BSU-da imtahan sessiyasının monitorinqi aparılıb
Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri,
təhsil ekspretləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə
2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Təhsil
ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, aparıcı KİV nümayəndələrindən
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend İnformasiya Agentliyinin baş direktorunun
korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) əməkdaşı Maqsud Dadaşov, "Xalq” qəzetinin əməkdaşı Mehdi
Mükərrəmoğlu, "525-ci qəzet” in əməkdaşı Sevinc Qarayeva, "Azərbaycan müəllimi”
qəzetinin əməkdaşı Niyazi Rəhimov, "İki sahil” qəzetinin əməkdaşları Şəfiqə
Dadaşova, Cavid Əkərov, Nurlan Məlikzadə, Moderator.az saytının baş redaktoru
Zülfiqar Hüseynzadə, Təhsil-press İnformasiya Agentliyinin baş redaktoru Əkbər
Hüseynzadə, Media-tv.az informasiya portalının baş redaktoru Əfqan Bəhluloğlu,
Faktinfo.az saytının baş redaktoru Fuad İsgəndərzadə, Nuh.az saytının baş redaktoru Kamran Həsənxanlı, Poliqon
İnformasiya Agentliyinin baş redaktoru Azər Qaramanlı, Faktor.az saytının əməkdaşı
Orxan Əliyev, Azadinform.az saytının əməkdaşı Şəfa Tapdıq, "Azərbaycan
Universitetləri” feysbuk səhifəsinin baş admini Zöhrab Süleyman iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə
imtahanların keçirilmə prosesi ilə tanış olublar. Müşahidəçilərə bildirilib ki,
BSU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 1-də
başlanıb və 30-da başa çatacaq. Bir qayda olaraq, imtahanlar yazılı formada
aparılır. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar,
kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi
zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada
araşdırılması və həll edilməsi məqsədilə universitetdə qərargah fəaliyyət göstərir.
İmtahanların nəticələri imtahan başa çatdıqdan az sonra sayta yerləşdirilir.
Şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ aradan qaldırmaq məqsədilə
qərargahın nəzdində apellyasiya komissiyaları təşkil edilib.
Müşahidəçilərlə görüşən
BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin
obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu bildirib. O, imtahanın yüksək səviyyədə
aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edib. N.Əliyeva
onu da bildirib ki, hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç
bir problemi olmur.
Universitetdə fəaliyyət
göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor
Telman Cəfərov qərargahın saat 9-dan fəaliyyətə başladığını, bəzən axşam saat
7-yə, 8-ə qədər çalışdığını bildirib. O, tələbələrin şikayətlərinə onların özlərinin
və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah
edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini diqqətə
çatdırıb. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin,
ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış
ola bildiklərini deyib.
Müşahidəçilər imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi
auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-əlaqələndiricinin
nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün mənfi halların
qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər.
Eyni zamanda, biliklərini nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən
razılıq ifadə olunub.