BSU-da “Elm və din” kitabının təqdimatı olub
Bakı Slavyan Universitetinin prorektoru,
professor, Pedoqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim Rafiq Novruzovun Maksim Tank adına Belorus
Dövlət Universitetinin professoru Anatoli Antonoviç Girutski ilə birgə yazdığı
və Moskvanın məşhur "Flinta” nəşriyyatı tərəfindən nəşr edilmiş "Elm və din”
adlı dərs vəsaitinin təqdimatı olub. Kitab humanitar ixtisaslar üzrə təhsil
alan tələbələr, o cümlədən digər elm sahələrində-fizika, riyaziyyat, biologiya,
teologiya və s. çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Təqdimatı Bakı Slavyan
Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq kitabda dinlərin
tarixindən, fəlsəfi əsaslarından, sonuncu din olan islamın Allah tərəfindən bəşəriyyətə
bir töhfə olaraq göndərilməsindən danışıb. O, bir çox Qərb ölkələrində yayılmış
islamafobiyanın əslində heç bir əsasının olmadığını, islamın dünyanın ən tolerant dinlərindən biri
olduğunu diqqətə çatdırıb. O, R.Novruzovun kitabında Allah sevgisinin insanları
düz yola çəkməsinin, islamın sülh və barış dini olmasının real həyati faktlar və
nümunələrlə izah edildiyini qeyd edib. N.Əliyeva sovet dönəmində, totalitar
rejimin hər şeyi nəzarətdə saxladığı zamanda belə Azərbaycan xalqının öz dini
inancından, əqidəsindən dönmədiyini vurğulayıb. O, bu inamın və əqidənin bütün
zamanlarda azərbaycanlıların əxlaq və davranışını müəyyən etdiyini deyib.
BSU-rektoru professor
Rafiq Novruzovun "Elm və din” kitabının Azərbaycan xalqının dini təsəvvürlərinin
bütün tarixi mərhələlərinə işıq saldığını, dinin fəlsəfi mahiyyətini ciddi elmi
əsaslarla şərh etdiyini bildirib. N.Əliyeva Rafiq Novruzovun dilçi, ədəbiyyatçı
olmaqla bərabər, həm də görkəmli bir filosof olduğunu, bu əsərdə mütləq həqiqət,
dünya, yaradılış barədə yeni yanaşma ortaya qoyduğunu vurğulayıb. O,
R.Novruzovun bütün dinlərin vahid kökə malik olması barədə fikirlərinin Quran həqiqəti
ilə üst-üstə düşdüyünü bir daha qeyd edib.
Filologiya üzrə elmlər
doktoru, professor Rüstəm Kamal "Elm və din” kitabının son dərəcə aktual bir
mövzuya-dinin insan həyatındakı yerinə, cism və ruh məsələsinin fəlsəfi əsaslar
üzərində şərhinə həsr olunduğunu vurğulayıb. O, kitabdan gətirdiyi tezislər əsasında
insan "Mən”inin birbaşa mənəviyyat və mütləq həqiqətə bağlı olması barədə qənaətlərini
auditoriya ilə bölüşüb. O deyib: "Dörd yüz on altı səhifədən ibarət olan
kitabda dini və elmi həqiqətlər barədə
fundmental təsəvvürlər bir ümumi modeldə birləşdirilib. Kitabda eyni zamanda
teologiyada və elmdə ikili həqiqətlər nəzəriyyəsi nəzərdən keçirilib, humanitar və təbii biliklər əsasında mütləq həqiqət
rasional şəkildə əsaslandırılıb.
R.Kamal çıxışının davamında bütün
dinlərin birinci məqsədinin insanın kamilliyə gedən yolunu işıqlandırılmaq
olduğunu deyib. Müəllifin qarşısına son dərəcə mürəkkəb vəzifə qoyduğunu bildirən professor R.Kamal kitabdakı fikirlərin həm
filosoflar, həm də ilahiyyatçı alimlər üçün maraqlı olacağını bildirib.
Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd kitabın dərslik
olmaqdan daha çox, bir tədqiqat əsəri olmasını vurğulayıb. O, kitabda sakral mətnlərin
kulturoloji aspekti barədə müəllifin tanınmış alimlərlə polemikaya girməsini və
mövcud nəzəriyyələrə münasibətdə yeni mövqe sərgiləməsini əsərin ən uğurlu cəhətlərindən
biri kimi dəyərləndirib. O, sakral mətnlərin interpretasiyasında əsas məqamın məhz
ilahi ruhun qorunması olduğunu bildirib.
Əsərin ən böyük əhəmiyyəti Allahın dərkində yeni biliklərdən istifadə
perspektivlərinin nəzərə alınmasıdır.
BSU-nun prorektoru, fil.ü.f.d. Xanım Sultanova çıxışında əsərin
linqivistik xüsusiyyətlərindən, multikultural dəyərləri əsaslandıran ideya-məzmun
keyfiyyətindən danışıb. O, kitabda şərh olunan dünya ruhu barədə nəzəriyyənin
insanları ayırmadığını, əksinə onları bir –birinə daha da yaxınlaşdırdığını
qeyd edib.
Sonda əsərin müəllifi, professor Rafiq Novruzov çıxış edərək kitabın ərsəyə
gəlməsi və nəşri barədə ətraflı məlumat verib.