BSU-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüş keçirilib
Bakı Slavyan
Universtetində (BSU) Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən "Xüsusi xidmət orqanları anlayışı, müasir
dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti”
mövzusunda maarifləndirici tədbir geçirilib. Tədbirdə Dövlət Təhlükəsizlik xidmətinin
əməkdaşları Zəhra Quliyeva, Babək Məmmədov, Ceyhun İbrahimov, Tural Məmmədov,
İdris Cəfərli, Kamran Babayev iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun
rektoru, professor Nurlana Əliyeva onun
mühüm bir məsələyə, dövlətimizin təhlükəsizliyinə həsr olunduğunu bildirib. O,
DTX-nin 100 illik yubileyi ərəfəsində
belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. BSU
rektoru ölkəmizin bugünkü uğurlu inkişafında, sabitliyin, əmin-amanlığın təmin
olunmasında təhlükəsizlik xidməti orqanlarının böyük rolunu , onun təcrübəli əməkdaşlarının
xüsusi əməyini minnətdarlıqla qeyd edib. O, dövlət təhlükəsizlik orqanlarının gənclərlə
yüksək münasibətinin formalaşmasının ölkəmizdə həyata keçirilən uğurlu gənclər
siyasətinin, ölkə Prezidenti İlham Əliyevin gənclərə qayğısının bariz nümunəsi
olduğunu bildirib. N.Əliyeva dövlət
başçısının gənclərlə bağlı son vaxtlar verdiyi sərəncam və fərmanların gənclərin
həyat şəraitində və məişətində ciddi dəyişiklərə səbəb olmağa başladığını
deyib. BSU rektoru qeyd edib ki, Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisini
gözü götürməyən bədxah qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək məqsədilə
bu gün gənclərdən istifadə etməyə, onları öz planları üçün vasitəyə çevirməyə
çalışırlar. Buna görə də rektor tələbə gəncləri
ayıq-sayıq olmağa, dövlətçiliyin keşiyində mətanətlə dayanmağa çağırıb.
O, Azərbaycanın güclü orduya malik olduğunu, istənilən anda hücuma keçib torpaqlarımızı azad etmək gücündə
və qüdrətində olduğunu diqqətə çatdırıb. N.Əliyeva 2016-cı ildə baş tutan Aprel
döyüşlərində belə bir şücaət və qəhrəmanlığa şahidi olduğumuzu, qısa müddət ərzində
əsgərlərimizin erməni qəsbkarlarını necə vahiməyə saldıqlarını gənclərə
xatırladıb. Rektor Azərbaycanın dövlət rəhbərliyinin Qarabağ problemini sülh yolu ilə, beynəlxalq
ictimaiyyətin təsiri ilə həll etmək niyyətində
olduğunu gənclərin diqqətinə çatdırıb.
Nurlana Əliyeva bu gün gənclərimizin qarşısında duran əsas məsələnin
yüksək savada yiyələnmək, xarici dilləri mükəmməl öyrənmək olduğunu bildirib.
Sonra söz
DTX-nin nümayəndəsi Tural Məmmədova verilib. T.Məmmədov "Xüsusi xidmət
orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr,
onların gənclər arasında fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. O,
xüsusi xidmət orqanlarının tarixindən, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik
orqanlarında 25 illik fəaliyyətindən söz açıb. DTX tərəfindən həyata keçirilən
təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə sivil vətəndaşların
rolundan danışıb. T.Məmmədov çıxışında həmçinin xüsusi xidmət orqanlarının aşkar
və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi
xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti,
beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli
cinayətkarlıq mövzularına da toxunub.
Tədbirin davamında tələbələri maraqlandıran
suallar cavablandırılıb.