• çərşənbə, 24 Aprel, 17:33
  • Baku Bakı 27°C

Bu da ingilislərin söz azadlığına münasibəti

30.01.14 09:04 1413
Bu da ingilislərin söz azadlığına münasibəti
Bu günlərdə dünyada media azadlığının səviyyəsini müəyyən etməyə yardımçı ola biləcək bir olay yaşanıb. İngiltərədə yaşayan iki nəfər Twitter sosial şəbəkəsində bir millət vəkilini söydükləri üçün həbs ediliblər. Vestminister Krallıq Məhkəməsi qarısına çıxarılan şəxslər 2-3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumata görə, İzabella Sorley və Con Nimmo adlı şəxslər Twitter sosial şəbəkəsində yazışdıqları feminist insan haqları müdafiəçisi olan millət vəkili Stella Kresini təhqir ediblər. Millət vəkilinin məhkəməyə müraciətindən sonra hakim qarşısına çıxarılan İzabella və Con haqqında həbs qərarı verilib. İzabella 12 həftə, 25 yaşlı Con isə 8 həftə müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hər iki şəxsi sosial şəbəkədən düzgün istifadə edə bilmədiyi üçün həbs edib. Məlumatlara görə, Twitter istifadəçiləri millət vəkilinə “Get intihar et”, “Yeni həbsdən çıxmışam, amma sənin dəfn edildiyini görmək üçün yenidən həbsə girə bilərəm” deyə mesajlar göndərirmişlər.
Əslində bu cəzalandırma faktı sosial mediada söz azadlığının kobud şəkildə pozulması halı kimi qiymətləndirilə bilər. Bu presedent gələcəkdə digər sosial şəbəkə istifadəçiləri üçün də tətbiq edilə bilər. Nəzərə alsaq ki, bu hadisə Avropanın göbəyində baş verib, adamı lap dəhşət bürüyür. Amma adamı dəhşətə salan təkcə bu deyil. Adamı dəhşətə salan həm də odur ki, bu söz azadlığının pozulması faktına heç bir media təşkilatı reaksiya verməyib. Bu günlərdə növbəti hesabatını açıqlayan və mərkəzi qərargahı elə İngiltərədə yerləşən "Article XlX" təşkilatı məsələnin üstündən tamamilə ötüb keçməyə çalışıb. Söz azadlığı ilə bağlı digər qurumlardan da səs çıxmayıb. Təbii olaraq sual yaranır: Görəsən niyə hüquq müdafiə təşkilatları İngiltərədə ifadə azadlığının boğulmasına münasibət bildirmirlər?
Qeyd edək ki, bu, İngiltərədə söz azadlığının pozulması ilə bağlı ilk belə fakt deyil. Özünü demokratiyanın beşiyi adlandıran bu Avropa ölkəsində 2011-ci ilin yayında da sosial mediada müxalif fikirlərlə çıxış edən gənclərə qarşı inzibati güclərin işə salınması faktı yaşanmışdı. Həmin ilin 4 avqustunda 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan proseslər yaşanmaqda idi. Hökumət hadisələri nəzarət altına almaqda çətinlik çəkirdi. Məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdan Britaniyanın baş naziri Devid Kemeron hadisələri kəskin pisləyərək bunu qarət, quldur dəstələrinin cəzasızlığı mühitində yaxınlaşan mənəvi kollaps adlandırmışdı.
D.Kemeron küçə bandalarının Facebook və Twitter sosial şəbəkələri ilə fəaliyyətlərini əlaqələndirdiklərini əsas gətirərək demişdi ki, hökumət bu şəbəkələrin məhdudlaşdırılması, süzgəcdən keçirilməsinə hazırdır. Ozaman Britaniyanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanları sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb ediləcəklərini bildirmişdilər. Bundan sonra həyata keçirilmiş tədbirlər nəticəsində 2 min adam həbs edilmişdi. Məhkəmədə evindən bayıra çıxmayan, sadəcə, kompüter arxasında oturaraq Facebook-da sosial çağırışlar edən iki gənc - Çeşir qraflığının sakinləri 22 yaşlı Perri Satkliff-Kinan və 20 yaşlı Cordan Blekşou 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu. İndi isə yuxarıda qeyd etdiyimiz kimi, 2 gənc Twitter-dəki fikirlərinə görə azadlıqdan məhrum edilib.
Burada məntiqli sual yaranır: bəs demokratik dəyərlər, söz, məlumat azadlığı, insan hüquqları necə olsun? Maraqlıdır ki, həmin vaxt da beynəlxalq media qurumları bu həbslərə o qədər də diqqət yetirmədi. Bu sahədə mütəmadi hesabatlar hazırlayan "Freedom House", "Human Rights Watch", "Sərhədsiz reportyorlar" və digər təşkilatlar bu hadisəni sanki görməzdən gəlməyə çalışdılar. Nə həbs olunanların siyasi məhbus elan edilməsi cəhdləri oldu, nə də Böyük Britaniya hökumətinin ölkədə söz azadlığını məhdudlaşdırmasından, sosial şəbəkələrdə ifadə azadlığına qarşı səlib yürüşü açmasından bəhs edildi.
İndi gəlin, bir anlıq təsəvvür edək ki, bu hadisələr Azərbaycanda baş verib və hökumət evindən bayıra çıxmayaraq, kompyuter arxasında sosial çağırışlar edən gəncləri həbs edib. Nələrin baş verəcəyi, hansı hay-küyün qaldırılacağını təsəvvür edirsinizmi? Bu baxımdan, bəzi hüquq-müdafiə təşkilatlarının Böyük Britaniya rəsmilərinin bəyanatlarına, məhkəmələrinin çıxardığı qərarlara münasibəti anlaşılmazdır. Bizdə birini fərariliyə görə məhkum edəndə də müxalifət, QHT-lər, xarici təşkilatlar dərhal onun müdafiəsinə qalxır və bəyan edirlər ki, bu adam sosial şəbəkələrdə fəallığına görə həbs olunub. Ancaq Britaniyada sosial şəbəkələrdə fəallığa görə insanların həbs edilməsinə isə münasibət bildirilmir.
Maraqlıdır ki, öz ölkəsində davamlı olaraq baş verən bu kimi halları görməzliyə vuran "Article XlX" təşkilatı daim Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı narahatlığını ifadə edir, bu müstəvidə baş verən ən kiçik olaya belə münasibət bildirir. Amma onlar ovuclarının içində, gözlərinin qabağında baş verən hadisələri görmək istəmirlər. Onlar görmək istəmirlər, amma biz, eləcə də bütün dünya bunları görür. Bu fakt bir tərəfdən, bütün çılpaqlığı ilə ikili standartdırsa, digər tərəfdən, İngiltərədə sosial şəbəkələrdə ifadə azadlığının heç də yüksək səviyyədə qorunmadığının göstəricisidir.
Baş verənlər bir daha göstərir ki, "Article XlX" kimi təşkilatlar heç də media azadlığının təmin edilməsi məqsədilə yaradılmayıblar. Onların əsl məqsədi Azərbaycan kimi Avropadan kənarda yerləşən ölkələrə təsir etmək, təzyiq altında saxlamaqdır. İş özlərinə gəlib çatanda, hər şey ölkənin sabitliyi əsası ilə və hakim rejimin istəklərinə uyğun olaraq “unudulur”, insan haqları, media azadlığı tamamilə yaddan çıxır. 2011-ci ildə baş verənlər və bu dəfəki həbslər Avropanın söz və ifadə azadlığına münasibətinin əsl iç üzünü ortaya qoyur.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər