Bu dəfə aktyorlar səhnədə oynamır
2019-cu ilin ilk ayını yaşayırıq.
Yanvarın ilk teatr qalmaqalı aktyorların işdən çıxarılması oldu. Hər il yaşlı
aktyorlar teatrdan çıxarılanda, bu, mətbuatın gündəm xəbərinə çevrilir. İşdən
çıxıb, müqavilə ilə çalışan aktyorlar müsahibələr verirlər ki, bu da məsələni
ağırlaşdırır. Xatırladaq ki, 65 yaşını adlayan
aktyorlar təqaüdə göndərilir və lazımdırsa, bəziləri ilə müqavilə bağlanılır.
Fəxri adları olanlara isə səhnəni 70 yaşında tərk etmək güzəşti edilir.Bu dəfə də eyni hadisə ilə
rastlaşdıq. Amma fərqli bəhanələrlə. Eyni gündə iki fərqli teatrdan aktyorlar
uşaqlaşdırıldı. Onlardan birincisi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin
qərarı ilə xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva,
əməkdar artistlər Atabala Səfərov və Rahib Əliyevin işdən çıxarılması oldu. Aktyorlar
işdən çıxarılmalarına etiraz edirlər.
"Tamaşalar bitdikdən sonra bizim
də teatrla işimiz bitmiş olacaq”
Teatrın aktyoru, əməkdar artist Rahib Əliyev mətbuata açıqlamasında teatr rəhbərliyinin qərarı ilə
razılaşmadığını və işdən çıxmaq istəmədiyini bildirib. Onun fikrincə,
mədəniyyət ocağından uzaqlaşdırılması qanunsuzdur: "Niyə çıxım axı? 50 ildən
çoxdur işləyirəm. Bunu şikayət kimi demirəm. Deyirlər, işdən çıxacaqsan, amma əməkdar
artist olduğun üçün hər tamaşaya 44 manat verəcəyik. Bu, qanunsuzdur, başqa
teatrlarda belə hal yoxdur. Əvvəl maaşımızı kəsib 50 faiz etdilər. İndi 148
manat maaş alıram. Elə aktyorlar var məndən də az əməkhaqqı alır. İndi də
deyirlər təqaüdçüsünüz, gedin. Direktor yeni gəlib, niyə belə edir, bilmirəm.
Dünən teatrdan məni çağırıb dedilər ki, indi imkan yoxdur, amma yaxşı olacaq və
sair. Sonra getdim kadrlar şöbəsinə, dedilər ki, əmək kitabçasını qaytaracağıq
özünüzə, hər tamaşaya da 44 manat verəcəyik. Bu ay bir tamaşam var. Tamaşalar
bitdikdən sonra bizim də teatrla işimiz bitmiş olacaq”.
Xalq artisti Yasin Qarayevbizimlə söhbətində dedi ki, o. teatrdan kənarlaşdırılmaq niyyətində deyil: "Mənə
teatrdan bildirdilər ki, ərizə yazmalısan, etiraz etdim. Aktyorun 65 yaşından
sonra müəssisənin direktoru onunla 70 yaşına qədər 5 il ərzində 1 illik
müqavilələr bağlıya bilər. Bir ildən sonra istəsə, bağlamaz. Bu da işçilərin
sayının 2 faizi qədər hesablanır. Mən belə düşünürəm ki, bu, teatrlara aid
deyil, dövlət qulluqçularına aiddir. Müqavilə artıq bağlana bilməz. Çünki
məsələn, Ağaxan Salmanlının 77 yaşı var. Ərizədə işdən çıxarıldığı qeyd olunur,
ancaq onu xalq artisti kimi oynadığı tamaşalara görə dəvət edir və hər
tamaşasına təxminən 40 manat verirlər. Yeni tamaşalarda isə rol verilmir”.
Məsələ ilə bağlı Teatrın mətbuat xidməti ilə əlaqə
saxladıq. Teatrın sözçüsü bu haqda suala cavab verə bilməyəcəyini, mövzu ilə
bağlı teatrın baş rejissoruna müraciət edə biləcəyimizi bildirdi.
Günün ikinci qalmaqallı məsələsi isə YUĞ Dövlət Teatrının rejissoru
Sahib Ağayevin (Mir Sahib Ağazadə) işdən azad edilməsi oldu. Teatrın baş
rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə mətbuata açıqlamasında
xəbəri təsdiqlədi: "Bu barədə mən heç bir şey deyə bilmərəm. Ancaq xəbəri
təsdiqləyirəm. Qərarı teatr verməyib, Mədəniyyət Nazirliyi rəsmi məktubla
göndərib. Ona görə də təfərrüatları nazirliyin kadrlar şöbəsinə zəng vurub
öyrənin”.
Aktyoru Mədəniyyət Nazirliyi işə götürmür
Mədəniyyət Nazirliyin
informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriİntiqam Hümbətovla əlaqə saxladıq. Məsələ ilə bağlı danışan İ.Hümbətov da öz növbəsində bildirdi ki, məsələnin təfərrüatını
məhz teatrların mətbuat xidmətindən öyrənmək mümkündür: "Teatrların hər
ikisinin mətbuat xidməti var. Mövzu ilə bağlı onlara müraciət etsəniz, daha
yaxşı olar. Aktyoru Mədəniyyət Nazirliyi işə götürmür. Onları teatrların
direktorları işə götürür. Hər aktyorun işdən çıxarılmasının öz səbəbləri var.
Gənc Tamaşaçılar Teatrının bir başqa, YUĞ Teatrının isə tamam başqa səbəbləri
var. Aktyorun işə götürülməsi və çıxarılması teatrın direktorunun səlahiyyətində
olan məsələdir. Qeyd edim ki, YUĞ Teatrında daha ciddi məsələ var”.
"Bu maddələrə görə biz onu işdə saxlaya bilməzdik”
YUĞDövlət
Teatrının direktoru İslam Həsənov bizimlə söhbətində Sahib Ağayevin işdən çıxarılmasının öz səbəbləri olduğunu vurğuladı:
"Sahib Ağayevi Əmək Məcəlləsinin 74-cü maddəsinin "c” bəndinə əsasən işdən azad
etmişik. Belə ki, Sahib avtomobil qəzası törədib, bir nəfəri ağır, ölümcül
şəkildə yaralayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2018-ci tarixli,
1101274 saylı hökmü ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən 3 il
müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan və 5 il müddətinə
azadlıqdan məhrum edilib. Sahib 13 saylı cəzaçəkmə müəssisəsində qeydiyyata
alınıb. Hal-hazırda o, azadlıqdan qismən məhrumedilmə maddəsi ilə həmin
müəssisədə qeydiyyatdadır. Həyatdır, bu iş hər kəsin başına gələ bilər. Biz də
məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinə müraciət etdik ki, belə bir insan bizdə
işləyə bilərmi? Bizə bildirdilər ki, bu maddə ilə işləməyi mümkün deyil. Biz də
bunun əsasında onu işdən azad etmişik. Bu maddələrə görə biz onu işdə saxlaya
bilməzdik. O, işdən azad olunmalı idi”.
İslam Həsənovdan işdən çıxarılan
rejissorun yaradıcılığı ilə bağlı da hər hansı narazılığın olub-olmamasını
xəbər aldıq: "O, teatrda rejissor olaraq tamaşa hazırlayıb və onu bərpa edib.
Mən bura təyin olunduqdan sonra onun bir "Fəna” tamaşasını görmüşəm”.
YUĞ
Teatrının aktyoru Əbdülqəni Əliyevbizimlə söhbətində məsələni yeni eşitdiyini bildirdi: "Çox heyfsilənirəm ki,
belə bir hadisə olub. Sahibin xətrini həqiqətən çox istəyirəm. O, gözəl
sənətkardır. Ancaq Sahibin nə üçün və hansı səbəbdən işdən çıxarılmağını bilmirəm.
Teatra yeni gəlmişəm və indi xəbər tutmuşam. Vaxt tapıb məsələ ilə maraqlana
bilməmişəm. Mən belə hadisələrdən ən sonda xəbər tuturam”.
"74-cü
maddənin "c” bəndi mənə şamil oluna
bilməz”
İşdən çıxarılan rejissor S.Ağayev bizimlə söhbətində bu hökmün ona 2018-ci il yanvarın 29-da
oxunduğunu bildirdi: "Ötən il mənə bu məsələ ilə bağlı şərti cəza verildi. Bu hadisədən sonra
işləməyə davam etdim. Yay aylarında İslam Həsənov teatrımıza direktor təyin
olunanda, bu məsələ bəlli idi. Nə üçün bu məsələ məhz indi gündəmə gəldi? Çünki
teatrımızda olan müəyyən çatışmazlıqlarla, əsas da YUĞ-un simasının
dəyişdirilməsi ilə bağlı mətbuatda çıxış etdim. Ondan sonra direktorumuzun və
baş rejissorumuzun mənimlə şəxsi-qərəzliyi başladı. Mənə qarşı olan qərəzlərinə
başqa don geyindirə bilməyəndə, bu məsələni ortaya çıxardılar. Sözügedən məsələni
bəhanə gətirmələri isə qanunsuzdur. 74-cü maddənin "c” bəndi mənə şamil oluna
bilməz. Qeydiyyatda olduğum cəzaçəkmə müəssisəsinin rəhbəri mənə arayış verdi.
Bu arayışı direktorumuza da, nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl
müəllimə də təqdim etmişəm. Orda göstərilir ki, cəzaların icrası ilə bağlı 119.3-cü
bəndə əsasən bu tipli cəza çəkən insanların iş fəaliyyətinə heç bir məhdudiyyət
qoyulmur. Məntəqənin rəisi tərəfindən icazə verilir. Həmin şəxs ölkə ərazisini
tərk etmədən fəaliyyət göstərə bilər”.
Rejissor
qeyd edir ki, teatrın direktoru nazirliyin məktubuna əsasən belə qərar qəbul
edib: "Nazirliyin göndərdiyi məktubda deyilir ki, biz məsuliyyət daşımırıq, teatra
direktor və baş rejissor təyin etmişik. Qalan məsuliyyət teatr rəhbərliyinin öz
üzərinə düşür. Teatrın baş rejissoru Mehriban Ələkbərzadə mənim barəmdə nazirliyə
şikayət etdi. Mən də nazirliyə getdim, ancaq İsmayıl müəllim tam olaraq məni
dinləmədi. Onlar məsələni birtərəfli dinlədikləri üçün məhz belə mövqe
sərgiləyiblər. Bu ədalətsizlikdir. Bizim məsələmiz nazirlik səviyyəsinə
qalxmamalı idi. Direktor və baş rejissorun arasında müzakirə olunası məsələ
idi. Avtoqəza hamının başına gələ bilən hadisədir. Bizim qanunvericiliyimizdə
sürücünün məsuliyyəti çoxdur. İstənilən halda sürücü günahkar sayılır...”
Sahib
Ağzadə işdən çıxarılmasını ona mesaj vasitəsi ilə çatdırdıqlarını və prosedurun
bu şəkildə aparılmamalı olduğunu da bildirdi.
"O, YUĞ Teatrına lazımlı sənətçidir”
Məsələ ilə bağlı
teatrşünaslar da sosial şəbəkədə öz etirazlarını bildiriblər. Belə ki, teatrşünas, YUĞ Teatrının ədəbi hissə
müdiri Elçin Cəfərov "Facebook” hesabında heç vaxt heç bir kampaniyada
iştirak etmədiyini, ancaq bu məsələ ilə bağlı etiraz etdiyini bildirib: "Teatr
sənəti ilə bağlı hər hansı bir qalmaqallı olaya qoşulmağı, yaxud münasibət
bildirməyi adıma və peşəmə yaraşdırmamışam. Ancaq bu həna o hənadan deyil. Son
zamanlar YUĞ Teatrı ilə bağlı yaşanan olaylar məni narahat edir. Vaqif
İbrahimoğlunun vəfatından sonra teatrda baş verənlər, "YUĞ Teatrının Yox Teatrı
olmağı”na doğru aparan irili-xırdalı hadisələr məni çox üzür. Həmişə YUĞ
Teatrında çalışmağıma, YUĞ ailəsinin üzvü olduğuma
görə, ustadım Vaqif İbrahimoğlunun əlindən su içdiyimə görə qürur duymuşam.
3-cü kursda oxuduğum vaxtdan müəllimin dəvəti ilə YUĞ Teatrının ədəbi hissə
müdiri vəzifəsində işləyirəm. Vaqif İbrahimoğlunun rejissurası haqqında fəlsəfə
doktoru dissertasiyası müdafiə etmişəm. Deməyim o ki, YUĞ haqqında söz deməyə
mənəvi haqqım da, bilgim də yetir.Son zamanlar YUĞ-da yaşanan arzuolunmaz
hallar məni olduqca narahat edir. YUĞ Teatrının sənətçilərinin teatrdan
ayrılması bu teatra zərbədir. Bu teatr say-seçmə sənətçilərdən ibarətdir. Bu
sənətçilərin hər biri elə YUĞ-dur, teatrdır. Burada artıq adam yoxdur. Mir
Sahib Ağazadə YUĞ-un istedadlı və ləyaqətli sənətçilərindəndir. Azərbaycan
teatr məkanında barmaqla sayıla biləcək 5-6 istedadlı rejissordan biridir. Belə
bir sənətçinin teatrdan ayrılması üzücüdür. Hər insanın səhvi ola bilər, ancaq
bu, hər hansı sənətçini teatrdan uzaqlaşdırmağa əsas vermir.Teatr
hamımızdan böyükdür, məndən, səndən, ondan – hər kəsdən!!! YUĞ ideyasının
daşıyıcısı olan Mir Sahib Ağazadə bu gün YUĞ Teatrına lazımlı sənətçidir”.
AMEA Memarlıq və İncəsənət İnstitutunun"Teatr, kino, televiziya” şöbəsinin elmi işçisi,
teatrşünas Könül Cəfərova isə öz
etirazını belə bildirib: "Biz susduq, abrımızdan susduq, deyəcəyimiz etik
səslənməz deyə susduq, TEATR adının ləkələnməməsi üçün susduq. Amma olmur, biz
susduqca, böyük sandığımız Teatrın qəsdinə duranlar daha da bərkdən qışqırmağa
başladılar. Teatrın haqqına sahib çıxmadıqca, sahibsiz sandılar. Günah bir az
da özümüzdədir. Ya teatrın içində yaradılan bu bataqlıqda boğulub öləcəyik, ya
da teatrı öldürüb yenidən dirildəcəyik. Teatrın üstündən bu məzlumluğu, bu
yazıqlığı, bu qorxaqlığı söküb atacağıq. Başqa yolumuz yoxdur. Bu, bizim
gələcək nəsillər qarşısında imtahanımızdır. Adının Vaqif İbrahimoğlu adı ilə
qoşa çəkilməsini layiq bilən hər kəs öz teatrına sahib çıxmağı bacarmalıdır,
əks təqdirdə, papağını götürüb getməlidir!!!
TEATR ÖLDÜ! YAŞASIN TEATR!!!”
Xəyalə Rəis