BŞTİ müdiri direktorlarla görüşdü
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə
müşavirə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı
ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf
mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması
üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə
məsələlərindən bəhs olunub.
Müşavirədə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin
struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak
ediblər. İdarə müdiri müşavirə iştirakçılarını salamlayaraq, Təhsil nazirinin
müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində əlverişli təlim
və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət
Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil
müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışıb.
R.Tağıyev
ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması,
şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin,
məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı
davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata
keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, şagirdlərin şəxsiyyət kimi
formalaşdırılması, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin
rolu, xüsusi hallarda kommunikasiyanın təşkili barədə geniş məlumat verib.
Həmçinin, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni
layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq
məsələlərə də toxunub. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə
qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas hədəflərdən
biri olduğunu xatırladan idarə müdiri məktəb direktorlarının üzərlərinə düşən
məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.
Görüşdə
məktəblərin idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması
məsələləri, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və
müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin
səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb
direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib. Daha sonra təhsil
müəssisələrinin rəhbərlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib və
mövzu ətrafında fikir mübadiləsi aparılıb.