“Bu cür davranış qınanmalıdır”
"ATV” telekanalında yayımlanan "Yoxlama”
verilişinin keçən il Şamaxıdakı restoranlardan birində çəkiliş aparmaq istəyərkən
baş verən qalmaqalı yaddaşlardan silinməmiş veriliş ətrafında növbəti insident
gündəmə gəlib. Bu dəfə "Yoxlama”nın səsi Bakı şəhəri Xətai
rayonundakı Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdən eşidildi. Məktəb
direktorunun dediyinə görə, çəkiliş qrupu məktəbə daxil olaraq, zorakılıqla
çəkiliş aparmağa cəhd edib: ""Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov 12
nəfər idmançı görünüşlü şəxslə (özünü bütün sahələr üzrə ekspert kimi təqdim
edən hündürboylu 27-28 yaşlı gənc oğlan, ATV gödəkcəsi geymiş 5 nəfər və
təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc) qapıçını itələyərək məktəbə
daxil olub, təxminən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb. Onlar
məktəbin müxtəlif ərazilərində, həmçinin siniflərə icazəsiz daxil olaraq
çəkiliş aparıb, tədris prosesini kobudcasına pozublar. Onlar məktəb
rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməyib, özlərini sözün həqiqi
mənasında media təmsilçisinə xas olmayan tərzdə aparıblar”.
Direktorun
sözlərinə görə, çəkiliş qrupu tərəfindən müəllimlərə və məktəbin texniki
personalına qarşı kobudluq edilib, ələ salma tipli suallar verilib, qeyri-etik
ifadələrlə pedaqoji heyətin və şagirdlərin hissiyyatına toxunublar: "Heç bir
xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna
daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin
"çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər
arasında çaşqınlığa və vahiməyə səbəb olub”.
Direktorun sözlərinə görə, "çəkiliş
qrupu”nun əməkdaşlarından biri məktəbin 6 "e” sinif şagirdini kobudcasına
itələyərək yıxıb və ona xəsarət yetirib. Həmçinin aparıcının əlində əvvəlcədən
çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici
görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutan hazır
siyahısı olub. Verilişin aparıcısı A.İsmayılovun öz hərəkətlərinin izahı kimi
"Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik
qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama
aparmaq idi” ifadəsi olsa da, sual yaranır: hər hansı KİV-in təhsil
müəssisələrinə daxil olması hansı qaydalarla tənzimlənməlidir? "Mən media
işçisiyəm” deyə əlindəki vəsiqəni təqdim edib istənilən müəssisəyə daxil olmaq
olarmı? Və ya direktorun söylədiyi meyarlar üzrə yoxlama aparmağa media
işçisinə səlahiyyət verilirmi? Jurnalistin kimisə hədələməklə, zor tətbiq
etməklə çəkiliş aparmağa, məlumat əldə etməyə haqqı varmı? "Kütləvi İnformasiya
Vasitələri haqqında” qanunda media işçilərinin məlumat əldə etmək və ya çəkiliş
aparmaq hüquqlarına qarşı tərəfin münasibəti necə olmalıdır?
Bakı Şəhər Təhsil İdarəsi "Kaspi”yə
açıqlamasındaAzərbaycanda təşəkkül tapan açıq informasiya
siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən birini
təşkil etdiyini açıqlayıb: "Bu baxımdan, BŞTİ-nin fəaliyyəti və idarənin
tabeliyindəki təhsil müəssisələrinin həyatında baş verən yeniliklər haqqında
məlumatlar operativ şəkildə ictimaiyyətə çatdırılır. Təhsil müəssisələrinin
fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla,
peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini
maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır”. BŞTİ-dən
verilən açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının,
"Təhsil haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Kütləvi İnformasiya
Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun
olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa nail olunub.
Elə isə
"Yoxlama” həmin əmıkdaşlıqdan direktorun dediyi kimi, niyə zorakı şəkildə
istifadə etməyə çalışıb?
Yanlışlıq
Milli Teleradio Şurasının
sədr müavini Qafar Cəbiyev hələ efirə getməyən veriliş haqqında danışmağı
lüzum bilmədi: «Veriliş efirə getməyincə onun haqqında danışmaq düzgün deyil.
Qoy efirə çıxsın, sonra müzakirə edərik».
Respublika Təhsil Şurasının
sədri, professor Əjdər Ağayev məsələyə ümumi yanaşaraq heç bir KİV
orqanının yoxlama məqsədilə təhsil müəssisəsinə daxil olmaq ixtiyarı olmadığını
bildirir: "Yoxlama aparmaq üçün xüsusi təşkilatlar, orqanlar var. Əgər hər
hansı KİV təcrübəni öyrənməyə gedirsə, ilk növbədə məktəbin rəhbərliyindən
icazə almalıdır. Məktəbin rəhbərliyi münasib bilərsə və orada hansısa mərasim
keçirilmirsə, çəkilişə icazə verə bilər».
Ekspert hesab edir ki, telekanalın "Yoxlama” verilişinin hansısa bir
müəssisəyə «yoxlamağa gəlmişəm» deyə daxil olması, həm etik, həm hüquqi, həm də
pedaqoji baxımdan düzgün deyil: "Çünki məktəbə yaxınlaşan insan pedaqoji
tələblərə riayət etməlidir».
İstər
məktəblər, istər səhiyyə müəssisələri və ya digər obyektlərin media ilə
münasibətlərini tənzimləyən qanun normaları olduğunu bildirən «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın
Quliyevin sözlərinə görə, "İnformasiya əldə etmək” haqqında qanunda bu
əməkdaşlığın formaları bütün detallarına qədər normativləşdirilib. Yəni bütün
hallarda münasibətlər bu normativlər əsasında qurulmalıdır: "Həmin qanunda
reportajların hazırlanması, operativlik və araşdırma tələb edən məlumatların
verilməsi qanunvericilik əsasında öz əksini tapıb. Münasibətlər də bu qaydada
qurulmalı, bütün informasiya orqanlarının fəaliyyəti bu qanun əsasında
tənzimlənməlidir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları kimi qapalı
müəssisələrlə münasibətləri tənzimləyən qanun normaları var. Heç kəsin bu
normaları keçməyə haqqı yoxdur. Özbaşına qaydada – «mən mediayam, istədiyim
vaxt hər hansı obyektə daxil ola bilərəm» prinsipi ilə yanaşmaq düzgün
deyil».
Qınanmalı davranışlar
İnformasiya əldə etmək jurnalistin haqqı olsa da, "Yoxlama”
çərçivəsində baş verən hadisələrin jurnalistikaya aidiyyəti olmadığını hesab edən Jurnalistlərin Həmkarlar İttifaqının
sədri və Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli bildirir ki, istər
«KİV haqqında qanun», istərsə də «Jurnalistlərin Peşə Davranış Kodeksi»
informasiya almaq çətin olan zamanlar üçün müəyyən tədbirlər nəzərdə tutub: ”Müəyyən
qapalı araşdırmalar aparmağa icazə verilir. Bir şərtlə ki, informasiya əldə
etmək mümkün olmazsa. Yəni bilirsən ki, burda fakt və ya problem var, amma
kimsə həmin obyekt haqqında informasiya vermək istəmirsə, sən oradan gizli lent
yazılarından və ya müəyyən başqa metodlardan istifadə edib informasiya əldə edə
bilərsən. Amma müzakirələrə səbəb hadisədə bunun üçün əsas olmayıb. Əgər onlar
informasiyanı rəsmi şəkildə istəsəydilər və məktəb rəhbərliyi verməkdən imtina
etsəydi, onda başqa vasitələrə əl ata bilərdilər. Faktiki olaraq onlar
gözlənilmədən, heç bir xəbərdarlıq etmədən obyektə daxil olaraq özlərini
qeyri-etik aparıblar”.
JuHİ sədri məktəbdən verilən bilgilərə münasibət bildirərək, giriş
qapısında qapıçıya və şagirdlərə qarşı kobud davranışı jurnalist davranışı hesab
etmir: "Ona görə mən bu hadisəni jurnalistika baxımından qiymətləndirməyin
əleyhinəyəm. Bir neçə dəfə belə hadisə baş verib. Onlar izah etməyə çalışıblar
ki, başqa ölkələrdə də bu cür proqramlar var. Bəlkə də hansısa ölkədə belə
hallar var, kimlərsə bu cür davranırlar. Ancaq o davranışların nə beynəlxalq,
nə də yerli jurnalistika standartlarına aidiyyəti yoxdur. Bu cür davranış
qınanmalıdır”.
Məhdudiyyət yox, yalnız
tənzimləmə
KİV-in hər hansı bir quruma daxil olma qaydalarına münasibət bildirənmedia eksperti, hüquqşünas Ələsgər Məmmədlinin fikirləri isə fərqlidir: "Məktəb
jurnalistə açıq yerdir. Çünki məktəb ictimai obyekt və cəmiyyətin övladlarının
tərbiyə aldığı yerdir. Media burada hər hansı bir problemlə bağlı çəkiliş etmək
istəsə, məktəb onun üçün uyğun məkandır”. Ekspertin sözlərinə görə, "KİV
haqqında” qanunun 8-ci maddəsi jurnalistə çəkiliş aparmaq hüququ verir: "Amma
burada tənzimləmə başqa formadadır. Belə ki, məhdudiyyət yox, amma tənzimləmə
gətirilə bilər. O baxımdan ki, çəkiliş dərsin gedişatını pozmasın və yaxud
azyaşlıların icazəsi olmadan onlardan və ya valideynlərindən müsahibə
götürülməsin. Ancaq hansısa bir problemi qabartmaq üçün məktəb qadağan olunmuş
obyekt deyil”. Ə.Məmmədlinin sözlərinə görə, əgər məktəbdən əldə edilən informasiya
ictimai əhəmiyyət daşıyırsa, jurnalistin ona cəhd etmək hüququ var: "Buna
birbaşa qadağa qoyula bilməz. Sadəcə, sinif otağına daxil olmadan dəhlizdə və
ya bufetdə çəkiliş aparmağın mümkünlüyü qeyd edilə bilər. Ancaq bu,
tənzimlənməlidir. «Birbaşa daxil oluna bilməz» deyilirsə, bu da problemdir.
Çünki birbaşa məhdudiyyət dövlət obyektlərinə, sirri mühafizə olunan obyektlərə
girişlə bağlıdır. Məktəb isə bu obyektlər siyahısında deyil. Çünki məktəb
qapalı obyekt sayılmır”. Ekspert onu da qeyd edir ki, jurnalist müəssisələrə daxil
olarkən etik baxımdan proseslərə problem yaratmayacaq metod seçməyə
çalışmalıdır ki, o məkanda insanların təməl funksiyası pozulmasın: "Təhsil
müəssisəsinə daxil olmaq üçün direktorun icazəsinə ehtiyac yoxdur. Sadəcə bilgi
olmalıdır. Eləcə də qapıçı qapıda jurnalistə «içəri keçə bilməzsiniz»
deməməlidir. Çünki o məktəbə öz problemi üçün deyil, ictimai missiya üçün gəlir.
Öz problemi üçün gəlsə belə, onu tənzimləmək lazımdır. Tənzimləmək isə nə
qadağa, nə də icazə sistemidir».
Göründüyü kimi, baş verənlərlə bağlı fikirlər haçalanır. Amma
istənilən halda, bir neçə gündür, sosial şəbəkələrdə müzakirə mövzusuna
çevrilən görüntülər nəinki sözügedən verilişin yaradıcı kollektivinə,
ümumilikdə jurnalistikaya baş ucalığı gətirmir. Bu işi etmək lazımdırsa belə, bu
formada etmək düzgün deyil...
Təranə Məhərrəmova