• cümə axşamı, 25 aprel, 05:46
  • Baku Bakı 19°C

“Bu da mənim sirrim olsun...”

10.06.14 10:51 5167
“Bu da mənim sirrim olsun...”
Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşa oynanılır. Bütün diqqətim balaca bir qızın üzərinə yönəlib. Arada ətrafıma boylanıram. Deyəsən onun oyununa heyran qalan sadəcə mən deyiləm. Bütün məsumiyyətilə Səbinə Məmmədzadə səhnədədir. Xərçəng xəstəsi bir qızı canlandırır.
Özümdən ixtiyarsız fikrim bundan 7-8 il əvvələ gedir. Kənddəki evimiz, yay tətilində bizə qonaq olan müəlliməm və onun həyətdə dəli-dəli rəqs edən dünyalar gözəli bir qızı…
Allah, necə də şirindi. Onun səmimiliyi kəndin təbiiliyilə bütünləşib və heyrətamiz ahəng yaranıb. Bu qız evimizə şənlik gətirib. Bir də gül sevməyi var onun. Sarı gül.
Evin ortasında “dədə, nənə” deyə-deyə dolanır, hərənin başına bir oyun açır. Bizdən keçib qonşular da sevir onu. Bu qız bizim dünyamızda qəfil açan bir sarı güldü, illər keçdikdən sonra bizim evin o balaca qonağı efirlərdən boylandı kəndimizə.
Tamaşaya qayıdıram. Səbinə yaradır. Həm balacadı, həm də böyüyüb. O hamını özünə heyran qoyan məsumluğunu roluna elə gözəl əxz elətdirir ki, zalda hər kəs susub.
İndi onu sizinlə də tanış eləməkçün tələsirəm. Müsahibim Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadədir. Oxuyun, tanıyın və onu mütləq səhnədə izləyin:
- Səbinə Məmmədzadə özünü oxucularımıza necə təqdim edərdi?
- Sadəcə Səbinə.
- İlk addımlar... Sənətə gedən yolda ailənin, ailə fərdlərinin rolu...
- 1997-ci Bakı Xoreoqrafiya Məktəbinə qəbul olduğum gün ilk addımım hesab oluna bilər. Anam məni Xoreoqrafiya məktəbinə aparıb. Onlara elə gəlirmiş ki, mən bir neçə il oxuyub məktəbi atacam. Belə olmadı. Bir də əsas faktor anamın ədəbiyyatçı, atamın da Polis Akademiyasından əvvəl oxuduğu Mədəni-Maarif texnikumuydu. Yaxşı yadımdadır, mən balaca uşaq olanda atam tar çalardı, anam da mahnı oxuyub, şeir deyərdi...
- Rəqs, aktrisalıq və s... Çətin deyil ki?
- Rəqs məktəbində on iki nəfər qız idik. Cəmi üç nəfərə təyinat verdilər. İmtahanda gəlib üç qızın hərəsini bir rəqs ansamblına seçdilər. O üç qızdan biri də məniydim. Getdikcə hiss elədim ki, rəqs məni doyurmur. Bəzən hədsiz dərəcədə hərəkəti sözə çevirmək istəyirdim. Hətta ayaqlarımı unudurdum, mimikalar qabarırdı. Və qərar verdim ki, rejissorluq fakültəsinə qəbul olub, rəqsi tamamən buraxım. İndi hərdən özüm də çaşıram. Axı mən əslində harda olmalıyam?!
- Doğrudan da əslində harda olmalısan? Qərar verə bildinmi buna?
- İndi olduğum yerdə…
-Haradı o yer? Səhnəmi? Serialların çəkiliş meydançalarımı? Klipdəki "qonşu qız"ımı? Hara?!
-Məni belə dolaşdırmayın xanım, mən hələ çox böyüməmişəm…
- Sən bu dünyaya böyük gəlmisən, ən azından mənim bundan xəbərim var və rollarındakı səmimiyyətinlə tamaşaçılar da xəbərdar olur. Xahiş edirəm, suallardan yayınmayaq! Ciddi səhnələrdə rol alırsan, ciddi aktyorlarla. Nurəddin Mehdixanlı, Həmidə xanım Ömərova... İzlədiyimə görə, onlar da səndən məmnundular. Həm balaca qalmağı, həm səmimi olmağı, həm də böyük rolların öhdəsindən gəlməyi necə bacarırsan?
- Şükür ki, razı qalırlar. Mən buna görə sənət müəllimim Bəhram Osmanov və teatrımızın direktoru Mübariz Həmidova minnətdaram ki, mənə belə şans verdilər. Həm kiçik, həm böyük qalmağı isə doğru dediniz. Bunu hələ heç kim deməmişdi mənə. Bu da mənim sirrim olsun.
- Ən böyük mənəvi dayağın kimdir?
- Allahım və onun mənə anam kimi böyük lütfü…
-Bəs idealın?
- Bəlkə də oxuculara qəribə gələcək, çünki mənim siyasətlə heç bir bağlılığım yoxdur. Amma idealım rəhmətlik Heydər Əliyev olub. İndi də onun ideyaları yol göstəricimdir.
- Yolun sonunda nə var? Sən başlayanda nə vardı, bitəndə nə olacaq?
- Mən səbəb və nəticə arasında sərbəstəm. Nəticə Allaha məxsusdur. Sadəcə niyyətimə uyğun nəticə olacaq deyə təxmin edirəm, çünki hər zaman belə olub. İnanıram ki, sənət yolumda doğru addımlarla irəliləsəm, peşman olmayacam.
- Hardasa hiss edirsənmi ki, nəsə çatmır? Və o "nəsə"nin nə olduğunu bilmədən gözlərin, ruhun onu axtarır?
- Əgər söhbət sosial problemlərdən gedirsə, o “nəsə”lər hər zaman çatmır. Amma iş prosesi elədir ki, səhhətində belə bir çatışmazlıq varsa, işləyəndə hamısı yaddan çıxır.
- Bir az da yeniliklərdən bəhs edək, nələr var yaxın gələcəkdəki planlarda?
- Bəhram Osmanovun quruluşunda "Sarıköynək və Valehin nağılı" tamaşası nümayiş olunacaq. Orada kiçik, amma maraqlı bir rolum var, Sənubər obrazı. Eyni zamanda, bir neçə yeni çəkiləcək seriallardan da dəvət almışam. İcazənizlə hələ açıqlamayım.
Yeri gəlmişkən, onu da qeyd edim ki, keçən gün Telli xanım Pənahqızının kitab təqdimatında dörd nəfər aktyor çıxış edirdi ki, onlardan biri də mən idim. Müxtəlif mövzülarda şeir dedik. Gördüm ki, şeir deməyim də varmış.
- Təsəvvür edə bilirəm. Səni tanıyan biri olaraq niyəsə mənə elə gəlir ki, o böyük mənəvi dünyanı qoyacaq yer yoxdu səninçün. Ümid eləmək istəyirəm ki, səhv edirəm. Və mənəvi dünyası geniş olan adamlarla işləmək xüsusilə sənət adamları üçün həm çox asan, həm çox çətindir. Azərbaycanda sənin "bax bu adamla işləyə bilərəm" deyə biləcəyin kim var? Rejissor baxımından…
- Ümumiyyətlə mən əgər aktrisayamsa, deməli rejissorun canlı robotuyam. Və o necə görmək istəyirsə, elə olmalıyam. İstər kinoda, istərsə də teatrda - fərqi yoxdur, bu, qanundur. Sadəcə mənim üçün teatr rejissorları içində ən çox sevdiyim və işlərini izlədiyim öz sənət müəllimim Bəhram Osmanovdur. Qeyd edim ki, həqiqətən mənəvi dünyası geniş olan insanlar özündən başqalarına çox müsbət enerji verə bilirlər. Müxtəlif truppalarda müxtəlif insanlarla çalışmalı oluram. Peşəkarlıq və mənəvi zənginlik bir araya gələndə, o işə qarşı məndə böyük həvəs yaranır. “Qanun naminə” çox seriyalı bədii filmində rejissor işləyirdim. Orada peşəkar aktyorlar əksəriyyət təşkil edirdi. Ayşad Məmmədov, Əbdülqəni Əliyev, Əjdər Zeynalov, Qurban İsmayılov, quruluşçu rejissorumuz Xanlar Ağayev…
Bu komandayla yenidən işləmək mənim üçün çox xoş olardı.
- Tamaşaçı reaksiyası səni narahat eləmir ki?
- Hələ yeniyəm. Amma hiss edirəm ki, tamaşaçı rekasiyası nə qədər çox olarsa, o qədər maraqlı olar.
- Oxucularımıza sözünüz…
- Teatr sizin güzgünüzdür. Gəlin və müxtəlif mövzülarda peşəkar aktyorlarımız tərəfindən daxilinizdən keçənləri, amma özünüzə deyə bilmədiklərinizi görün.
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər