı illərdə necə enerjiylə, ruhla, şövqlə işləyirdisə, indi də o cür davam
edir, o səviyyədə yazır”- deyə akademik Nizami Cəfərov təsadüfən demirdi.
Xalq
tərəfindən sevilən, dillərdə əzbər olan bir çox mahnılar Fikrət Qocanın şeirləri
əsasında yazılmışdı. Şəfiqə Axindova, Emin Sabitoğlu, Ramiz Mirişli, Tofiq
Quliyev, Arif Məlikov, Oqtay Kazımi, Nəriman Məmmədov, Telman Hacıyev, Polad
Bülbüloğlu kimi görkəmli bəstəkarlarla işləyib. "Arazım”, "Azərbaycanım”, "Gəl,
ey səhər””, "Doymadım sözlərindən” "Dilin can incidəndir”, "Gecənin nəğməsi”,
"Gecə yaman uzundur”, "Mehribanlıq”, "Bənövşə, "Bir xumar baxışla”, "Əlvida”,
"Qaytar eşqimi”, "Payız gəldi”, "Çiçək tapa
bilmədim”...kimi
300-ə yaxın sevilən mahnı onun şeirlərinə yazılıb. Buna görə də Fikrət Qocaya
"Nəğmıkar şair” deyirdilər. Polad Bülbüloğlu həmişə deyir: "Fikrət Qoca yüzlərlə
mahnı mətninin müəllifidir. Mənimlə də xeyli işləri var. Və onu deyim ki, bəstəkar
üçün onunla işləmək rahatdı, gözəldi. Onunla ən uğurlu mahnılarımız indi şənliklərdə,
toylarda çalınır, hətta xalq mahnıları kimi qəbul olunur. Bir sənətkar üçün
bundan gözəl heç nə ola bilməz”.
Hələ
beş il əvvəl – Fikrət Qocanın 80 illik yubileyində çıxış edən ən yaxın dostu
Anar "Arzum budur ki, növbəti ad gününü
Şuşada edək”- deyə arzulamışdı. Fikrət Qoca ad gününü Şuşada keçirə bilməsə də
Şuşanın, Qarabağın azadlığı onun üçün ən böyük bayram oldu. Onun kövrək şair qəlbi
bu böyük Qələbədən dağa döndü. "Mənə işğaldan azad olan torpaqlarımızın
sevincini yaşamaq nəsib oldu. Bunu 30 ildir ki, gözləyirdim. Bundan böyük xoşbəxtlik
ola bilməz” dedi.
Fikrət
Qoca dünyadan xoşbət insan kimi köçdü. Xalqa bağışladığı onlarla şeir dolu
kitabı, qəlblərdən dillərə süzülən nəğmələri, ağsaqqal öyüd-nəsihətləri, gənclərə
dəstəyi, ziyalılıq nümunəsi ilə 85 illik bir ömrü başa vurdu.
Üzü
yaza gedirəm,
mən də torpağam,
Baharlıyam, qışlıyam!
Azərbaycanlıyam,
Şuşalıyam, Ağdaşlıyam!
- deyə "Gedirəm” yazan şair canından çox sevdiyi Vətən
torpağına qarışdı...
Allah
rəhmət eləsin!
Təranə Məhərrəmova