• şənbə, 20 Aprel, 03:03
  • Baku Bakı 15°C

Bu, Azərbaycan və demokratiya uğrunda döyüş deyil

14.01.14 09:29 1820
Bu, Azərbaycan və demokratiya uğrunda döyüş deyil
Müsavatçıların Milli Şuradan getməsi və bu barədə partiyanın bəyanat yayması müttəfiqlər arasında ənənəvi söz savaşına yenidən start verdi. İlk əvvəl AXCP funksionerləri Müsavatı hakimiyyətlə gizli danışığa getməkdə, mandat xatirinə müxalifəti parçalamaqda ittiham etdilər. Qarşı tərəf isə bu ittihamları əsassız sayaraq, vaxtilə AXCP-nin, onun liderinin parlamentdə təmsil olunduğunu, iqtidarla əməkdaşlığa məhz cəbhəçilərin getdiyini bildirdi.
Partiyalararası bu gərginlik onlara yaxınlığı ilə seçilən mətbuat orqanlarında da yer alaraq, gündəmin əsas mövzusuna çevrilməkdədir. Müxalifət düşərgəsindəki son vəziyyət, Müsavatın Milli Şuradan istefası, Əli Kərimli - İsa Qəmbər-Rauf Arifoğlu qarşıdurması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, Müsavat Partiyasının Milli Şuradan istefasından sonra müxalifət düşərgəsində gərginlik hiss olunmaqdadır. Partiya rəhbəri olaraq bu prosesləri necə qiymətləndirirsiniz?
- Bu müasibətlərin gərgin olması gözlənilən idi. Əslində Müsavat və AXCP arasında zaman-zaman yaşanmış problemdir. Onlar bir qayda olaraq prezident seçkiləri ərəfəsində mehriban düşmən kimi hər hansı qurum ətrafında birləşir, izdivaca gedirlər. Bu zaman bir-birinə qarşı ittihamlara müvəqqəti olaraq son verir, atəşkəs elan edirlər. Lakin uğursuzluğa düçar olan kimi yenidən kəskin mübarizə mövqeyi tuturlar. Bunun üçün öz nəzarətləri altında olan KİV-lərdən maksimum şəkildə yayarlanırlar. Həmin mətbuat orqanlarında AXCP və Müsavat bir-birini ən sərt şəkildə ittiham edir. Bu gün həmin vəziyyət yenidən təkrar olunmaqdadır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində AXCP və Müsavat partiyaları öz məğlubiyyətlərini əvvəlcədən görərək, müstəqil şəkildə seçkilərə getmədilər. Çıxış yolu olaraq, atimilli xarakter daşıyan Milli Şuranın tərkibinə daxil olmaqla seçkilərə getdilər. Bununla isə bütün mahiyyətlərini ortaya qoydular. Çünki Milli Şura ilkin qida mənbəyini Kremldən alırdı. Kinorejissor Rüstəm İbrahimbəyov da bu antimilli ideyanın daşıyıcısı, Rusiyanın diqtəsi ilə yaranan Milyarderlər İttifaqının üzvü idi. Radikal müxalifət liderləri Rüstəm İbrahimbəyovun bu imkanlarından istifadə edərək indiki iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq, müvəqqəti keçid hökuməti yaratmaq, ardınca özləri hakimiyyətə gəlmək istəyirdilər. Belə illüziyalarla yaşamaqdaydılar.
Ancaq Milli Şuranın antimilli koalisiyası Azərbaycanda sosial dayaqlara malik olmadığından xülyaları reallığa çevrilmədi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanan İlham Əliyev çox böyük siyasi fəallıqla yenidən ölkə başçısı seçildi. Bir daha həmin antimilli qüvvələr çox acınacaqlı, məğlub duruma düşdülər. İndi də ayrılmaq məcburiyyətində qalıblar. Dəfələrlə müşahidə etdiyimiz mənzərə bir daha göz önündədir. AXCP və Müsavat partiyaları çox ciddi qarşıdurmadadırlar. Düşünürəm ki, bu gərgin münasibət sadəcə partiya liderləri arasında deyil, eyni zamanda bütün funksionerlər arasında da davam edir. Onlar arasındakı mübarizənin nəticə etibarilə nə ilə qurtaracağı bəlli deyil. Mənə elə gəlir ki, özünə hörmət edən hər bir siyasi qüvvə ya müttəfiqlik etməli, ya da münasibətlərinə birdəfəlik aydınlıq gətirməlidir. Təəssüf ki, AXCP və Müsavat arasında sivil, qəbul edilən prinsiplər yoxdur.
- “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və AXCP sədri Əli Kərimli arasındakı qarşıdurmanın tarixi kökləri barədə nə deyə bilərsiniz?
