• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

BTQ-nin turizm perspektivi və ya fürsəti biznesə çevirməyin yolları

03.02.18 11:00 1269
BTQ-nin turizm perspektivi və ya fürsəti biznesə çevirməyin yolları
Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gözləntilər olduqca böyükdür. Belə ki, bu layihənin həm neft, həm də qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərəcəyi gözlənilir. Bu yol ölkəmizin iqtisadi baxımdan da bir sıra nailiyyətlər əldə etməsinə, həmçinin üç ölkə arasında da əlaqələrin genişlənməsinə, bir sıra inkişafyönümlü layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Digər bir tərəfdən, ölkəmizdə dəmir yolu turizminin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Trend-ə açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti gələcəkdə turizm məqsədləri üçün də istifadə olunacaq: "Dəmir yolu nəqliyyatı artıq uzun illərdir istifadə olunan bir nəqliyyat növüdür. Bu nəqliyyat vasitəsilə Azərbaycanın demək olar ki, bütün regionlarına səfər etmək mümkündür. Daxili turist səfərləri zamanı, xüsusən bayram günlərində və ya yay tətili zamanı bu nəqliyyat növündən istifadə olunur. Ölkə daxilində daxili turizmin inkişafı üçün, hansı ki yol xəritəsində də prioritet istiqamətlərdəndir, alternativ nəqliyyat növləri ilə birlikdə bu nəqliyyat növündən istifadə olunur”.
Şöbə müdiri vurğulayıb ki, daxili turizm səfərlərində kifayət qədər insan qatar nəqliyyatından istifadə edir: "O ki qaldı beynəlxalq nəqliyyata, düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam gücü ilə istifadə olunduqdan sonra beynəlxalq təcrübəni nəzərə alaraq, turizm mütəxəssisləri tərəfindən bu məsələyə baxılacaq və bu dəmir yolu turizm məqsədləri üçün də istifadə ediləcək. Bu turizm marşrutu həm ölkə xaricinə gedən yerli vətəndaşlar, həm də Azərbaycana gələn turistlər üçün əlverişli olacaq”.
V.Şıxəmmədov əlavə edib ki, hansı nəqliyyat növünün daha yaxşı olub-olmamağı turistlərin seçimindən asılıdır: "Bəzi insanlar rahat şəkildə qısa müddətdə hava yolundan və yaxud şəxsi avtomobilindən istifadə edə bilər. Bəzi insanlar isə qatara daha çox üstünlük verirlər, çünki qatar səfərləri adətən, axşam və gecə saatlarında həyata keçirilir və bu da turistlər üçün daha rahat olur”.
Bakı-Tblisi-Qars dəmir yolunun turizm sahəsinə necə təsir edəcəyini, nə kimi perspektivlərinin olacağını öyrənməyə çalışdıq.
Turizm üzrə ekspert Rüfət Məmmədov bildirir ki, bu reysin açılması nəticəsində daha çox gedən turistlərin sayı artacaq: "Turizmin iki - aktiv (gəlmə) və passiv(getmə) növləri var. Bu dəmir yolu xətti xüsusilə getmə turizmi inkişaf etdirəcək. Yəni insanların daha rahat bir şəkildə Gürcüstana və Türkiyəyə getməsinə şərait yaradacaq. Gəlmə turizminə heç təsiri olmayacaq desək, yalan olar. Aktiv turizmdə də canlanma baş verəcək. Onu da nəzərə alaq ki, bəzi turistlər qatarla səyahəti sevmirlər. Vaxt itkisi olduğunu düşünürlər”.
Ekspertdən dəmir yolu turizminin bugünkü vəziyyətini də soruşduq. O bildirir ki, hazırda ölkəmizdə "dəmir yolu turizmi” anlayışı elə də geniş yayılmayıb: "Dəmir yolundan az insan istifadə edir. İstifadə edənlərin əksəriyyəti Rusiyadan gələn vətəndaşlarımızdır. Düzdür, hava nəqliyyatına nisbətən dəmir yolu ucuzdur, amma hələ ki, onun kimi inkişaf etməyib. İnkişaf etdirmək üçün dəmir yolu xəttini genişləndirmək, daha sürətli qatarlardan istifadə etmək olar. Digər regionlara da dəmir yollarının açılması məqsədəuyğun olar. Dəmir yolu ucuz olsa da, turist üçün vaxt itkisidir. Əgər bu vaxt sərfi minimuma endirilərsə, o zaman turistlərdə dəmir yolu ilə səyahət etməyə maraq artacaqdır. Dünya ölkələrindən Yaponiyanı, Fransanı misal göstərmək olar. Həmin ölkələrdə insanların əksəriyyəti bir şəhərdən digərinə qatarla gedir”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, dəmir yolu xətti hər üç ölkənin turizm sahəsində əlaqələrin genişlənib inkişaf etməsində böyük rol oynayacaq: "Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadiyyatla bərabər, onun tərkib hissəsi olan turizmin də inkişafına əhəmiyyətli təsir göstərəcək. Ümumiyyətlə, BTQ dəmir yolu xətti hər üç ölkənin turizm sahəsində əlaqələrinin genişlənib inkişaf etməsində böyük rol oynayacaq. Həmçinin bu marşrutdan Orta Asiya ölkələrinin turistləri də Azərbaycana, Gürcüstana, Türkiyəyə gəlmək üçün istifadə edə bilərlər. Qatar turizmindən dünyanın bir çox ölkələri faydalanırlar”.
Müsahibimiz deyir ki, dəmir yolu turizminin inkişafında əsas iş turizm şirkətlərinin üzərinə düşür: "Ölkəmizdə qatar turizminin inkişafı üçün münbit şərait var. Qatar turizmi Azərbaycanda yeni turizm növünün inkişafı üçün zəmin yaradacaq. Lakin BTQ dəmir yolu xətti fəaliyyətə başlasa da, bunun turizm imkanlarında dərhal faydalanmaq bir qədər çətindir. Bunun üçün hər üç ölkənin turizm şirkətləri aktiv olmalıdırlar. Onlar müqavilələr əsasında cəlbedici proqramlar hazırlamalı, həmin proqramları reklam etməlidirlər. Ən əsası, yeni marşrutlar müəyyən olunmalıdır. Bu da nəticədə ölkəmizə gələn və gedən turistlərin sayında yaxşı mənada özünü büruzə verəcək. Nəzərə alaq ki, qatar turizmi kütləvi turizm üçün mühüm elementdir. Və qatar turizmi digər nəqliyyat növlərinə nisbətən daha ucuz başa gəlir”.
Turizm üzrə ekspert Eldar Aslanov deyir ki, bu, turizmin canlandırılması baxımından bir fürsətdir: "Yeni yaranan nəqliyyat xətti həmin nəqliyyat üzərində olan tarixi, turistik yerlərin turizm potensialının canlandırılması baxımından effektə malikdir. Ümumiyyətlə, bu layihə Qara dəniz bölgəsinə gedən turistlərin hərəkətinin, o cümlədən Azərbaycan ərazisində BTQ istiqamətində olan stansiyalara yaxın ərazilərin turizminin canlandırılması baxımından bir fürsətdir. Amma bu fürsətin biznesə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək. Bu işdə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Misal üçün, həmin xətt üzrə xüsusi marşrutlar, bununla bağlı xüsusi marketinq işi hazırlaya bilərlər. Məsələn, Gəncə stansiyasında dayanaraq, ora yaxın olan turistik ərazilərə turlar təşkil etmək mümkündür. Həmçinin dəmir yolu nəqliyyatı digərlərindən daha ucuz olduğundan, turistlər üçün daha əlverişli olacaq”.
"Bu layihədən turizmin bir çox sahələri üzrə yararlanmaq olar” deyən ekspert bildirir ki, BTQ dəmir yolu xətti turizmin inkişafında əhəmiyyətli rol oynayacaq: "Amma dəmir yolu xəttinin böyük dəyişikliyə səbəb olması üçün ilk növbədə turizm şirkətləri aktiv işləməlidirlər. Xüsusi turizm marşrutları hazırlamalıdırlar. Həmin dəmir yolu xəttinin keçdiyi ərazilərdə satış obyektlərinin sayını artırmaq lazımdır. Dəmir yolu turizm həm də o baxımdan əlverişlidir ki, hava şəraitindən asılı olmayaraq, hər fəsildə səyahət etmək mümkündür”.
Günel Azadə
banner

Oxşar Xəbərlər