• cümə, 29 Mart, 00:30
  • Baku Bakı 7°C

Bu Akademiyanın tələbələri nikbindir - Reportaj

03.06.14 09:51 5618
Bu Akademiyanın tələbələri nikbindir - Reportaj
Qeyri-adi istedadı olan insanlar cəmiyyətdə həmişə qibtə ilə qarşılanıb. Kimisi bu istedadı onlara verilən vergi kimi başa düşüb, kimisi də adi bir istedad kimi qiymətləndirib. Lakin bir həqiqət var ki, belə insanlar həmişə ətrafındakı insanlardan fərqlənib və cəmiyyətin diqqət mərkəzində olub. Belə istedada malik olan yaradıcı insanlardan biri də rəssamlardır. Onların çəkdikləri rəsmlər, yaratdıqları əsərlər cəmiyyət tərəfindən maraqla qarşılanıb. Biz də gənc rəssamlarla tanış olmaq, onların dərs prosesini izləmək üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına yollandıq.
Məlumat üçün bildirək ki, sözügedən Akademiya dizayn, rəsm, teatr dekorasiyası sənəti, qrafika kimi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında aparıcı ali məktəbdir. Həmçinin bura heykəltəraşlıq üzrə mütəxəssislərin də hazırlanma mərkəzidir. Akademiyanın məzunlarının hazırladığı əl işləri beynəlxalq sərgilərdə təqdim edilir və xaricdə şəxsi kolleksiyalara satılır.
“Məktəbdə uşaqlardan fərqlənirdim”

İlk baxışda adi universiteti xatırladan binanın dəhlizlərində gəzərkən buranın fərqli məkan olduğunun fərqinə vardıq. Belə ki, dəhlizlər Azərbaycanın tarixi şəxsiyyətləri, məşhur simalarının heykəlləri ilə bəzədilmişdi. Otaqlarda isə dərs otaqlarından əlavə, rəssamların şəkil çəkmələri üçün emalatxanalar da var idi. Bu emalatxanalarda kimi rəsm çəkir, kimi də heykəllər üzərində işləyirdi.
Qarşımıza çıxan ilk otağa daxil oluruq. Bu otaqda qızlar əllərində boyalarla rəsm tablolarının qarşısında gərgin şəkildə işləyirdilər. Rəsmini bitirməyə hazırlaşan Sona Qarayeva akademiyada magistr təhsili alır. Rəngkarlıq fakültəsinin 1-ci kurs tələbəsi olan gənc rəssam boyalarla çəmənlikdə otlayan qoyunların təsvirini yaradırdı. Sona deyir ki, ailələrində tək rəssam odur və bu sənəti o, öz qonşularından öyrənib: “Uşaqlıqdan rəssamlığa həvəsim var idi. Məktəbdə rəsm dərslərində də uşaqlardan seçilirdim. Ailəmizdə rəssam olmadığı üçün Gəncədə qonşumuz bu işdə mənə kömək etdi və akademiyaya daxil oldum”.
Gənc rəssam gələcəkdə təhsilini İsraildə davam etdirmək istəyir. Onun sözlərinə görə, rəsm sərgilərində iştirak etsə də, hələ öz işlərini satmayıb.
Söhbət əsnasında fikrim rəngbərəng rəsmlərə gedir, boyanın qoxusu, rəsmlərdə öz əksini tapmış təbiət mənzərələri və insan üzləri əhval-ruhiyəmi tamam dəyişir. Rəsmlərin yanından keçə-keçə Nuranənin işlədiyi əsərə yaxınlaşırıq. Nuranə qrup yoldaşı Sonadan fərqli olaraq rəssam ailəsində böyüyüb. Xalq rəssamı Kamil Nəcəfzadənin tələbəsi olan müsahibimiz məktəb vaxtlarından qəzetlərin dizaynı üzərində işləyib: “Məktəbdə ən çox sevdiyim fənn rəsm dərsi idi. Həmişə çəkdiyim rəsmlərlə yoldaşlarımdan fərqlənirdim. Daha sonra rəssam olmaq qərarına gəldim. Çəkdiyim işləri çox vaxt qohumlarıma hədiyyə edirdim, bəzən satdığım vaxtlar da olub”.
Nuranə də gələcəkdə öz rəsm sərgisini açmağı düşünür. O, deyir ki, rəssamlıq sənətinin son nöqtəsi yoxdur: “Rəssamlıq elə bir sənətdir ki, hər vaxt inkişaf edir. Bu sənətin dayanma nöqtəsi yoxdur. Mən də gələcəkdə sənətimi inkişaf etdirmək üçün əlimdən nə gəlirsə edəcəm”. Nuranə deyir ki, gələcəkdə müəllimi Arif Əziz kimi rəssam olmaq istəyir.
Qızların sözlərinə görə, burada hər günləri maraqlı keçir. Onlar akademiyada həm möhkəm dostluqlar qurur, həm də birlikdə imtahanlara, diplom işlərinə hazırlaşırlar.
“Qazaxın keçmiş başçısının rəsmini qohumuna satdım”

Qızlarla söhbətləşdikdən sonra, digər emalatxanalara üz tuturuq. Surətçıxarma otağını xatırladan emalatxana diqqətimizi çəkir. Burada tələbələr əllərində rəsmlər aparatdan istifadə etmək üçün növbəyə düzülüblər. Onlarla tanış olmaq üçün otağa daxil oluruq. Söhbət zamanı məlum oldu ki, bu alətlərdən qrafika fakültəsinin tələbələri istifadə edir. Belə ki, onlar rəsmin eskizini formata yazır, daha sonra linonimə köçürürlər. Şəkil linonimə köçdükdən sonra xüsusi alətlərlə onu yonmağa başlayırlar. Çap edildikdən sonra şəkil hazır çıxır. Belə rəsmlərə qrafik rəsmlər deyirlər. Tələbələrin sözlərinə görə, qrafik rəsmlər daha çox ağ-qara formatda olur.
Aparatın növbəsində dayanan Samirə Rəsulova qrafika fakültəsində magistratura pilləsində təhsil alır. O, bakalavr təhsilini akademiyanın rəngkarlıq fakültəsi üzrə bitirib. Samirə digər yoldaşlarından fərqli olaraq çəkdiyi rəsmlərdən pul qazanmağa başlayıb: “Hələ 4-cü sinifdə oxuyarkən nağılların üzərindəki şəkilləri çəkməyə çalışırdım. Daha sonra natrimutlar çəkməyə başladım. Əməkdar rəssam Sakit Məmmədovun dəstəyi ilə rəssam olmaq qərarına gəldim. Hazırda çəkdiyim rəsmlərdən pul da qazanıram”.
Onu da öyrəndik ki, həmsöhbətimiz ölkəmizi beynəlxalq sərgilərdə təmsil edib və müəyyən yer tutaraq sərgilərdən əlidolu qayıdıb. İstedadlı rəssam deyir ki, bundan bir neçə il öncə Qazaxın icra hakimiyyətinin başçısının rəsmini çəkib onun yaxın qohumlarından birinə satıb.
2000 manata rəsm satan tələbə

Rəsmlərin qiymətinə gəldikdə isə Samirə deyir ki, ən baha satdığı rəsm 2 min manata, ən ucuzu isə 500 manata olub: “Bəzi insanlar düşünür ki, Azərbaycanda rəsmə maraq yoxdur, rəssamların çəkdiyi rəsmləri heç kim almır. Lakin bu, belə deyil. Bizim ölkəmizdə də rəssamların işlədiyi rəsmlərə tələbat çoxdur və bu sənətə kifayət qədər maraq var”.
Ən çox hansı rəsmlərin satıldığına gəldikdə isə gənc rəssam deyir ki, qrafik rəsmlər ölkəmizdə o qədər də tanınmır: “Amma xaricdə belə rəsmlərə çox önəm verirlər. Bizim ölkədə daha çox portret rəsmlər, təbiət mənzərələrini, güllərin-çiçəklərin, meyvələrin rəsmini alırlar”.
Rəssam deyir ki, işini bilən insan üçün bu sənət kifayət qədər gəlirli sahədir və bu sahəyə də maraq var: “İnsanlar rəsmlər sifariş verirlər. Qiymətlərini də düşünmədən ala bilirlər. Bizim ölkənin vətəndaşları sənətə qiymət verməyi bacarırlar. Məsələn, mən kiçik ölçüdə portretlərimi 500 manata satıram”.
“Heykəllərlə işləmək mənə zövq verir”

Qrafika emalatxanasından ayrıldıqdan sonra pilləkənlərlə birinci mərtəbəyə enirik. Heykəllərin sıra ilə düzüldüyü dəhlizə yaxınlaşırıq. Burada heykəltərşlıq emalatxanaları yerləşir. Qapısı açıq olan emalatxanada dəqiqliklə işini görən gənc heykəltəraş diqqətimizi çəkir. Musiqiyə qulaq asa-asa işini bitirməyə çalışan gəncə yaxınlaşırıq. Heykəltəraşlıq fakültəsinin ikinci kurs tələbəsi Mirağa Şahbazov deyir ki, orta məktəbdə oxuyarkən hər dəfə plastilinlərlə fiqurlar düzəldirmiş. O da fərqli düşüncələri ilə sinif uşaqlarından fərqlənirmiş: “Ailəmdə məndən başqa heykəltəraş yoxdur. Fiqurlarla işləyərkən bu sahəyə marağım olduğunun fərqinə vardım və ailəmin dəstəyi ilə hazırlaşmağa, hədəflərimi böyütməyə başladım. Çünki, heykəllərlə işləmək mənə zövq verirdi. Məktəbi bitirdikdən sonra akademiyaya daxil oldum”.
Müsahibimiz deyir ki, hər bir rəssamın, heykəltəraşın öz sirri olur və bu sirr onu digər yoldaşlarından fərqləndirir: “Hər bir sənətkarın sirri onun gördüyü işin üzərində bilinir. Hər kəsin gördüyü işə fərqli yanaşma tərzi olur və öz işinə beynindəki ideyanı tətbiq edir”.
Azərbaycan mədəniyyəti rəssamlığının Türkiyə, İranla müqayisədə daha çox inkişaf etdiyini söyləyən müsahibimiz deyir ki, gələcəkdə öz sahəsində uğurlu işlərə imza atmaq istəyir: “Doğurdan da bizim mədəniyyətimiz çox inkişaf edir. Digər ölkələrin tələbələri bizim akademiyada oxuyur, bu sənətin sirlərini bizim incəsənət adamlarından öyrənirlər. Heykəltəraşlığın da gələcəyi parlaqdır. Çünki Azərbaycan insanının heykəl duyumu çox gözəldir”.
Gələcəkdə tanınmış heykəltəraş olmağı qarşısına məqsəd qoyan Mirağanın kumiri yoxdur. O deyir ki, gələcəkdə özünü fərqli, özünəməxsus görmək istəyir.
Aygün ƏZİZReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">
banner

Oxşar Xəbərlər