• çərşənbə, 24 Aprel, 05:50
  • Baku Bakı 14°C

“Bu, dünənin sevgisi deyil”

09.04.19 09:00 1205
“Bu, dünənin sevgisi deyil”
Gənc ifaçı Leyla Ramazanlı subaylığın daşını atır. Belə ki, müğənnin aprelin 12-də tanınmış otellərin birində biznesmen Kamran Aydınovla toy mərasimi baş tutacaq. Təəssüratlarını "Kaspi”-yə bölüşən Leyla Ramazanlı subaylığın son günlərini yaşadığını və verdiyi qərardan məmnun olduğunu dedi.
- Kamran Aydınovla necə tanış oldunuz?
- Onun prodakşını var. Burada reklam, klip, fotosessiya və bu kimi yaradıcı işlər görülür. Bundan əlavə, şəxsi biznesi var və uzun müddətdir ki, bu bizneslə məşğuldur. Kamranla elə çəkiliş meydançasında tanış olmuşam. Çox səmimi və mehriban bir insandır. Artıq 7 ildir ki, tanışıq. Ən əsası odur ki, bir-birimizi yaxşı anlayırıq və mənim sənətimə dəyər verir. Yaradıcılığımın ən böyük dəstəkçisidir.
- Sizin bir neçə fotosessiya və kliplərinizdə müəllif olaraq Kamran Aydınovun adını eşitmişik. Ancaq bu münasibətin sevgiyə çevriləcəyi heç kimin ağlına gəlməzdi.
- O mənim 6 klipimin rejissorudur. Təbii ki, sevgi olmasa, bizim münasibətlərimiz evliliyə qədər gəlib çıxmazdı. Aramızda böyük bir sevgi var və bu da dünən yaranan adi sevgi deyil. Hesab edirəm ki, hər bir peşə sahibləri kimi, sənət insanının da gözəl ailəsi olmalıdır. İnsan gərək şəxsi həyatında rahat olsun ki, yaradıcılığını da mükəmməl şəkildə davam etdirə bilsin. Bu baxımdan Kamranın sənətimə hörməti böyükdür və bu mənim üçün çox vacib idi. Çünki çox zaman tanınmış sənətçilərin ailələrindəki qadağalarla rastlaşırıq.
- Nişanlınız sizə hər hansı bir qadağa qoyubmu?
- O mənə heç bir qadağa qoymayıb. Əksinə, mənim bu sənətdə keyfiyyətli və peşəkar səviyyədə addımlamağımı istəyir. Şükür ki, bu cür xüsusiyyət Kamranda yoxdur. Təbii ki, bundan sonra da yaradıcılığıma davam edəcəm, konsertlərim, tədbirlərim, yeni mahnılarım və kliplərim də olacaq.Artıq biz onunla həyatımızı birləşdiririk. Uzun müddətdir ki, məni tanıyır və xasiyyətimə də bələddir. Ona görə inanıram ki, bundan sonra da hansısa irad və qadağası olmayacaq.
- Sənətçi ilə ailə qurmağın öz çətinlikləri olur. Belə ki, axşam tədbirləri, el şənlikləri, çəkilişlər və sair. Kamran Aydınov bunu nəzərə alıbmı?
- Təbii ki, ailə qurmaq qərarı verəndə, bütün bunların hamısını bilirdi və bu prosesləri də nəzərə alıb. Bu mövzu ilə bağlı heç bir problemimiz yoxdur.
- Adətən ifaçıların sevgilisi olan kimi, onu sosial şəbəkədə paylaşır, yaxud da kameralara tuş gəlir. Bəs siz bu 7 ildə siz onunla münasibətinizin olduğunu necə gizlədə bilmisiniz?
- Ümumiyyətlə, media nümayəndələri də, ətrafımda olan insanlar da bilir ki, şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Buna heç bir şərait də yaratmamışam. Getdikcə bir-birimizin xasiyyətini, həyat tərzini başa düşdükcə gördük ki, biz ikimiz də bir-birimizə çox yaxın insanlarıq. Həyat tərzimiz də, xarakterlərimiz də bir-birinə çox yaxındır və buna görə də həyatımızı birləşdirməyə qərar verdik. Düşünürəm ki, belə olmağı daha gözəldir.
- 7 il bir münasibəti gizlətmək böyük məharət tələb edir.
- (Gürülük) Elədir, sənət dostlarımız tədbirlərdə, konsertlərdə mənimlə Kamranı çox tez-tez görüblər. Onunla bir çox tədbirlərə, xüsusən də rayon tədbirlərinə birlikdə getmişik. Çox zaman yanımda olub. Mən tədbirdə iştirak etmişəm.
- Qısqancdır?
- Əslində elə bir qısqanclığı yoxdur. Xarakterimə bələd olduğu üçün buna heç bir əsas da yoxdur.
- Bəzi şou saytları yaradıcılığınızla bağlı təzə bir xəbər olanda, onu saytda yerləşdirməkdən imtina etdikləri halda, son bir ayda evlənməyinizlə bağlı xəbərləri ard-arda verdilər...
- Elədir, elə mahnılarım var ki, uzun müddət onların üzərində çalışmışam, mahnıya klip çəkdirmişəm. Saytlara nümayiş üçün müraciət etdikdə isə, bu onlara maraqlı gəlmirdi. Çoxu deyirdi ki, bu, standart xəbərdir. Əslində bu, normal haldır. Hər zaman müğənnilərin şəxsi həyatı diqqət mərkəzində olub. Mənimki də onun kimi. Əslində mənim buna heç bir iradım yoxdur, bu pis xəbər deyil. Ancaq istəmirəm ki, gündəmə ailə həyatı qurmaq kimi xəbərlərlə gəlim. İstəyərəm ki, gündəmdə mahnılarım, layihələrim, yaradıcılığımla qalım. Ailə qurmaq kimi xəbərin kökündə pis heç nə dayanmır. Mən bütün sənət dostlarıma xoşbəxtlik arzulayıram. Düzdür, yaradıcılıq da önəmlidir. Ancaq insanın həyatında ailə də böyük rol oynayır. Və mən bu yolun başlanğıcındayam. Sənət yoldaşlarımın ailələri haqqında mətbuatda, sosial şəbəkələrdə artıq-əskik fikirlər səslənir. Təbii ki, bu məni məyus edir. Əslində hər insanın özəl həyatında anlaşılmazlıq və bu kimi neqativ hallar olur, ancaq onlar məşhurdurlar deyə daha çox danışılır və daha çox müzakirə edilir. Mən istəmirəm ki, müğənnilərin özəl həyatı ilə bağlı pis fikirlər səslənsin. Bəlkə də müğənniləri gözdən salmaq istəyirlər. Buradan müğənnilərin hamısını həmrəy olmağa çağırıram. Sənət dünyasında gözəl ailəyə sahib olan çox gözəl müğənnilər var. İnşallah, mən də onlardan biri olaram.
- Hər kəs sizi Leyla Ramazanlı kimi tanıyır. Soyadınızı dəyişəcəksinizmi?
- Yox, elə Leyla Ramazanlı olaraq qalacam. Ola bilər ki, soyadımın sonuna Kamranın da soyadını əlavə edəm.
- Bəs nişanlınız onun soyadını götürməyinizdə israr edirmi?
- Yox. Belə bir şey yoxdur. O çox müasir insandır. Məni anlayır və inanıram ki, belə bir məsələdə israr etməyəcək. Məncə, sevgi olan yerdə kompromisə getmək olar.
- Yəqin ki, bütün yaradıcılıq işlərinizi bir kənara qoyub, toya hazırlaşırsınız.
- Bu aralar işlərim çoxdur, başım qarışıqdır. Yaradıcılıq işlərim, yeni mahnılarım var. Onları bir kənara qoymuşam, hazırda toya hazırlaşıram. Toydan sonra onları tamaşaçılara təqdim edəcəyəm. Toya 3 gün qalıb. Qonaqlarım da çoxdur. Mənə yaxın olan insanları toya dəvət etmişəm. Allah qoysa, şəxsi həyatımı qurum, sonra yaradıcılığıma da davam edəcəm.
- Toy mətbuata açıqmı olacaq, yoxsa qapalı?
- Mən heç kimə qadağa qoya bilmərəm, elə bir fikrim də yoxdur. Mətbuatla yaxşı münasibətim var, onlara da heç bir qadağa olmayacaq. Bunun üçün heç bir kompleksim də yoxdur.
- Əvvəllər sizin kliplərinizi bacınız Xavər çəkirdi. Kamran həyatınıza daxil olduqdan sonra onunla işləmədiniz. Bu, bacınızın qısqanclığına səbəb olmadımı?
- Əsla. Xavərin öz karyerası var. Düzdür, son bir neçə ilə qədər kliplərimi bacım çəkib. Son 6 klipimin rejissoru Kamrandır. Xavər Kamranın zövqünü bəyənir, onun çəkdiyi klipləri yaxşı qəbul edir. Bu mövzuda heç bir problem yoxdur. Ailəmizin bütün üzvləri onun xətrini çox istəyir.
- Adətən başqa müğənnilərin və sıravi insanların toyunda mahnılarını səsləndirən Leyla öz toyunda mahnı oxuyacaqmı?
- Bəli, ilk rəqsimizi öz mahnımla başlamaq istəyirəm.
- Hər gənc qızın öz toyu ilə bağlı uşaqlıq arzuları olur. Toyunuz o arzulara yaxın bir tərzdə keçəcək?
- Əlbəttə ki. Hesab edirəm ki, bəyaz gəlinlik hər bir xanıma gözəl yaraşır. Peşəmlə əlaqədar olaraq çox el şənliklərində olmuşam və bir çox yeni ailə quran gənclərin xoş gününə şahidlik etmişəm. Möhtəşəm təşkil olunmuş toylar da görmüşəm, sadə toylar da. Ancaq mən öz toyumda çox sadə görünmək istəyirəm. Çünki sadəlik mənim üçün ən böyük gözəllikdir. Arzum isə möhkəm təməllər üzərində qurulan bir ailəm və sevdiyim insanların yanımda olmasıdır. Həyatda bundan gözəl yəqin ki, heç nə ola bilməz. Özümə gözəl, hüzurlu, sevgi dolu bir həyat arzu edirəm.Bir də hər bir qızın arzusudur ki, toy günü atası ona xeyir-dua versin, yanında olsun. Amma bildiyiniz kimi, atam Nurəddin Ramazanov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub. Mən əminəm ki, şəhidlərimizin xatirəsini əziz tutan xalqımızın və şəhid atamın xeyir-duası mənimlə olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər