BSU-da Dövlət Bayrağı Günü qeyd olunub
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə
BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək bayrağın milli-mənəvi dəyərlərimizdəki
yerindən söz açıb. O, BMT-də,
beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi
potensialını, hərbi gücünü əks
etdirdiyini bildirib. N.Əliyeva multikulturalizm, tolerantlıq kimi yüksək dəyərləri ehtiva edən beynəlxalq forumlarda,
nüfuzlu dövlətlərarası tədbirlərdə qaldırılan Azərbaycan bayrağının iftixar
yerimiz olduğunu nəzərə çatdırıb. O, Azərbaycan gəncliyini dünyada baş verən
neqativ proseslər fonunda öz dövlətini və bu dövləti təmsil edən bayrağı
qorumağa çağırıb.
Tarix boyu çətin sınaqlardan keçmiş Azərbaycan
xalqının bu gün yaşadığı firəvan həyata görə qürur hissi keçirdiyini deyən N.Əliyeva bu inkişafın
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və Prezident İlham Əliyevin
müdrik siyasəti nəticəsində əldə olunduğunu vurğulayıb. N.Əliyeva Azərbaycan
bayrağının hər bir vətənpərvər insanın and yeri olduğunu diqqətə çatdıraraq əlamətdar
gün münasibətilə hər kəsi təbrik edib.
Sonra BSU tələbələri
rus, polyak, bolqar, Ukrayna, belarus, yunan, çex, türk dillərində bayraqla
bağlı təbriklər səsləndiriblər.
Tədbir bədii hissə ilə
davam edib. Tələbələr tərəfindən bayrağımıza həsr olunmuş şeir və mahnılar
ifa edilib, milli rəqs nümayiş olunub.