• çərşənbə, 17 Aprel, 03:52
  • Baku Bakı 14°C

Bu dəfə aktyorlar səhnədə oynamır

11.01.19 10:30 855
Bu dəfə aktyorlar səhnədə oynamır
2019-cu ilin ilk ayını yaşayırıq. Yanvarın ilk teatr qalmaqalı aktyorların işdən çıxarılması oldu. Hər il yaşlı aktyorlar teatrdan çıxarılanda, bu, mətbuatın gündəm xəbərinə çevrilir. İşdən çıxıb, müqavilə ilə çalışan aktyorlar müsahibələr verirlər ki, bu da məsələni ağırlaşdırır. Xatırladaq ki, 65 yaşını adlayan aktyorlar təqaüdə göndərilir və lazımdırsa, bəziləri ilə müqavilə bağlanılır. Fəxri adları olanlara isə səhnəni 70 yaşında tərk etmək güzəşti edilir.Bu dəfə də eyni hadisə ilə rastlaşdıq. Amma fərqli bəhanələrlə. Eyni gündə iki fərqli teatrdan aktyorlar uşaqlaşdırıldı. Onlardan birincisi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin qərarı ilə xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva, əməkdar artistlər Atabala Səfərov və Rahib Əliyevin işdən çıxarılması oldu. Aktyorlar işdən çıxarılmalarına etiraz edirlər.
"Tamaşalar bitdikdən sonra bizim də teatrla işimiz bitmiş olacaq”
Teatrın aktyoru, əməkdar artist Rahib Əliyev mətbuata açıqlamasında teatr rəhbərliyinin qərarı ilə razılaşmadığını və işdən çıxmaq istəmədiyini bildirib. Onun fikrincə, mədəniyyət ocağından uzaqlaşdırılması qanunsuzdur: "Niyə çıxım axı? 50 ildən çoxdur işləyirəm. Bunu şikayət kimi demirəm. Deyirlər, işdən çıxacaqsan, amma əməkdar artist olduğun üçün hər tamaşaya 44 manat verəcəyik. Bu, qanunsuzdur, başqa teatrlarda belə hal yoxdur. Əvvəl maaşımızı kəsib 50 faiz etdilər. İndi 148 manat maaş alıram. Elə aktyorlar var məndən də az əməkhaqqı alır. İndi də deyirlər təqaüdçüsünüz, gedin. Direktor yeni gəlib, niyə belə edir, bilmirəm. Dünən teatrdan məni çağırıb dedilər ki, indi imkan yoxdur, amma yaxşı olacaq və sair. Sonra getdim kadrlar şöbəsinə, dedilər ki, əmək kitabçasını qaytaracağıq özünüzə, hər tamaşaya da 44 manat verəcəyik. Bu ay bir tamaşam var. Tamaşalar bitdikdən sonra bizim də teatrla işimiz bitmiş olacaq”.
Xalq artisti Yasin Qarayevbizimlə söhbətində dedi ki, o. teatrdan kənarlaşdırılmaq niyyətində deyil: "Mənə teatrdan bildirdilər ki, ərizə yazmalısan, etiraz etdim. Aktyorun 65 yaşından sonra müəssisənin direktoru onunla 70 yaşına qədər 5 il ərzində 1 illik müqavilələr bağlıya bilər. Bir ildən sonra istəsə, bağlamaz. Bu da işçilərin sayının 2 faizi qədər hesablanır. Mən belə düşünürəm ki, bu, teatrlara aid deyil, dövlət qulluqçularına aiddir. Müqavilə artıq bağlana bilməz. Çünki məsələn, Ağaxan Salmanlının 77 yaşı var. Ərizədə işdən çıxarıldığı qeyd olunur, ancaq onu xalq artisti kimi oynadığı tamaşalara görə dəvət edir və hər tamaşasına təxminən 40 manat verirlər. Yeni tamaşalarda isə rol verilmir”.
Məsələ ilə bağlı Teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Teatrın sözçüsü bu haqda suala cavab verə bilməyəcəyini, mövzu ilə bağlı teatrın baş rejissoruna müraciət edə biləcəyimizi bildirdi.
Günün ikinci qalmaqallı məsələsi isə YUĞ Dövlət Teatrının rejissoru Sahib Ağayevin (Mir Sahib Ağazadə) işdən azad edilməsi oldu. Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə mətbuata açıqlamasında xəbəri təsdiqlədi: "Bu barədə mən heç bir şey deyə bilmərəm. Ancaq xəbəri təsdiqləyirəm. Qərarı teatr verməyib, Mədəniyyət Nazirliyi rəsmi məktubla göndərib. Ona görə də təfərrüatları nazirliyin kadrlar şöbəsinə zəng vurub öyrənin”.
Aktyoru Mədəniyyət Nazirliyi işə götürmür
Mədəniyyət Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriİntiqam Hümbətovla əlaqə saxladıq. Məsələ ilə bağlı danışan İ.Hümbətov da öz növbəsində bildirdi ki, məsələnin təfərrüatını məhz teatrların mətbuat xidmətindən öyrənmək mümkündür: "Teatrların hər ikisinin mətbuat xidməti var. Mövzu ilə bağlı onlara müraciət etsəniz, daha yaxşı olar. Aktyoru Mədəniyyət Nazirliyi işə götürmür. Onları teatrların direktorları işə götürür. Hər aktyorun işdən çıxarılmasının öz səbəbləri var. Gənc Tamaşaçılar Teatrının bir başqa, YUĞ Teatrının isə tamam başqa səbəbləri var. Aktyorun işə götürülməsi və çıxarılması teatrın direktorunun səlahiyyətində olan məsələdir. Qeyd edim ki, YUĞ Teatrında daha ciddi məsələ var”.
"Bu maddələrə görə biz onu işdə saxlaya bilməzdik”
YUĞDövlət Teatrının direktoru İslam Həsənov bizimlə söhbətində Sahib Ağayevin işdən çıxarılmasının öz səbəbləri olduğunu vurğuladı: "Sahib Ağayevi Əmək Məcəlləsinin 74-cü maddəsinin "c” bəndinə əsasən işdən azad etmişik. Belə ki, Sahib avtomobil qəzası törədib, bir nəfəri ağır, ölümcül şəkildə yaralayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2018-ci tarixli, 1101274 saylı hökmü ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən 3 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan və 5 il müddətinə azadlıqdan məhrum edilib. Sahib 13 saylı cəzaçəkmə müəssisəsində qeydiyyata alınıb. Hal-hazırda o, azadlıqdan qismən məhrumedilmə maddəsi ilə həmin müəssisədə qeydiyyatdadır. Həyatdır, bu iş hər kəsin başına gələ bilər. Biz də məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinə müraciət etdik ki, belə bir insan bizdə işləyə bilərmi? Bizə bildirdilər ki, bu maddə ilə işləməyi mümkün deyil. Biz də bunun əsasında onu işdən azad etmişik. Bu maddələrə görə biz onu işdə saxlaya bilməzdik. O, işdən azad olunmalı idi”.
İslam Həsənovdan işdən çıxarılan rejissorun yaradıcılığı ilə bağlı da hər hansı narazılığın olub-olmamasını xəbər aldıq: "O, teatrda rejissor olaraq tamaşa hazırlayıb və onu bərpa edib. Mən bura təyin olunduqdan sonra onun bir "Fəna” tamaşasını görmüşəm”.
YUĞ Teatrının aktyoru Əbdülqəni Əliyevbizimlə söhbətində məsələni yeni eşitdiyini bildirdi: "Çox heyfsilənirəm ki, belə bir hadisə olub. Sahibin xətrini həqiqətən çox istəyirəm. O, gözəl sənətkardır. Ancaq Sahibin nə üçün və hansı səbəbdən işdən çıxarılmağını bilmirəm. Teatra yeni gəlmişəm və indi xəbər tutmuşam. Vaxt tapıb məsələ ilə maraqlana bilməmişəm. Mən belə hadisələrdən ən sonda xəbər tuturam”.
"74-cü maddənin "c” bəndi mənə şamil oluna bilməz”
İşdən çıxarılan rejissor S.Ağayev bizimlə söhbətində bu hökmün ona 2018-ci il yanvarın 29-da oxunduğunu bildirdi: "Ötən il mənə bu məsələ ilə bağlı şərti cəza verildi. Bu hadisədən sonra işləməyə davam etdim. Yay aylarında İslam Həsənov teatrımıza direktor təyin olunanda, bu məsələ bəlli idi. Nə üçün bu məsələ məhz indi gündəmə gəldi? Çünki teatrımızda olan müəyyən çatışmazlıqlarla, əsas da YUĞ-un simasının dəyişdirilməsi ilə bağlı mətbuatda çıxış etdim. Ondan sonra direktorumuzun və baş rejissorumuzun mənimlə şəxsi-qərəzliyi başladı. Mənə qarşı olan qərəzlərinə başqa don geyindirə bilməyəndə, bu məsələni ortaya çıxardılar. Sözügedən məsələni bəhanə gətirmələri isə qanunsuzdur. 74-cü maddənin "c” bəndi mənə şamil oluna bilməz. Qeydiyyatda olduğum cəzaçəkmə müəssisəsinin rəhbəri mənə arayış verdi. Bu arayışı direktorumuza da, nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl müəllimə də təqdim etmişəm. Orda göstərilir ki, cəzaların icrası ilə bağlı 119.3-cü bəndə əsasən bu tipli cəza çəkən insanların iş fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Məntəqənin rəisi tərəfindən icazə verilir. Həmin şəxs ölkə ərazisini tərk etmədən fəaliyyət göstərə bilər”.
Rejissor qeyd edir ki, teatrın direktoru nazirliyin məktubuna əsasən belə qərar qəbul edib: "Nazirliyin göndərdiyi məktubda deyilir ki, biz məsuliyyət daşımırıq, teatra direktor və baş rejissor təyin etmişik. Qalan məsuliyyət teatr rəhbərliyinin öz üzərinə düşür. Teatrın baş rejissoru Mehriban Ələkbərzadə mənim barəmdə nazirliyə şikayət etdi. Mən də nazirliyə getdim, ancaq İsmayıl müəllim tam olaraq məni dinləmədi. Onlar məsələni birtərəfli dinlədikləri üçün məhz belə mövqe sərgiləyiblər. Bu ədalətsizlikdir. Bizim məsələmiz nazirlik səviyyəsinə qalxmamalı idi. Direktor və baş rejissorun arasında müzakirə olunası məsələ idi. Avtoqəza hamının başına gələ bilən hadisədir. Bizim qanunvericiliyimizdə sürücünün məsuliyyəti çoxdur. İstənilən halda sürücü günahkar sayılır...”
Sahib Ağzadə işdən çıxarılmasını ona mesaj vasitəsi ilə çatdırdıqlarını və prosedurun bu şəkildə aparılmamalı olduğunu da bildirdi.
"O, YUĞ Teatrına lazımlı sənətçidir”
Məsələ ilə bağlı teatrşünaslar da sosial şəbəkədə öz etirazlarını bildiriblər. Belə ki, teatrşünas, YUĞ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov "Facebook” hesabında heç vaxt heç bir kampaniyada iştirak etmədiyini, ancaq bu məsələ ilə bağlı etiraz etdiyini bildirib: "Teatr sənəti ilə bağlı hər hansı bir qalmaqallı olaya qoşulmağı, yaxud münasibət bildirməyi adıma və peşəmə yaraşdırmamışam. Ancaq bu həna o hənadan deyil. Son zamanlar YUĞ Teatrı ilə bağlı yaşanan olaylar məni narahat edir. Vaqif İbrahimoğlunun vəfatından sonra teatrda baş verənlər, "YUĞ Teatrının Yox Teatrı olmağı”na doğru aparan irili-xırdalı hadisələr məni çox üzür. Həmişə YUĞ Teatrında çalışmağıma, YUĞ ailəsinin üzvü olduğuma görə, ustadım Vaqif İbrahimoğlunun əlindən su içdiyimə görə qürur duymuşam. 3-cü kursda oxuduğum vaxtdan müəllimin dəvəti ilə YUĞ Teatrının ədəbi hissə müdiri vəzifəsində işləyirəm. Vaqif İbrahimoğlunun rejissurası haqqında fəlsəfə doktoru dissertasiyası müdafiə etmişəm. Deməyim o ki, YUĞ haqqında söz deməyə mənəvi haqqım da, bilgim də yetir.Son zamanlar YUĞ-da yaşanan arzuolunmaz hallar məni olduqca narahat edir. YUĞ Teatrının sənətçilərinin teatrdan ayrılması bu teatra zərbədir. Bu teatr say-seçmə sənətçilərdən ibarətdir. Bu sənətçilərin hər biri elə YUĞ-dur, teatrdır. Burada artıq adam yoxdur. Mir Sahib Ağazadə YUĞ-un istedadlı və ləyaqətli sənətçilərindəndir. Azərbaycan teatr məkanında barmaqla sayıla biləcək 5-6 istedadlı rejissordan biridir. Belə bir sənətçinin teatrdan ayrılması üzücüdür. Hər insanın səhvi ola bilər, ancaq bu, hər hansı sənətçini teatrdan uzaqlaşdırmağa əsas vermir.Teatr hamımızdan böyükdür, məndən, səndən, ondan – hər kəsdən!!! YUĞ ideyasının daşıyıcısı olan Mir Sahib Ağazadə bu gün YUĞ Teatrına lazımlı sənətçidir”.
AMEA Memarlıq və İncəsənət İnstitutunun"Teatr, kino, televiziya” şöbəsinin elmi işçisi, teatrşünas Könül Cəfərova isə öz etirazını belə bildirib: "Biz susduq, abrımızdan susduq, deyəcəyimiz etik səslənməz deyə susduq, TEATR adının ləkələnməməsi üçün susduq. Amma olmur, biz susduqca, böyük sandığımız Teatrın qəsdinə duranlar daha da bərkdən qışqırmağa başladılar. Teatrın haqqına sahib çıxmadıqca, sahibsiz sandılar. Günah bir az da özümüzdədir. Ya teatrın içində yaradılan bu bataqlıqda boğulub öləcəyik, ya da teatrı öldürüb yenidən dirildəcəyik. Teatrın üstündən bu məzlumluğu, bu yazıqlığı, bu qorxaqlığı söküb atacağıq. Başqa yolumuz yoxdur. Bu, bizim gələcək nəsillər qarşısında imtahanımızdır. Adının Vaqif İbrahimoğlu adı ilə qoşa çəkilməsini layiq bilən hər kəs öz teatrına sahib çıxmağı bacarmalıdır, əks təqdirdə, papağını götürüb getməlidir!!!
TEATR ÖLDÜ! YAŞASIN TEATR!!!”
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər