• cümə axşamı, 25 aprel, 05:22
  • Baku Bakı 19°C

Bu, bizim seçimimiz idi

02.09.15 14:15 928
Bu, bizim seçimimiz idi
Sovet ittifaqı dağıldıqdan sonra dünyada gücünə görə dördüncü nüvə silahı arsenalı Qazaxıstana miras qaldı. Bu fakt hərbi təhdidlər üçün hər cür zəmin yaradırdı. Dinc və müharibəsiz, firavan həyat amalını hər şeydən üstün tutan Qazaxıstan isə başqa ölkələrə nümunə kimi, dünyada birinci olaraq nüvə silahından imtina etdi. Dünya Soyuq müharibədən hələ özünə gəlməmiş, bu, çox cəsarətli addım idi, postsovet ölkələrinin taleyi isə dumanlı görünürdü. Gənc, müstəqil Qazaxıstanın bu qərarı bir çox ölkələr üçün qəribə və şübhəli idi. Çünki o vaxt böyük hərbi potensial dövlətin uğurlu inkişafının əsas amillərindən biri sayılırdı. Lakin ölkənin ali rəhbərliyi və Qazaxıstan xalqı öz şüurlu seçimini etmişdi.
“Nüvə statusunun mövcudluğu Avrasiya, xüsüsən onun mərkəzi hissəsində münaqişə potensialının yüksəlməsi üçün kifayət qədər ciddi şərtdir. Nüvə silahına malik olmağımız bizi nizama salma proseslərini yalnız və yalnız güc mövqeyindən həyata keçirməyə sövq edərdi”, - deyə müstəqil Qazaxıstanın prezidenti N.Nazarbayev bildirmişdi.
1949-ci il avqustun 29-də SSRİ Qazaxıstanın şərqində - Semipalatinsk İkinci dövlət mərkəzi sınaq poliqonunda ilk dəfə nüvə başlığını sınaqdan keçirib. Sonrakı dövr ərzində Semipalatinsk poliqonunda 473 nüvə partlayışı həyata keçirilib, o cümlədən 90 hava, 26 yerüstü, 354 yeraltı. Nüvə sınaqlarından başqa, burada kimyəvi maddələrin iştirakı ilə 175 partlayış həyata keçirilib ki, onlardan 44-də on tondan artıq maddədən istifadə olunub.
Sınaqların pik dövrü 1961-62-ci illərin payına düşüb - iki il ərzində 68 nüvə partlayışı baş tutub. Qazaxıstan ərazisində həyata keçirilən bütün nüvə partlayışlarının ümumi gücü 50 meqatonu ötüb. Radioaktiv yağıntılar 1,7 mln. nəfərin yaşadığı 304 min kv. kilometr ərazidə yayılmış, Semipalatinsk vilayəti ekoloji fəlakət zonasına çevrilmişdi.
Poliqon sıx məskunlaşmış regionda yerləşirdi. Qonşu qəsəbələrin əraziləri yüz dəfələrlə nüvə parçalanması məhsulları ilə çirklənməyə məruz qalırdı. Su anbarları, sovxoz və şəxsi mal-qara üçün ənənəvi örüş sahələri çirklənirdi. Ət-süd, meyvə-tərəvəzdə böyük miqdarda radionuklidlər toplanırdı. İnsanlar su və qida məhsulları ilə əlavə radiasiya dozası alırdı.
Poliqon yaxınlığında yaşayan əhalidə tez-tez mərkəzi sinir sisteminin pozulması halları, onkoloji, ürək-damar xəstəlikləri, leykozlar baş verməyə, ölüm hallarının sayı artmağa başlamışdı. Həkimlərə radiasiya ilə bağlı xəstəliklərə düzgün diaqnoz təyin etmək qadağan olunmuşdu. Ona görə də insanları radiasiyanın doğurduğu xəstəliklərdən başqa hər şeydən “müalicə” edirdilər.
1989-ci il fevralın 28-də Qazaxıstanda “Nevada-Semipalatinsk” adlı nüvə əleyhinə xalq hərəkatı doğuldu. Onun əsas məqsədi Semipalatinsk, eləcə də yer üzündəki bütün nüvə poliqonların bağlanması idi. Hərəkatın kütləvi aksiyaları Semipalatinsk poliqonunda planlaşdırılan 18 partlayışdan 11-nin qarşısını aldı, 1990-1991-ci illərdə isə onların tam dayandırılmasına səbəb oldu. Bu xalq təşəbbüsünü N.Nazarbayev hər vasitə ilə dəstəkləyirdi. O, SSRİ rəhbərliyi ilə sərt mübahisəyə başlayaraq poliqonun bağlanmasını qətiyyətlə tələb etmişdi. Beləliklə, dövlət başçısının kompromissiz siyasəti nəticəsində, Qazaxıstan Respublikası prezidentinin sərəncamı ilə 1991-ci ildə Semipalatinsk poliqonu bağlandı. Bu, yeni həyatın başlanması demək idi. 1992-ci ildə Qazaxıstan Belarus və Ukrayna ilə birgə Hücum silahlarının Azaldılması haqqında Müqaviləyə əlavə olan Lissabon protokolunu imzalayaraq, öz üzərinə nüvə silahının yayılmaması öhdəliyini götürdü.
Lakin nüvə silahından birdəfəlik imtina keçmişin yükündən qurtulmaq demək deyildi. Poliqon ətrafında yerləşən ərazilərdə yaşayan bir milyon üç yüz min sakin radioaktiv şüalanmaya məruz qalmışdı. Çoxlu sayda insan taleləri sındırılmışdı. Sağ qalıb bu günə kimi yaşayanların çoxu hazırda da reabilitasiya və profilaktika kurslarından keçirlər. Poliqonun zəhərlədiyi hava və yerin təki hələ də bəzi yeni doğulan körpələrə təsirini göstərməkdədir.
Bu insanlara qayğı göstərilməsi baxımından öz borcunu dərk edən respublika parlamenti “Semipalatinsk sınaq nüvə poliqonunda nüvə partlayışlarından zərər çəkmiş vətəndaşların sosial müdafiəsi” adlı Qanun qəbul etdi.
1993-cü ildə Qazaxıstan MDB-də birincilər sırasında nüvə silahının yayılmaması haqqında Müqaviləyə qoşuldu. Nüvə dövlətləri ölkəmizin qətiyyətli fəaliyyətinə cavab olaraq 1994-cü ildə Budapeştdə Qazaxıstana təhlükəsizlik təminatları haqqında Memorandum imzaladı. Həmin il qalan nüvə silahlarının tədricən Qazaxıstan ərazisindən çıxarılması başa çatdı.
Sovet nüvə irsindən imtina qərarı taleyüklü oldu. Belə ki, ölkəmizə sivil dünya birliyində öz layiqli yeri tutmağa imkan yaratdı. BMT-nin baş katibi Pan Gi Mun Qazaxıstanın nüvə silahından könüllü imtina etməsini dünya təcrübəsində nadir hadisə adlandırıb. O, Semipalatinsk poliqonunda nüvə partlayışının episentrinə - «ground zero» deyilən yerə baş çəkərkən qeyd etdi ki, Semipalatinskin tarixi nüvə silahsızlaşdırılması zərurətinin parlaq sübutudur. Baş katib bütün ölkələrin, xüsüsilə nüvə silahına malik dövlətlərin başçılarını respublikamızın yoluyla getməyə çağırdı.
Qazaxıstanın yayılmama hərəkatına töhfəsini qiymətləndirmək çətindir. 1996-cı ildən nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin iştirakçısı olaraq, Qazaxıstan nüvə silahına qarşı bütün müzakirələrdə mütəmadi iştirak edir. Bundan başqa, bizim ölkəmiz öz mexanizmlərini təklif edir, dialoq meydançaları təşkil edir. Son illərin ən başlıca təşəbbüslərindən biri, respublikanın paytaxtı Astanada hər il keçirilən nüvə silahına qarşı beynəlxalq forum, həmçinin 2012-ci ildə Astanada beynəlxalq parlament konfransında Prezident N.Nazarbayev tərəfindən irəli sürülmüş “ATOM Layihəsi”dir. ATOM abbreviaturasını, həmçinin ingilis dilindən tərcümədə belə açmaq olar: “Məqsədimiz sınaqların ləğvidir” (Abolish testing is our mission).
Nüvə silahı sınaqlarının dayandırılmasına ictimai dəstəyin birləşdirilməsi və bəşəriyyətin nüvə silahı olmadan qurulmasına yönəlmiş "ATOM Layihəsi" niyyətinə görə unikal beynəlxalq kampaniyadır. O, Yer kürəsinin istənilən nöqtəsindən hər bir insana dünya ölkələrinin hökumətlərinə onlayn petisiya imzalayaraq, nüvə sınaqlarının dayandırılması üzrə Müqavilə bağlanmasına nail olmaq imkanı yaradır. Bu layihənin himayəsi altında antinüvə mövzusunda Vaşinqton, Cenevrə, Oslo, Haaqada çoxsaylı sərgilər keçirilib.
“ATOM Layihəsi”nin nüvə silahı sınaqlarının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin qlobal səviyyədə keçirilməsinə çağırışı hər ilki ənənəyə çevrilib. O, 29 avqustda, Astana vaxtilə saat 11:05-də keçirilir. Bu vaxt saatların əqrəbləri “V” işarəsini, yəni qələbə simvolunu (ingiliscə “victory”) əks etdirir. Bu da qorxu üzərində və nüvə silahına qarşı dünya uğrunda müharibədə qələbə mənasını ifadə edir.
2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının N.A.Nazarbayevin 29 avqustu – Semipalatinsk poliqonunun bağlanması gününü Beynəlxalq nüvə sınaqlarına qarşı fəaliyyət günü elan etmək təşəbbüsünü dəstəkləməsi dərin simvolik məna daşıyır.
Prezident N.A.Nazarbayev, həmçinin dünya ictimaiyyətinin diqqətini bəzi ölkələrə beynəlxalq birliyin susqun “razılığı” ilə nüvə silahına sahib olmaq imkanı verən müasir geosiyasətdəki “ikili standartlara” yönəldir. Bütün dünya anlayır ki, müasir təhdid və çağırışlar şəraitində belə vəziyyət bütün planet üçün olduqca təhlükəlidir. Qeyd etmək lazımdır ki, Qazaxıstan Respublikası Prezidentinin “Qlobal dünya və nüvə təhlükəsizliyi” məqaləsindəki təklifləri bu gün heç vaxt olmadığı qədər aktuallaşıb. Onun 2010-cu ildə keçirilən nüvə təhlükəsizliyi üzrə Vaşinqton sammiti ərəfəsində dərc edilməsi dünyada böyük əks-səda doğurmuşdu.
Müstəqil Qazaxıstan nəinki keçmiş SSRİ respublikaları arasında, hətta dünyada nüvə silahından azad olmuş birinci ölkədir. 1996-cı ilin avqust ayında Qazaxıstan quruculuq və sülhə sadiqliyini təsdiqləyərək BMT-də nüvə silahının yayılmasını qadağan edən Müqaviləyə imza atdı. Ölkəmizin qüdrətli nüvə nəhənginin əlavəsindən sabit müstəqil dövlətə kimi yolu uzun və əzablı idi. Lakin xalqın yenilməz iradəsi, ölkə rəhbərliyinin uzaqgörən və müdrik siyasəti sayəsində bu gün qazaxıstanlılar aydın səma altında yaşayırlar. Bu bizim seçimimz idi və onunla fəxr edirik.
Beybit İSABAYEV
Qazaxıstan Respublikasının
Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri
banner

Oxşar Xəbərlər