• cümə axşamı, 28 mart, 22:59
  • Baku Bakı 13°C

“Bu cür davranış qınanmalıdır”

11.01.17 11:30 2308
“Bu cür davranış qınanmalıdır”
"ATV” telekanalında yayımlanan "Yoxlama” verilişinin keçən il Şamaxıdakı restoranlardan birində çəkiliş aparmaq istəyərkən baş verən qalmaqalı yaddaşlardan silinməmiş veriliş ətrafında növbəti insident gündəmə gəlib. Bu dəfə "Yoxlama”nın səsi Bakı şəhəri Xətai rayonundakı Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdən eşidildi. Məktəb direktorunun dediyinə görə, çəkiliş qrupu məktəbə daxil olaraq, zorakılıqla çəkiliş aparmağa cəhd edib: ""Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov 12 nəfər idmançı görünüşlü şəxslə (özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu 27-28 yaşlı gənc oğlan, ATV gödəkcəsi geymiş 5 nəfər və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc) qapıçını itələyərək məktəbə daxil olub, təxminən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb. Onlar məktəbin müxtəlif ərazilərində, həmçinin siniflərə icazəsiz daxil olaraq çəkiliş aparıb, tədris prosesini kobudcasına pozublar. Onlar məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməyib, özlərini sözün həqiqi mənasında media təmsilçisinə xas olmayan tərzdə aparıblar”.
Direktorun sözlərinə görə, çəkiliş qrupu tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluq edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlə pedaqoji heyətin və şagirdlərin hissiyyatına toxunublar: "Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin "çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında çaşqınlığa və vahiməyə səbəb olub”.
Direktorun sözlərinə görə, "çəkiliş qrupu”nun əməkdaşlarından biri məktəbin 6 "e” sinif şagirdini kobudcasına itələyərək yıxıb və ona xəsarət yetirib. Həmçinin aparıcının əlində əvvəlcədən çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutan hazır siyahısı olub. Verilişin aparıcısı A.İsmayılovun öz hərəkətlərinin izahı kimi "Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” ifadəsi olsa da, sual yaranır: hər hansı KİV-in təhsil müəssisələrinə daxil olması hansı qaydalarla tənzimlənməlidir? "Mən media işçisiyəm” deyə əlindəki vəsiqəni təqdim edib istənilən müəssisəyə daxil olmaq olarmı? Və ya direktorun söylədiyi meyarlar üzrə yoxlama aparmağa media işçisinə səlahiyyət verilirmi? Jurnalistin kimisə hədələməklə, zor tətbiq etməklə çəkiliş aparmağa, məlumat əldə etməyə haqqı varmı? "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda media işçilərinin məlumat əldə etmək və ya çəkiliş aparmaq hüquqlarına qarşı tərəfin münasibəti necə olmalıdır?
Bakı Şəhər Təhsil İdarəsi "Kaspi”yə açıqlamasındaAzərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini açıqlayıb: "Bu baxımdan, BŞTİ-nin fəaliyyəti və idarənin tabeliyindəki təhsil müəssisələrinin həyatında baş verən yeniliklər haqqında məlumatlar operativ şəkildə ictimaiyyətə çatdırılır. Təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır”. BŞTİ-dən verilən açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının, "Təhsil haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa nail olunub.
Elə isə "Yoxlama” həmin əmıkdaşlıqdan direktorun dediyi kimi, niyə zorakı şəkildə istifadə etməyə çalışıb?
Yanlışlıq
Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev hələ efirə getməyən veriliş haqqında danışmağı lüzum bilmədi: «Veriliş efirə getməyincə onun haqqında danışmaq düzgün deyil. Qoy efirə çıxsın, sonra müzakirə edərik».
Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məsələyə ümumi yanaşaraq heç bir KİV orqanının yoxlama məqsədilə təhsil müəssisəsinə daxil olmaq ixtiyarı olmadığını bildirir: "Yoxlama aparmaq üçün xüsusi təşkilatlar, orqanlar var. Əgər hər hansı KİV təcrübəni öyrənməyə gedirsə, ilk növbədə məktəbin rəhbərliyindən icazə almalıdır. Məktəbin rəhbərliyi münasib bilərsə və orada hansısa mərasim keçirilmirsə, çəkilişə icazə verə bilər».
Ekspert hesab edir ki, telekanalın "Yoxlama” verilişinin hansısa bir müəssisəyə «yoxlamağa gəlmişəm» deyə daxil olması, həm etik, həm hüquqi, həm də pedaqoji baxımdan düzgün deyil: "Çünki məktəbə yaxınlaşan insan pedaqoji tələblərə riayət etməlidir».
İstər məktəblər, istər səhiyyə müəssisələri və ya digər obyektlərin media ilə münasibətlərini tənzimləyən qanun normaları olduğunu bildirən «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, "İnformasiya əldə etmək” haqqında qanunda bu əməkdaşlığın formaları bütün detallarına qədər normativləşdirilib. Yəni bütün hallarda münasibətlər bu normativlər əsasında qurulmalıdır: "Həmin qanunda reportajların hazırlanması, operativlik və araşdırma tələb edən məlumatların verilməsi qanunvericilik əsasında öz əksini tapıb. Münasibətlər də bu qaydada qurulmalı, bütün informasiya orqanlarının fəaliyyəti bu qanun əsasında tənzimlənməlidir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları kimi qapalı müəssisələrlə münasibətləri tənzimləyən qanun normaları var. Heç kəsin bu normaları keçməyə haqqı yoxdur. Özbaşına qaydada – «mən mediayam, istədiyim vaxt hər hansı obyektə daxil ola bilərəm» prinsipi ilə yanaşmaq düzgün deyil».
