BSU nümayəndəsi beynəlxalq konfransda çıxış edib
Bakı Slavyan
Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri,
p.ü.f.d, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq
Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil
etdikləri "Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq
elmi-praktik konfransda iştirak
etmişdir. Konfransa – Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarstan,
Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Moldova,
Gürcüstan, Kipr, İran və s. ölkələr
daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin
təmsilçiləri qatılmışlar. BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında
çıxış edərək, Bakı Slavyan Universiteti (BSU) haqqında geniş məlumat vermiş, universitetin
rəhbərliyi adından Təşkilat komitəsinin
sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru xanım Anjela
Doljikovaya hədiyyə təqdim etmişdir.
Yeri
gəlmişkən, Y.Alxasovun Azərbaycan Respublikasında bilinqivizmin formalaşması
problemlərinə dair məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla
qarşlanmışdır.
Plenar iclasdan sonra Y. Alxasov RXDU-nun prorektoru
xanım Anjela Doljikova ilə təkbətək görüşmüş və BSU-nun bazasında region mütəxəssisləri üçün
müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması
barədə razılığa gəlmişlər.
Qeyd edək ki, dünya üzrə
nüfuzlu ali məktəblərin ilk 50-liyinə daxil olan bu Rusiya Xalqlar Dostluğu
Universiteti 5 fevral 1960-cı ildə təsis edilmişdir. Universitetdə hazırda 152
ölkədən 27 min tələbə təhsil alır. Xatırladaq ki, universitetə dünya şöhrətli
alim, riyaziyyat sahəsində akademik, 1999-2004-cü illərdə Rusiyanın təhsil
naziri olmuş, hazırda Rüsiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri
Vladimir Mixayloviç Filippov rəhbərlik edir.