AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir

Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir

Cəmiyyət
03 Aprel 2020, 12:15 198
Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək, ən pis ssenari ilə üzləşə bilərik.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimini tətbiq etdiyimiz yeni bir səhifə açmalıyıq:
"Əks təqdirdə nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizi həyatına ciddi təhlükə yarada bilərik. Hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrübəsi var. Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa həmin ölkələr koronavirusa minimum itkiylə qalib gələ bildilər. Bunu əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir. Maksimum evdə qalmalıyıq. Bu gün passiv evdəqalma koronavirusa qarşı ən aktiv mübarizə deməkdir. Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü postkorona dövrü adlandıracağıq.
Gəlin elə tədbirlər alaq ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. "Evdə qal Azərbaycan" bu günün ən aktual çağırışıdır. Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək!”.