• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Bu dəfə kim qaçırılacaq? - Fotolar

24.11.18 12:30 1372
Bu dəfə kim qaçırılacaq? - Fotolar
Mövsüm başlar-başlamaz, kinoteatrlarımızda yeni filmlərin nümayişi start götürdü. Bu mövsümdə də komediya filmləri üstünlük təşkil edir. Çünki tamaşaçı daha çox əylənmək və saatyarımlıq da olsa problemlərdən uzaq olmaq, asudə zamanını səmərəli keçirmək istəyir.Beləliklə, növbəti ay tamaşaçılar ötən mövsümün ən çox izlənilən "Qızqaçırtma” filminin ikinci hissəsi olan "Qızqaçırtma-2”yə baxa biləcəklər. Artıq filmin treyleri sosial şəbəkələrdə yayılıb, qısa zaman ərzində böyük marağa səbəb olub. Biz də filmin rejissoru ilə söhbət etdik.Xəzər televiziyasında biri-birinin ardınca izlənmə rekordu qıran serialların rejissoru olan Rüfət Şahbazov "Qızqaçırtma-1” filminin ona uğur gətirdiyini dedi.
- Artıq "Qızqaçırtma-2” filminin treylerini izlədik. Bu dəfə tamaşaçıları nələr gözləyir?
- Əvvəla, onu qeyd edim ki, ikinci film birinci filmdən daha çox maraqlıdır. Filmi çəkdik, montaj etdikdən sonra izlədik və gördük ki, budəfəki daha maraqlı alınıb. Hətta birincisinə baxmaq istəmirdik (gülürük). Artıq o bizə köhnə film kimi görünürdü. İkinci film daha çox dinamik və gülməlidir. "Qızqaçırtma-2” filmində gücümüz çatan qədər bütün zarafatlara diqqət etdik. Keçən filmdə bir qədər tənqidlərə tuş gəlmişdik. Təbii ki, bu tənqidləri qəbul etdik, ikinci filmi çəkəndə çalışdıq ki, təmiz, etik, insanların normal qəbul edəcəyi və baxa biləcəyi zarafatlara yer verək. Bu dəfə sırf gülüşə köklənmədik. Məqsədimiz insanları sadəcə güldürmək deyil, filmdə dramaturji xətt, hadisə, həyəcan, hadisənin getdiyi nöqtə və gözəl bir kulminasiya nöqtəsi var. Əminəm ki, insanlar baxacaq və bu filmdən böyük zövq alacaqlar. "Qızqaçırtma-2” saatyarımlıq bir filmdir. Filmin traylerini artıq təqdim etmişik. İki treylerimiz var. Birini "Yotube”-da nümayiş etdirmişik, daha uzun versiyadır. Ona baxanda filmin xəttini hiss etmək olur. Bir də efir və internet səhifələri üçün bir dəqiqəlik nəzərdə tutduğumuz treyleri nümayiş etdirmişik. Treyler necə dinamikdirsə, filmin özü ondan da maraqlıdır. Film dekabrın 20-də "Parkcinema”larda nümayiş olunacaq. Filmin estetikası iki dəqiqə yarımlıq treylerdə əks olunub.
- Qeyd etdiniz ki, birinci filmdə tənqidlərə tuş gəldiniz. Maraqlıdır, həmin filmdə nələri tənqid etmişdilər?
- Əslində birinci filmi çox bəyəndilər. Kinoteatrlarda ən çox izlənilən filmlərdən biri oldu. Həm kinoteatrda, həm də efirdə nümayiş olunanda, həm də internetdə daha çox tamaşaçı kütləsi topladı. Kinoteatrlarda paralel zallarda iki seans üçün yer tapmaq həmin ərəfədə mümkün deyildi. Filmin içərisində bəzi xətlərdə, oyunlarda mənə qarşı olan doğru tənqidlər var idi. Hansı ki, bu işi bilən və kinodan anlayışı olan insanlar bunu mənə demişdilər. Elə tənqidlər də var idi, normal idi. Bir filmi hər kəs bəyənə bilməz. Kütlənin müəyyən hissəsi bəyənər, müəyyən hissəsi bəyənməz. İkinci filmi çəkəndə çalışdıq ki, daha çox kütlənin sevgisini qazanaq. Birinci filmdə telefon söhbəti vardı ki, biz orda kimlərisə tənqid etmək istəyirdik, ancaq özümüz tənqidə rast gəldik. O tənqidi düzgün və yerində qeyd etmişdilər. Bu dəfə beldən aşağı olan zarafatlar yoxdur. Situasiyanın özü gülməlidir. Biz beldən aşağı zarafatları etmirik ki, camaat gülsün. Filmdə situasiya var və o situasiyanın özü gülməlidir. Təkcə gülməli deyil, həm maraqlı, həm də həyəcanlıdır. Biz bu filmdə təkcə tamaşaçıları güldürmək istəməmişik. Tamaşaçılar baxandan sonra onların münasibətini öyrənməyi çox istəyərdik.
- "Qızqaçırtma-1” ən çox izlənilən film olduğu üçündürmü ki, onun ikinci hissəsini çəkmək qərarına gəldiniz?
- Filmin birinci hissəsi çox sevildi və izlənildi. Filmin rəhbərliyi - Xəzər televiziyasının rəhbəri qərar verdi ki, filmin ikinci hissəsini də çəkək. Niyə də olmasın? Dünya kino bazarında da belə hallarla çox tez-tez rastlaşmışıq. Məsələn, "Taksi-1”, "Taksi-2”, "Taksi-3” filmləri silsilə şəkildə çəkilib. Yeri gəlmişkən, bizim bu filmdə bir çox məşhur filmlərdən zarafatyana təqlidlər var. Hətta filmin əvvəlində bir sürpriz var.
- Filmin ikinci hissəsinin çəkilişləri harada baş tutdu?
- Çəkilişlərə Bakıda başladıq, Şəki, Zaqatala, Qax, Balakəndə davam etdik. Qatarda çəkilişlər oldu. Dəmir yolu idarəsindən bizə 15 günlük bir qatar hədiyyə etdilər ki, filmi çəkə bilək. Buradan sizin vasitənizlə "AzərbaycanDövlət DəmirYolları” Qapalı Səhmdar Cəmiyyətinə - Cavid Qurbanova və onun komandasına təşəkkürümü bildirirəm.
- Filmdə xeyli tanınmış simalar var. Tanınmış sima daha çox tamaşaçı cəlb edir?
- Tanınmış sima deyəndə, filmdə rol alanların hamısı aktyorlardır. Baş rolları canlandıran Sevil-Sevinc bacıları ifaçıdır və biz onları aktrisa kimi yoxladıq. Onların aktrisalıq fəaliyyəti bizi qane etdi. Bu istedad onların canında var. Dünya kino bazarında bu tendensiyadan istifadə edənlər çoxdur. Rejissorlar hər hansı modeli, məşhur bir müğənnini götürüb, onu aktrisa kimi yetişdirir. Əgər bizim ifaçıların canında bu istedad varsa, nə üçün etməyək? Filmin birinci hissəsində onların ifası çox tutarlı oldu. İkinci hissəsində isə onlar daha güclü oynadılar - təbii, canlı. Əsas odur ki, bacılar obraza girəndə onların ifasında heç bir şişirdilmə, pafos yox idi. Çox təbii oynadılar. Hər şey yerində idi. İkinci filmə çəkilməyə gələndə baxdım ki, birinci filmdəkindən dağlar qədər fərq var. Çünki özlərini böyük ekranda görmüşdülər. Onlar da tənqiddən nəticə çıxaran qızlardır. Bir rejissor kimi onların bu filmdə obraz canlandırmaları mənim xoşuma gəldi. Digər baş rollardan birini isə Fərda Xudaverdiyev canlandırır. O da tanınmış simadır. Kommersiya filmlərində tanınmış simaların olması vacibdir. Hesab edirəm ki, bu film rəfdə qalmayacaq, baxılacaq. Ümid edirik ki, tamaşaçılar tərəfindən seviləcək.
- Bəs bu dəfə kimi qaçırırsınız?
- Bu dəfə isə Məmmədin bacısını qaçırırıq. Məmmədin bacısını afrikalı birinə ərə veriblər. Sonra o qəbilədə olan bəzi qəbuledilməz adətlər Məmmədin ailəsinə gəlib çatır. Ev yıxan qonşular burda da öz işini görür. Film başdan-ayağa macəradır.
- Filmdən gözləntiləriniz nələrdir?
- Yenə dekabr ayında tamaşaçılar kinoteatra gedəcək, baxıb bəyənəcəklər. Ümid edirəm ki, bu film yenə də ən çox izlənilən filmlər sırasında olacaq. Əslində, bu filmdən akademik şeylər gözləmirəm. Bu, kommersiya filmidir. Əsas odur ki, tamaşaçılar sevsin, baxsın, əylənsin, kino bazarında bir inkişaf olsun.
- Tənqidlərə necə, hazırsınızmı?
- Tənqidlərin olması qaçılmazdır. Hər bir normal tənqidə hazıram. Əsas odur ki, tənqid edənlər kino aləmindən başı çıxan insanlar olsun. Tamaşaçıların da tənqidlərinə hazırıq. Amma tamaşaçıların təhqirlərinə hazır deyiləm. Tamaşaçı kinematoqraf kimi tənqid edəndə, bunu qəbul edə bilmirəm. Sən orda tamaşaçı kimi bəyənmədiyin nüansları de, bu mənə qəbuldur. Keçən bölümdə Kənanın telefon zəngi var idi ki, o mənə deyildi, mən onu anladım və qəbul da etdim. Eldar Quliyev və onun kimi böyük rejissorlarımız filmi tənqid edərsə və yaxud öz fikirlərini deyərlərsə, onu qəbul edərəm və hətta bu mənim üçün fəxr olardı. Ancaq filmi elə adam tənqid edir ki, onun işlərinə baxanda görürsən ki, dramaturji xəttin "d” hərfi yoxdur. Aktyor onyunundan başı çıxmır, sadəcə tənqid etmək xətrinə tənqid edir. Haqlı tənqidlərə hər zaman qapımız açıqdır. İnsanların bir-bir ağzını yummaq olmur.
- "Qızqaçırtma-1” əldə etdiyi gəlirlə öz xərclərini ödəyə bildimi?
- Ən çox izlənilən filmlərin siyahısında olubsa, demək ki, öz maliyyəsindən hətta artığını qazandırıb.
- Bəs ikinci filmlə bağlı proqnozlarınız necədir?
- Hesab edirəm ki, bu filmin maliyyəsi birincisindən daha çox olacaq. Biz fikirləşdik ki, əgər birinci bizə bu qədər maliyyə gətiribsə, ikincisi ondan çox maliyyə gətirəcək. Bu filmi tamaşaçının istədiyi şəkildə çəkmişik. Filmin birinci hissəsi mənim ilk böyük filmim di. Bu dəfə daha təcrübəliydim.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər