• şənbə, 20 Aprel, 05:38
  • Baku Bakı 15°C

Bu da bir bayram təbriki

08.03.14 09:24 1795
Bu da bir bayram təbriki
İlk dəfədir ki, nədən başlayacağımı bilmirəm. Bəlkə də heç bir ədəbi priyom axtarmayım, hə? Sadəcə bu sətirləri oxuyacaq insanları təbrikdən başlayım; anaları, bacıları, bibiləri, xalaları, gəlinləri, qızları, bir çiçək həsrətində olanları, bir xoş sözə möhtacları...və bir də...bir də hər ilin bircə gününü yox, 365+-1 gününü belə səmimi, mehriban və sevgi dolu olmağa (axı bu qloballaşan dünyada baş saxlamaq və üstəlik sevərək və sevildiyinə əmin olaraq yaşamaq asan məsələ deyil!) haqqı daha çox olan, doğmasından, hətta yadından belə, bir xoş təbəssüm umduğumuz kişiləri bu zəriflik, gözəllik və sevgi bayramı münasibəti ilə təbrik edim!! Ağzıgöyçəklər o dəqiqə deyəcəklər ki, kişilərin bu bayrama nə aidiyyatı? Tələsməyin, xanımlar, mən sadalayım, siz də oxuyun!
Bəs qəlbimizi yerindən oynadan şirin sözləri, həyəcan və nigarançılıqla axtarıb (birdən xoşumuza gəlməz aldığı) seçdiyi hədiyyələri biz kimdən gözləyirik? Ay sağ olun! Düz tapdınız: KİŞİLƏRDƏN!!! Axşam gələndə əlinə baxdığınız kişilərin gözlərindəki o sevgi və sevinc işartısı sizə nəyisə xatırladırmı? Bəli, bəli, həmin an onlar analarının tapşırığını yerinə yetirən uşaq kimi sevimli, məsum, qürurlu görünürlər. Axı, İnsan hansı yaşda olursa olsun, fərq etməz, ilkinliyinin, o unudulmaz uşaqlıq dünyasının gözəgörünməz tellərindən birini mütləq və mütləq əlində saxlayır.
Hərdən siz də ürəyinizin lap dərin guşəsində fikirləşirsiniz ki, bəzən hirsinizi-hikkənizi, əsəbinizi və hətta nifrətinizi belə bir nəfəsə üzünə çırpdığınız Kişilər olmasaydı nə olardı görəsən? Əvvəla, biz olmazdıq, sadəcə anamız bizi bu dünyaya yolçu etməzdi, sadəcə doğulmazdıq yəni! Əlbəttə, onlar olmasaydı, bizim bu dünyada yaşam anlamımız da olmazdı! İlk əvvəl Atamız, sonra qardaşlarımız, dayımız, əmimiz, sonra yaxın çevrəmizdəkilər... Və nəhayət günlərin bir günü...bizə hər kəsdən daha yaxın, daha əziz, daha doğma və vazkeçilməz saydığımız, hər gün adını yüz yol xəlvətcə pıçıldadığı-mız, yollarına boylandığımız, bir telefon zəngi ilə bulud olub göylərə pərvazlandığımız, bir baxışından inciyib küsdüyümüz, ancaq yenə də bağışladığımız və "Yarım, sevgilim, həyatım" deyib əzizlədiyimiz o yeganə insan olmasaydı evimiz suyu sovrulmuş dəyirmanı xatırlatmazdımı, dünya bomboz bozarmazdımı?!! Gülümsəməniz yetər ki, mənimlə şərik olduğunuzu hiss edim! Bax belə...
Qadınların bayramında kişilərdən yazmağımı qəbahət saymadığınız üçün Sizə təşəkkür edirəm, əziz xanımlar! Onların hər birimizin həm fərd, həm də toplum olaraq həyatımızdakı rolunu sadalayıb heç sizi yormaq niyyətində deyiləm. Mən yüz faiz əminəm ki, onlarsız biz qanadı qırılmış quş kimiyik, ha çirpınsaq, çabalasaq da uça bilmərik. Evdə də, həyət-bacada da, yolda da, qonaqlıqda da, şad gündə də, Allah iraq eləsin, dar gündə də yarağımız, yaraşığımız onlardır. Mən hərdən bəzi xanımların Amazonkalıq iddasını başa düşmürəm də!
Mən düşünürəm ki, Allah-Təala Qadını mələk kimi gözəl, məsum yaradıb! Qadın-zərifliyi, incəliyi, lətafəti, batini gözəlliyi, isməti, evcanlılığı, ailəsevərliyi, şəfqəti ilə kişilərin baş tacı olduqlar kimi, kişilər də mərdliyi, dəyanəti, ağlı, zəkası, əməksevərliyi, daşdan çörəkpulu çıxarmağı, qolunun qüvvəsi, sözünün kəsəri, alicənablığı , sədaqəti, bəzən lap sərtliyi, bəzən hətta bir qədər kobudluğu ilə belə, ən başlıcası isə ailəsinə- həyat yoldaşına, övladlarına, valideynlərinə ürəyinin lap dərin qatlarında bir QORÇU məsuliyyəti ilə qoruyub saxladığı, yad gözlərdən, yaman dillərdən, bəd niyyətlərdən pünhan tutmaga, bir qədər sirli saxlamağa çalışdığı, çox vaxt məncə, elə bu səbəbdən bariz şəkildə büruzə vermədiyi, açıqlamaq istəmədiyi Sevgisi, İstəyi ilə bizim evlərimizin və könüllərimizin QİBLƏSİ sayılmalıdılar.
Uzun illərdən bəri işimlə əlaqədar çox insanlarla ünsiyyətdə olmuşam, müsahibə üçün çox evlərin qapısını döymüşəm, konsert və sərgi salonlarında, səhnədə və ekranda, zavod və fabriklərdə (rəhmətlik Sovet İttifaqının vaxtında), tikinti meydanlarında, qürbət diyarlarda, səngələrdə, odun-alovun içindən sağ çıxan göyüşçülərin yanında, siyasi savaşlarda, yüksək dövlət məmurlarının iş otağında...bir sözlə. bütün sahələrdə çalışan, millətinə və təbii ki, ailəsinə xidmət göstərən insanlarla-kişilərlə həmsöhbət olmuşam. Nə gizlədim, bəziləri ilə müsahibəni tez-tələsik, yarı-yarımçıq tamamlamaq zorunda qalmışam, hiss eləmişəm ki, o mənim dilimdən, ədəbiyyatımdan, tariximdən uzaq adamdır, (dünya təkcə bizim arzu etdiyimiz, düşündüyümüz insanlardan ibarət olsaydı, yaşamağa nə var ki!) belələri üçün yalnız şəxsi maraqları önəmlidir, elə buna görə o adamı da, onunla görüşü də, söhbəti də yaddaşımdan silməyə çalışmışam.
Amma elə insanlar olub ki, onların sözündən, söhbətindən doymaq olmayıb, bəzən çəkdiyimiz müsahibimin hamısını efirin vaxt məngənəsində sıxmağa məcbur olmuşam, bu söhbətin səbətə tullanan hissəsinə heyfim gəlib, material efirə gedəndən sonra da onu uzun müddət yazı stolumun yeşiyində saxlamışam. Nəyə görə? Ona görə ki, orada mənim Vətənimin ləyaqətli bir övladının, bir Kişisinin səsi, arzuları, düşüncələri vardı!
Mən Anasını sevən Kişilərin qarşısında baş əyirəm! Mən onu dünyaya gətirən Qadının ixtiyar çağında da körpə kimi dizlərinə qapanıb əllərindən öpən, onun qaşları çatılanda, kefi olmayanda özünə yer tapa bilməyən Kişilərə böyük hörmətlə yanaşıram və o an dünyada cəmi 37 il ömür sürmüş atamı xatırlayıram, onun Anasına-yəni mənim nənəmə olan tükənməz sevgisinə bir daha heyrət edirəm. İndi mən atamdan yaşca böyüyəm, bəlkə də mənim Anama olan sevgimin və bağlılığımın kökündə də elə uşaq ikən görüb duyduğum və qanıma, yaddaşıma hopdurduğum o sevginin işartıları dururdu. Atam işdən evə dönən kimi ilk əvvəl nənəmin boynunu qucaqlayardı, üzündən, əlindən öpərdi, keyini soruşardı, gününün necə keçdiyi ilə maraqlanardı.
Mən anasından və sevgili xanımından məhəbbətlə danışan və danışdıqca da həyəcanlanan, hətta göz yaşlarının yanağından süzüldüyünün gizlətməyə can atmayan dünyaca məşhur insanlar görmüşəm. Örnək istəyirsiniz? Buyurun: Ümummilli liderimiz Heydər Əliyev! O anasından danışanda mavi gözlərinin dərinliklərində sanki dup-duru bir bulaq qaynayırdı. O ömür-gün yoldaşı Zərifə xanımı xatırlayanda səsi titrəyirdi, "Sənsiz" romansını dinləyərkən yanağından üzü aşağı yuvarlanan göz yaşlarının fərqində belə deyildi!
Mən qardaş Türkiyə Cümhuriyyətinin Baş Naziri sayın Rəcəb Teyyub Ərdoğanın anasının cənazəsi başında axıtdığı göz yaşlarından öpməyə hazıram! Mən ilahiyyatçi alim Nihat Hatiboğlunun anasının ölümdən sonra apardığı verilişdə tamaşaçıların təziyələrini qəbul edərkən necə səssiz və içdən ağladığını görəndə özümdən ixtiyarsız televizoru sinəmə sıxmışam!
Mən maestro Niyazinin, bəstəkar Fikrət Əmirovun, böyük sənətkarımız Mirzə Babayevin, dahi rəssam Səttar Bəhlulzadənin, sevimli şairimiz Bəxtiyar Vahabzadənin, aktyor Həsən Məmmədovun, göz həkimi, şair Paşa Qəlbinurun... dostum , qardaşım qədər xətrini əziz tutduğum Əliqismətin, çörəkçi Mürsəl kişinin, poçtalyon Vəlişin, sürücü Cavadağanın və yüzlərlə sadə peşə sahibinin "Yedəki Tanrım!" deyib anasına sarıldığının şahidi olmuşam. "Anamı-Vətənimi qoruyuram!" - hayqırib düşmənin başında ildırım kimi çaxan Mübarizlərin, Fəridlərin, Riyadların, Əliflərin, Aqillərin, Ramillərin-Azərbaycanın bütün rayonlarının və Bakının Şəhidlər xiyabanında uyuyan mərd oğullarımızın səsini eşidirəm bu an!
Məşhur bir deyim var: Hər güclü Kişinin arxasında bir qüdrətli Qadın dayanır!
Bəli, kişilər gücü qüvvəti, yenilməzliyi, cəsarəti, şücaəti, dəyanəti biz qadınlardan alır, bizə arxalanır, bizə güvənir, bizim xoş sözümüz, sevgimiz, məhəbbətimizlə dağı-dağ üstə qoyur, keçilməz yollar aşır, döyüşlərdə qələbə qazanır, el içində, dost arasında İnsan kimi, Kişi kimi qürurlu, məğrur gəzir!
Əziz qadınlar! Gəlin bu Qürur, bu Əzmkarlıq, bu Məğrurluq və Mübarizə təcəssümü kimi həmişə yanımızda görmək istədiyimiz dəyərli varlıqları qorumağa çalışaq! Onlarsız, vallah, dünyanın bir anlamı yox...
Bayram təbrikləri ilə :
Telli Pənahqızı
banner

Oxşar Xəbərlər