Bu adamın niyə gözü doymur?

Bu adamın niyə gözü doymur?

Cəmiyyət
17 Noyabr 2012, 08:10 1469
Azərbaycanla mülkiyyət davası edən Rüstəm İbrahimbəyov nə qədər pərdələməyə çalışsa da əsil niyyətini «ziyalı» mövqeyi ilə ört-basdır edə bilmədi. İndi hamı bilir ki, bu «ziyalı» oyunun arxasında nə gizlənir. Öz şəxsi mənafeyini mili maraqlar səviyyəsinə qaldırmaq, ona siyasi don geyindirərək tozanaq qaldırmaq kənardan çox gülünc və iyrənc görünür.

Dövlət Neft Şirkətini küçə leksikonu ilə təhqir edən dünya şöhrətli «ziyalı» indi də dövlət qurumunun açıqlamasına cavab vermək əvəzinə onu «bandit» adlandırıb. Hədə-qorxusu bununla yekunlaşmayaraq, bəyan edib ki, məsələni Avropa məhkəməsinə qaldıracaq. Yəni bir neçə ildir Azərbaycanda göstərdiyi məzhəkəni indi də Avropa müstəvisinə çıxaracaq. Avropa məhkəməsi neftli torpaqlar üzərində kino-restoran tikilməsinə necə reaksiya verməsindən asılı olmayaraq, bir fakt ortadadır ki, ziyalı adına açılan dava məişət zəminindədir və bunun ziyalılığa, vətənə, torpağa heç bir dəxli yoxdur.

ARDNŞ-nin məlumatında isə hər şey hüquqi prosedurlara uyğun olaraq göstərilmişdi, ölkəsinin qanunlarına əməl edən hər kəs bunu dərk etməlidir.

R.İbrahimbəyov iddia edirdi ki, “əldə etdiyi” torpaq sahələri guya “kino sahəsinin inkişafına yönəlmiş böyük bir layihə üçün” nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahələri müxtəlif şəxslərin, daha dəqiq desək, onun həyat yoldaşı İbrahimbəyova Şöhrət Salman qızının, yaxın qohumları Əfəndiyeva Lalə Kamil qızı, Əfəndiyev Erkin Orxan oğlu, Quliyeva Vahidə Həmid qızı, Hüseynov Şükür Hüseynəli oğlu, Həsənova Ülviyyə Atamalı qızı, Həsənova Ülkər Atamalı qızı, Həsənova Pərvanə Qurbanqulu qızı, Quliyev Vaqif Fərruxoviç, Həsənov Atamalı Ehtiram oğlu, Quliyev Cəmal Vaqif oğlunun, eləcə də yaxınları olan İmanova Nailə Davud qızı və Səfərov Faiq Firuz oğlunun adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılmışdır. Məhkəmə çəkişmələri zamanı o da aydın olmuşdur ki, istər bələdiyyə, istərsə də torpaq sahələrini “almış” bu şəxslər onlara qanunsuz ayrılmış torpaqların dövlət mülkiyyətində və ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aid olduğunu əvvəldən bilmişlər. Bu hallar həm rayon məhkəmələrində, həm appelyasiya, həm də ali məhkəmədə hər bir iş üzrə ətraflı araşdırmanın predmeti olmuş və torpaqlar üzərində ARDNŞ-nin hüquqları öz təsdiqini tapmışdır.

Göründüyü kimi, guya kino sahəsinin inkişafına aid edilən bu layihə üçün rəsmiləşdirilmiş torpaq sahələri, əslində, ayrı-ayrı adamların şəxsi məqsəd və maraqları üçün nəzərdə tutulmuşdur. R.İbrahimbəyov həmin torpaq sahələrinin faktiki olaraq ona məxsus olduğunu etiraf etməklə əslində, bu ərazilərin qeyri-qanuni əsaslarla əldə olunduğunu bir daha təsdiqləyir. Bununla kifayətlənməyən R.İbrahimbəyov özünə xüsusi yanaşma tələb edir. Maraqlıdır niyə İbrahimbəyova xüsusi yanaşılmalıdır? Film çəkdiyinə görəmi? Ona qalsa gərək dövlət büdcəsi yalnız yaradıcılıq potensialı tükənmiş rejissorların, ssenaristlərin nəfsinin doyuzdurulmasına xərclənsin. Azərbaycanın sərvətləri yalnız İbrahimbəyov üçüdürmü? Ondan başqa ziyalı, yazıçı, rejissor yoxdurmu?

Nəzərə alaq ki, R.İbrahimbəyova məxsus daşınmaz əmlakların siyahısını tutsaq böyük kolleksiya alınar. Bəs görəsən bu adamın niyə gözü doymur? Gəlin hələ tamamlanmış siyahıya nəzər salaq:

Bir daha faktlar haqqında

- İçərişəhər, Böyük Qala küçəsi, 36 ünvanda yerləşən üçmərtəbəli bina. 1996-cı ildə Dünya Kinosunun 100 illik Fondunun Azərbaycan nümayəndəliyinin istifadəsinə verildi. Burada Fondun özü, «Şərq-Qərb» kinofestivalının direksiyası 2-3 il yerləşdi, sonra bina R.İbrahimbəyov tərəfindən özəlləşdirildi, daha sonra üçüncü mərtəbəsi əlavə etdirildi.

- Həsən Seyidbəyli (keçmiş Vaqif) küçəsi, 18 ünvandakı yaşayış evində bir neçə mənzil və binanın 1-ci mərtəbəsində «İbrus» teatrı. Həmin ünvanda 1998-ci ilə qədər yerləşən yay kinoteatrının ərazisində Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaşayış evi tikdirildi. Bu layihəyə razılıq almaq üçün gətirilən arqumentlərdən biri bu idi ki, orada kino işçiləri güzəştli qiymətlərlə mənzil ala biləcəklər. Bəs axırı necə oldu? Onun özündən başqa heç bir kinematoqrafçı orada evə sahib olmadı. İkinci arqumenti isə belə idi ki, sökülən yay kinoteatrının əvəzində yeni binanın 1-ci mərtəbəsində qış kinoteatrı tikib hazır vəziyyətdə dövlətə təhvil verəcək. Həmin sahədə 10 ildən artıqdır Rüstəm İbrahimbəyovun «İbrus» teatrı yerləşir – 150 yerlik tamaşa zalı, səhnə kinoproyeksiya otağı, geniş foye, qrim otaqları, yardımçı sahələr və s. Həmin teatrın yerləşdiyi sahələr özəlləşdirilməyib.

- Şəki rayonu, Kiş kəndi yaxınlığında, çayın sahilində Kinematoqrafçıların Yaradıcılıq evi. Bu ev iri yaşıl zonanın əhatə etdiyi ikimərtəbəli binadan ibarətdir. Yaşıl zonanın bir hissəsi bir neçə il əvvəl satılmışdır. Ərazidə R.İbrahimbəyovun şəxsi ikimərtəbəli villası yerləşir.

- Bakının Badamdar massivindəki R.İbrahimbəyovun iddia etdiyi torpaq sahəsində sırf kommersiya təyinatlı layihə həyata keçirilməli idi: özəl sifarişçilər üçün 10-12 villadan ibarət kiçik qəsəbənin tikilməsi planlaşdırılırdı. Orada eyni zamanda Kino evi və Kino muzeyinin tikilməsi planı isə praktiki əhəmiyyəti olmayan, ictimai nəqliyyatın işləmədiyi ucqar yüksəklikdə, kənar şəxslərdən mühafizə olunası ərazidə yerləşən və bu səbəbdən heç zaman kino həvəskarlarının getməsi mümkün olmayan, yalnız ictimai rəyin yayındırılması üçün düşünülmüş bir layihədir.

- Şamaxı rayonu Muğanlı kəndi ətrafındakı təsərrüfatın isə kinodan çox kənd təsərrüfatına dəxli var. Burada salınan üzüm plantasiyası fiml çəkməkyə yox «İbrus» şərabının istehsalı üçün lazımdır. Eyni zamanda ət və süd istehsalı ilə məşğul olmağın nəinki kinoya ümumiyyətlə incəsənətə dəxli yoxdur.

- Mingəçevirdə Kürün sahilində Kino İttifaqına məxsus olduğu iddia edilən beşmərtəbəli binanın isə hazırkı statusundan məlumatı olan yoxdur.

Bütün bunlar kino ulduzunun cavablandırmalı olduğu faktlar silsiləsindən bəziləridir.

F.Qəhrəmanlı