Qınanmalı davranışlar
İnformasiya əldə etmək jurnalistin haqqı olsa da, "Yoxlama” çərçivəsində baş verən hadisələrin jurnalistikaya aidiyyəti olmadığını hesab edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri və Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli bildirir ki, istər «KİV haqqında qanun», istərsə də «Jurnalistlərin Peşə Davranış Kodeksi» informasiya almaq çətin olan zamanlar üçün müəyyən tədbirlər nəzərdə tutub: ”Müəyyən qapalı araşdırmalar aparmağa icazə verilir. Bir şərtlə ki, informasiya əldə etmək mümkün olmazsa. Yəni bilirsən ki, burda fakt və ya problem var, amma kimsə həmin obyekt haqqında informasiya vermək istəmirsə, sən oradan gizli lent yazılarından və ya müəyyən başqa metodlardan istifadə edib informasiya əldə edə bilərsən. Amma müzakirələrə səbəb hadisədə bunun üçün əsas olmayıb. Əgər onlar informasiyanı rəsmi şəkildə istəsəydilər və məktəb rəhbərliyi verməkdən imtina etsəydi, onda başqa vasitələrə əl ata bilərdilər. Faktiki olaraq onlar gözlənilmədən, heç bir xəbərdarlıq etmədən obyektə daxil olaraq özlərini qeyri-etik aparıblar”.
JuHİ sədri məktəbdən verilən bilgilərə münasibət bildirərək, giriş qapısında qapıçıya və şagirdlərə qarşı kobud davranışı jurnalist davranışı hesab etmir: "Ona görə mən bu hadisəni jurnalistika baxımından qiymətləndirməyin əleyhinəyəm. Bir neçə dəfə belə hadisə baş verib. Onlar izah etməyə çalışıblar ki, başqa ölkələrdə də bu cür proqramlar var. Bəlkə də hansısa ölkədə belə hallar var, kimlərsə bu cür davranırlar. Ancaq o davranışların nə beynəlxalq, nə də yerli jurnalistika standartlarına aidiyyəti yoxdur. Bu cür davranış qınanmalıdır”.
Məhdudiyyət yox, yalnız tənzimləmə
KİV-in hər hansı bir quruma daxil olma qaydalarına münasibət bildirənmedia eksperti, hüquqşünas Ələsgər Məmmədlinin fikirləri isə fərqlidir: "Məktəb jurnalistə açıq yerdir. Çünki məktəb ictimai obyekt və cəmiyyətin övladlarının tərbiyə aldığı yerdir. Media burada hər hansı bir problemlə bağlı çəkiliş etmək istəsə, məktəb onun üçün uyğun məkandır”. Ekspertin sözlərinə görə, "KİV haqqında” qanunun 8-ci maddəsi jurnalistə çəkiliş aparmaq hüququ verir: "Amma burada tənzimləmə başqa formadadır. Belə ki, məhdudiyyət yox, amma tənzimləmə gətirilə bilər. O baxımdan ki, çəkiliş dərsin gedişatını pozmasın və yaxud azyaşlıların icazəsi olmadan onlardan və ya valideynlərindən müsahibə götürülməsin. Ancaq hansısa bir problemi qabartmaq üçün məktəb qadağan olunmuş obyekt deyil”. Ə.Məmmədlinin sözlərinə görə, əgər məktəbdən əldə edilən informasiya ictimai əhəmiyyət daşıyırsa, jurnalistin ona cəhd etmək hüququ var: "Buna birbaşa qadağa qoyula bilməz. Sadəcə, sinif otağına daxil olmadan dəhlizdə və ya bufetdə çəkiliş aparmağın mümkünlüyü qeyd edilə bilər. Ancaq bu, tənzimlənməlidir. «Birbaşa daxil oluna bilməz» deyilirsə, bu da problemdir. Çünki birbaşa məhdudiyyət dövlət obyektlərinə, sirri mühafizə olunan obyektlərə girişlə bağlıdır. Məktəb isə bu obyektlər siyahısında deyil. Çünki məktəb qapalı obyekt sayılmır”. Ekspert onu da qeyd edir ki, jurnalist müəssisələrə daxil olarkən etik baxımdan proseslərə problem yaratmayacaq metod seçməyə çalışmalıdır ki, o məkanda insanların təməl funksiyası pozulmasın: "Təhsil müəssisəsinə daxil olmaq üçün direktorun icazəsinə ehtiyac yoxdur. Sadəcə bilgi olmalıdır. Eləcə də qapıçı qapıda jurnalistə «içəri keçə bilməzsiniz» deməməlidir. Çünki o məktəbə öz problemi üçün deyil, ictimai missiya üçün gəlir. Öz problemi üçün gəlsə belə, onu tənzimləmək lazımdır. Tənzimləmək isə nə qadağa, nə də icazə sistemidir».
Göründüyü kimi, baş verənlərlə bağlı fikirlər haçalanır. Amma istənilən halda, bir neçə gündür, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən görüntülər nəinki sözügedən verilişin yaradıcı kollektivinə, ümumilikdə jurnalistikaya baş ucalığı gətirmir. Bu işi etmək lazımdırsa belə, bu formada etmək düzgün deyil...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər