BSU-da Ukraynanın Azərbaycandakı səfiri ilə vida görüşü keçirilib
Bakı Slavyan Universitetində (BSU) Ukraynanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar vida tədbiri
keçirilib. BSU rektoru, professor Nurlana Əliyeva Aleksandr Mişşekonun ölkəmizdəki fəaliyyəti dövründə Ukrayna ilə Azərbaycan
arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb. O, son illər Bakı Slavyan Universitetinin
Ukraynanın tanınmış ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurmasında səfirin
rolunu yüksək qiymətləndirib. BSU-da keçirilən beynəlxalq konfranslarda səfir
A.Mişşenkonun fəal iştirak etdiyini deyən rektor BSU-ya göstərdiyi diqqətə görə
səfirə minnətdarlığını bildirib, ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Səfir A. Mişşenko öz növbəsində uzun illər Azərbaycanda fəaliyyət göstərməkdən məmnun olduğunu
deyərək buradakı dostlarını heç vaxt unutmayacağını dilə gətirib. O, tarixi
və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan - Ukrayna arasında müasir dövrdə
əməkdaşlığın hərtərəfli inkişafı üçün əlindən gələni etdiyini bildirib. Səfir həmçinin
Bakı Slavyan Universitetinin Ukrayna dilinin tədrisi, bu ölkənin mədəniyyətinin
Azərbaycanda təbliği sahəsində gördüyü işləri yüksək dəyərləndirib. BSU-dakı
Ukrayna tədris-mədəniyyət mərkəzinin uğurlu inkişafına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. A.Mişşenko eyni zamanda ölkəmizdəki diplomatik fəaliyyəti
dövründə xalqımızın dini, irqi ayrı-seçkiliyə yol vermədiyinin şahidi olduğunu
diqqətə çatdırıb. O, Azərbaycanda hökm sürən tolerant mühiti Prezident İlham Əliyevin qabaqcıl siyasətinin müsbət nəticəsi kimi qiymətləndirib.
Görüşdə iştirak edən tədris işləri üzrə
prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq
Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva, Ukrayna tədris-mədəniyyət
mərkəzinin müdiri Lesya Kərimova öz növbələrində
BSU-ya göstərdiyi diqqətə görə səfirə minnətdarlıq ediblər və gələcək işlərində
ona uğurlar diləyiblər.
Səmimi keçən görüşün
sonunda BSU rəhbəri, professor Nurlana Əliyeva səfir A.Mişşenkoya xatirə hədiyyəsi
bağışlayıb.