- Bu yaşananlar 1990-cı illərin əvvəllərində iqtidarda olan AXC və Müsavat, eyni zamanda “Yurd”çular arasında idarəetmədə daha çox imkanlara sahib olmaq, hadisələrə lap çox təsir etmək, Əbülfəz Elçibəydən sonra hakimiyyəti götürmək arzularına, xəttinə söykənən münasibətlərdir. Yəni bunun kökü həmin vaxtlardan qaynaqlanır. Bəlli olan fakt bundan ibarətdir ki, Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra iqtidarda onun tərəfdarları klassik cəbhəçilər idi. Onlar sırf cəbhənin mövqeyini qoruyub saxlamaq və bunu yaşatmaq üçün çalışırdılar. Elçibəy də daha çox bu mövqedə idi. Müsavat həmin vaxt ayrıca partiya kimi özünü elan etmişdi. Onun yaradıcılarından biri də Rauf Arifoğlu idi. Müsavatçılar da hakimiyyətdə daha çox üstün mövqeyə sahib olmağa çalışırdılar. Öz tərəfdarı olan insanları icra başçısı, nazir postlarına təyin elətdirirdilər. Bunlardan nisbətən zəif olan “Yurd”çular da Əli Kərimlinin rəhbərliyi altında hakimiyyətdə üstün mövqeyə malik olmaq üçün çarpışırdılar. Buradan başlayan gərgin münasibətlər Əbülfəz Elçibəy hakimiyyətdən getdikdən və xəstələndiyi illərdə də özünü göstərməkdəydi. Tərəflər Elçibəy siyasi xəttinin davamçısı olmaq üstündə mübarizəyə, ikinci mərhələyə başladılar. İkinci mərhələdə Əli Kərimli Əbülfəz Elçibəyin yanında dayanmaq əvəzinə, ona qarşı bir cəbhə açdı. Ən müxtəlif üsullarla Elçibəyin ünvanına təhqirlər, böhtanlar, xoşagəlməz ifadələr çap olunmağa başladı. Əsasən də bu yazılar “Azadlıq” qəzetində gedirdi. Belə vəziyyətdə Rauf Arifolğlu da Müsavat Partiyasının orqanı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru kimi Əli Kərimliyə qarşı cəbhə açdı. Beləliklə, onlar arasında mövqe döyüşləri - müxalifətdə kim üstün mövqeyə malikdir, müxalif xəttin daşıyıcısı daha çox hansı partiyadır, kim müxalifətin lideridir və sair uğrunda – davam etməkdədir. İndi də Əli Kərimli və Rauf Arifoğlu arasındakı mübahisə, qarşıdurma əslində İsa Qəmbərlə AXCP sədri arasındakı mübarizənin inikasıdır. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin də biri-digərini qəbul etmir, qarşısındakını sıradan çıxarmaq istəyir.
- Onlar nəyi bölə bilmirlər?
- Bayaq qeyd etdiyim kimi, bu, onlar arasında bir ənənədir. AXCP və Müsavat partiyaları müxalifətdə daha üstün mövqeyə sahiblənmək üçün mübarizə aparırlar. Sözügedən mübarizə qəzetlərdə də öz əksini tapır. Bu partiyalar diqqəti öz üzərlərinə cəlb etməklə, ayrı-ayrı ölkələrdən daha çox qrant almaq, cəmiyyətdə siyasi proseslərə təsir etmək istəyirlər. Bu, Azərbaycan uğrunda, demokratik proseslərin inkişafı naminə gedən döyüş deyil. Partiyalararası bu mübarizə Azərbaycanın milli maraqlarına da cavab vermir. Belə gərgin atmosfer qrup mənafeyinə, ambisiyaların reallaşmasına xidmət edən çarpışmadır.
- Müsavat Partiyasının məlum qərarından sonra AXCP özünə yaxın siyasi təşkilatları ətrafına cəlb etməklə Milli Şuranı dirçəldə bilərmi?
- Görünən bu idi ki, Cəmil Həsənli əvvəlcədən Əli Kərimlinin kölgəsi olub. Onun hazırladığı “resept”lər, “şparqalka”lar əsasında debatlara çıxır, çıxışlar edirdi. Bu da bəllidir ki, Cəmil Həsənlinin lap əvvəldən AXCP sədri ilə münasibətləri isti olub. Vaxtilə Əli Kərimlinin təqdimatilə Elçibəyin müşaviri təyin olunub, ardınca AXCP-yə gəlib, sədr müavini olub, deputat seçilmək üçün müavinlik postundan və partiyadan istefa verib. Növbəti dəfə millət vəkili seçilməyəndə isə təkrar AXCP-yə qayıdıb. Əslində Əli Kərimli və Cəmil Həsənli bir medalın iki üzü sayılırlar. Bütün bunlar Müsavat Partiyasına, onun funksionerlərinə, liderinə çoxdan bəllidir. Məhz bu səbəbdən Müsavat Milli Şuradan çıxdı. Müsavat Partiyasına qədər də qurumu tərk edənlər olmuşdu. Ona görə də yenidən Milli Şuranın dirçəlməsi, güclənməsi, müxalifətin əsas güc mərkəzinə çevrilməsi barədə deyilənlər proseslərə əfsanəvi yanaşmadır. Bunların xalq arasında heç bir dayağı yoxdur. AXCP Azərbaycan cəmiyyətində qəbul edilməyən, sosial bazası olmayan, yalnız paytaxtda ofis partiyasına çevrilən bir təşkilatdır. Belə olan durumda Milli Şura dirçələ bilməz. Milli Şura artıq yoxdur, bitib.
- Milli Şuranın fiaskosundan sonra Cəmil Həsənlinin taleyi həll olunubmu?
- Cəmil Həsənlinin də sosial dayağı yoxdur. O, prezident seçkilərindən əvvəl tarixçi-alim kimi daha çox nüfuza malik idi, nəinki indi. Prezident seçkilərində tutduğu olduğu mövqe, Əli Kərimlinin təlimatıyla hərəkət etməsi Cəmil Həsənlinin nüfuzuna çox ciddi zərbə vurdu. Bilindi ki, o, vahid namizəd qismində Əli Kərimlinin sözçüsüdür. Belə olan halda, onun nə taleyi var idi ki, o da həll olunsun? O, tarixçi alim idi. Azərbaycan cəmiyyətində siyasətçi kimi heç zaman tanınmayıb. Prezident seçkilərindən sonra da belə bir çevrəyə malik olmadığını bir daha nümayiş etdirdi.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər