• çərşənbə axşamı, 23 aprel, 21:36
  • Baku Bakı 20°C

Bu, bir-iki ilə həll olunası iş deyil

05.02.14 10:36 1386
Bu, bir-iki ilə həll olunası iş deyil
Azərbaycanda “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ilin 28 oktyabrında qəbul olunub. Lakin təəssüf ki, üzərindən 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu qanunun bəzi müddəaları işləmir. Belə ki, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri ölkəmizdə hələ də yoxdur. Parlamentin yaz sessiyasının ilk günündə də bu məsələ millət vəkilləri tərəfindən qaldırıldı və icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməyə çağırıldı. Qanunun tam işləməsinə mane olan nədir? Qeyd edək ki, Azərbaycanda canlıdan böyrək və qaraciyər köçürülməsi əməliyyatı geniş aparılsa da, digər köçürülmələr də həyata keçirilmir.
Qanunun köçürülməsinə icazə verdiyi orqanlardan biri də ürəkdir. Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyir ki, ürək transplantasiyasının qarşısında duran ən böyük problem (bütün dünyada və ölkəmizdə) donor çatışmazlığıdır: “Dünyada ürək transplantasiyası gözləyən xəstələrin cəmi 5% -nə donor tapıla bilir. Bu gün ölkəmizdə ürək transplantasiyası əməliyyatını həyata keçirmək üçün hər cür şərait mövcuddur. Həm xəstəxanalarımızın infrastrukturu, həm də kadr potensialımız bunu deməyə əsas verir. Nazir müavininin sözlərinə görə, bu əməliyyatın icra edilməsi üçün beyin ölümü təsdiqlənmiş donorlara ehtiyac var. Çünki donordan ürək alındıqdan sonra donorun bioloji həyatı başa çatır: “Bu fakt da bir çox halda həmin xəstənin ailəsi tərəfindən qəbul olunmur. Qeyd etmək lazımdır ki, donor çatışmazlığı probleminin həlli üçün ən əsas yol süni ürək cihazlarının köçürülməsidir. Bu əməliyyat bu gün dünyanın qabaqcıl transplantasiya mərkəzlərində donordan ürək transplantasiyası gözləyən xəstələrə uğurla tətbiq olunur”. Onu da qeyd edək ki, ötən ilin yanvarında respublikamızda ilk dəfə süni ürək cihazının köçürülməsi əməliyyatı Mərkəzi Klinikada uğurla həyata keçirilib.
2000-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qaydalara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Həmin qərara əsasən, ürək, ağciyər (ürək-ağ ciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi on iki barmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişasının köçürülməsinə icazə verilir.
“İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 9 və 10-cu maddəsində bildirilir ki, transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilir. Qanuna görə, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.
Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünü) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.
Mütəxəssislər hesab edirlər ki, transplantasiya ilə bağlı öncə ictimai rəy formalaşmalıdır. Bu məsələ ilə bağlı qanunda boşluq ola bilər, amma onun aradan qaldırılması çətin məsələ deyil. Əsas insanların bu əməlin mahiyyəti barədə bilgili olması, buna hazır olmasıdır. Xarici ölkələrdə bu işlərlə Qeyri-Hökümət Təşkilatları məşğul olur. Kim istəyir orqanını pulla satır, özü bilər. Amma Azərbaycan reallığında bu, mümkün deyil. Adının çəkilməsini istəməyən transplantoloq deyir ki, bu təşəbbüslə çıxış etmək aktual və xoşməramlı niyyətdir, kiməsə orqanını bağışlamaq olar: “Bir həyatı xilas etmək üçün humanist işdir. Azərbaycanın öz qayda-qanunları var. Bu, bir-iki ilə həll olunası iş deyil. Bu işi edən ölkələr uzun illər yol keçib. Cəmiyyət, ailələr, insanlar psixoloji cəhətdən buna hazırlanıb”.
Həmsöhbətimiz insanların psixoloji cəhətdən hazır olmalarını məsələnin əsas tərəfi hesab edir: “Qanunun bütün müddəalarının işləməsi üçün insanlar psixoloji cəhətdən hazır olmalıdır. Bu işi icra edə biləcək kifayət qədər savadlı həkimlərimiz var. Amma birinci növbədə cəmiyyət buna hazır olmalı, dünyagörüşündə dəyişiklik etməlidir. İnsanlar bu psixoloji baryeri aşa bilməsə, mümkün deyil. Təsəvvür edin, kiminsə övladı qəzada həlak olub. Kim ürək edib onlara deyər ki, sizin oğlunuz ölüb, onun orqanlarını verin? Amma psixoloji durum hazırlıqlı olarsa, vəfat edənin ailəsi şokda da olsa deyəcək ki, götürün, mənim faciəmin hesabına başqa faciə xilas olsun. Biz hələ buna hazır deyilik”.
Araşdırmalar göstərir ki, Azərbaycanda öz orqanlarını vəsiyyət edən insanların sayı kifayət qədər olsa da, lazımı sistem olmadığı üçün bunun reallaşdırılması mümkünsüz hala gəlib. Transplantoloq deyir ki, bu işlə məşğul olan ölkələrdə sistem mövcuddur: “Orqan köçürülməsi sisteminin koordinasiya mərkəzi olmalıdır. Bu mərkəz Səhiyyə Nazirliyinin nəzdində olur. Həmin mərkəzin bütün bölgələrdə nümayəndələri fəaliyyət göstərir. Deyək ki, sabah kimsə bədbəxt hadisə ilə üzləşdi. Dərhal Səhiyyə Nazirliyinə xəbər verilir ki, burada beyin ölümü keçirən insan var. Hələ ilkin məsələdə reanimatoloqun ona beyin ölümü diaqnozu qoymağı bacarması lazımdır. Müayinədən sonra təsdiq olunursa, donor qrupu həmin yerə yollanır. Qanunda da deyildiyi kimi, donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. Buna qədər isə koordinasiya mərkəzinin xüsusi şəxsləri ölən insanın yaxınları ilə danışıqlar aparır. Vəfat edən şəxsin orqanlarının götürülməsi haqqında onlardan icazə alınır. Bunu heç vaxt həkim izah etməli deyil. Burada işlər o qədər sürətlə aparılmalıdır ki, dəqiqələr, saniyələr bu işdə çox önəmlidir. Məsələnin bu tərəfindən başqa, bir önəmli məqam da koordinasiya mərkəzində siyahı tutulmasıdır. Vəziyyətindən asılı olaraq orqan gözləyən xəstələrin adları yazılır. Siyahı üzrə hansı xəstəxanada vəziyyəti daha ağır olan, yəni birinci olaraq orqan gözləyən xəstə varsa, həmin xəstəxanaya xəbər verilir. Xəstəxananın bu işlə məşğul olan həkimləri ora yollanaraq, yararlı orqanlarını çıxarırlar. Bu, çox şəffaf sistem olmalıdır”.
Bildirilir ki, sözügedən sistem qurularsa, bu, səhiyyəmiz üçün böyük uğur olar. Maraqlı budur ki, bütün ölkələrdə orqan köçürülməsinin əsası meyitdən köçürülmə ilə başlayıb. Heç bir ölkədə transplantologiya işinə canlı ilə başlamaq praktikası yoxdur. Bu sahənin inkişafına da məhz meyit transplantologiyası təkan verib.
Hazırda donorluq üçün yalnız qohumlar qəbul edilir. Mövcud qanunvericiliyə görə də donor verən könüllü şəxslər olmalıdır. Yəni, bu işdə maddi təmənna güdmədən öz orqanlarını xəstənin yaşaması üçün verə bilən insan. Azərbaycan təcrübəsində daha çox donorların qohum olmağına üstünlük verilir. Çünki qohum insanlar arasında maddi bağlantıların olması ehtimalı daha azdır. Araşdırmaya görə donorlar orqan verdikdə depressiyaya girirlər. Əgər bunu maddi təmənna ilə ediblərsə, onlar daha çox gərginlik yaşayırlar.
Qeyd edək ki, ən çox orqan bağışlama göstəricisi əhali 1 milyon nəfərinə düşən saya görə götürülür. Dünyada orqan bağışlanması üzrə birinci yerdə İspaniya gəlir. Bu siyahıda ABŞ, Avropa ölkələri də var. Orqan bağışlanmalarının sayı bu ölkələrdə ildən-ilə artır. Məsələn, gənc bir insan avtomobil qəzasında və ya yüksəkdəndüşmə nəticəsində beyin ölümü keçirib. Əlbəttə bu, bir ailə üçün böyük bir faciədir. Amma həmin ölkələrdə çoxları bilir və qəbul edir ki, yaxınları bu cür həyatdan getdiyi zaman onun ürəyi, qaraciyəri, böyrəkləri, mədəaltı vəzi, nazik bağırsağı 6-7 insana köçürülür. Yəni 6-7 insan həyata qayıdır.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər