BSU-da Xocalı faciəsi anılıb
Fevralın 26-da Bakı Slavyan
Universitetində (BSU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərsimi
keçirilib. Mərasim Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan BSU-nun
rektoru, professor Nurlana Əliyeva faciə
qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımından 26 il ötdüyünü
qeyd edib. N.Əliyeva beynəlxalq hüququn
norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə,
kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi
daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər
qoyduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycanın
20 faiz torpağının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin
məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənpərvər ruhda
böyüyən müasir Azərbaycan gənclərinin hər an döyüşə hazır olduqlarını
vurğulayan N.Əliyeva 2016-cı ilin Aprel
döyüşlərində ordumuzun göstərdiyi şücaətin bunun bariz nümunəsi olduğunu qeyd
edib. O, ölkə daxilində, o cümlədən
ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində
görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin
Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq idealogiyasını rəhbər tutaraq
dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın
düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan Nurlana Əliyeva gəncləri
düşməndən qisas almaq üçün hər an hazır olmağa səsləyib.
Sonra söz alan Beynəlxalq münasibətlər
kafedrasının müdiri, professor Habil Məmmədov
qeyd edib ki, tarix boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin
Xocalıda törətdiyi kütləvi insan qırğını, ağlasığmaz qəddarlıq və işgəncələr
birmənalı genosid faktıdır, erməni vəhşiliyinin sübutudur. H.Məmmədov Xocalı həqiqətlərinin
dünyaya çatdırılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində
davamlı olaraq addımlar atıldığını deyib. O bildirib ki, hazırda bu proses Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir
Məmmədov çıxışında azərbaycanlılara
qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata
keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı barədə
bir sıra tarixi faktlardan söz açıb. O deyib ki, Xocalı həqiqətləri dünya
ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan
xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi
cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Sadir Məmmədov
Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının əsl mahiyyətini açıqladığını,
hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı
soyqırımına hüquqi-siyasi qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə
çatdırıb.
Xocalı şəhər Polis bölməsinin rəis
müavini, polis polkovnik leytenantı Hafiz Ədilov
fevralın 25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamı
bir daha ürək ağrısı ilə yada salaraq həmin tarixdən 26 il keçməsinə baxmayaraq Azərbaycanın bu qanlı
hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrətin
getdikcə daha da artdığını söyləyib.
Sonra BSU-nun II kurs magistrantı Könül Əlizadə
"Soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlər”, II kurs
magistrant Natiq Nəsirov "Xocalı bizim yaddaşımızdır”, I kurs magistrant Röya
Hüseynova "26 ildir həsrətini çəkdiyimiz Xocalının bu günü” adlı məruzə ilə
çıxış ediblər.
Tədbir BSU-nun
Magistratura Şurasının hazırladığı bədii hissə ilə davam edib. Bədii hissədə Xocalı faciəsinə dair
video-çarx nümayiş olunub. Magistrantlar şəhidlərə həsr olunmuş şeirlər səsləndirib,
bədii kompazisiya təqdim ediblər.