• cümə, 19 Aprel, 14:47
  • Baku Bakı 25°C

Brüssel sammiti öncəsi Azərbaycandan diplomatik həmlə

24.11.17 11:00 2525
Brüssel sammiti öncəsi Azərbaycandan diplomatik həmlə
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib.

Forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib. O, Azərbaycanın da separatizmdən əziyyət çəkdiyini diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıb. Sözügedən Forumun ikinci panelində "Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr”, üçüncü panelində isə "Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili” mövzusunda iclaslar keçirilib, müxtəlif fikirlər dinlənilib.

Bununla yanaşı, noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində "Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyıb. Bu toplantıda da Azərbaycan rəsmiləri ilə bərabər, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri iştirak edib. Beynəlxalq tədbirin məqsədi Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələlərini müzakirə etmək olub.

Bu toplantıda da Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov çıxış edərək Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılmasını mühüm hadisə kimi qeyd edib. Bildirib ki, bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. O qeyd edib ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Daha sonra o, Azərbaycan reallıqları, Ermənistanın təcavüzkar siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini toplantı iştirakçılarına çatdırıb.

Beləliklə də, Azərbaycanın təşkilatçılığı ilə Avropa məkanında keçirilən hər iki tədbirdə separatizm, onun ölkələrə doğurduğu problemlər, beynəlxalq miqyasda separatizmlə mübarizə məsələsi bir daha gündəmə gətirilib. Hər iki tədbirdə səsləndirilən fikirlər Qərb dövlətlərinə, Avropa ölkələrinə separatizmə qarşı birgə mübarizə aparmaq üçün çağırış olub. Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri öz çıxışlarında separatizmi pisləyərək, ona qarşı beynəlxalq miqyasda mübarizənin zəruriliyini vurğulayıblar.

Millət vəkili, politoloq Elman Nəsirovmövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, həm Brüsseldə, həm də Afinada təşkil edilən tədbirlərin başlıca məqsədi dünyada separatizmə, terrora qarşı mübarizədə yekdil, koordinasiya olunmuş fəaliyyəti gündəmə gətirmək olub. Onun sözlərinə görə, hər iki tədbirdə Prezidentin köməkçisi Ə.Həsənov çıxış edərək, separatizmə, terrorizmə qarşı bütün dünyada mübarizə aparmağın zəruriliyini əsas tezis kimi dilə gətirib: "Separatizm nəticə etibarilə digər cinayətlərlə, o cümlədən terrorizmlə birgə təhlükə mənbəyidir. Buna qarşı mübarizə aparmaq üçün koordinasiya edilmiş fəaliyyətə böyük ehtiyac var. Əgər separatizmə fərqli yanaşmalar olarsa, heç bir halda bu təhlükə mənbəyinə qalib gəlmək mümkün olmaz. Əli Həsənov Kataloniyada baş verən prosesləri diqqətə çatdıraraq vurğuladı ki, Avropa dövlətləri İspaniyanın ərazi bütövlüyünü dəstəkləməklə bərabər, separatçılara qarşı hüquqi müstəvidə mübarizə aparıldı, onların Avropa ölkələrinə səfərlərinə qadağalar qoyuldu və sair. Lakin əfsuslar olsun ki, Azərbaycanla bağlı məsələdə, xüsusən də Dağlıq Qarabağ separatçılarına qarşı münasibətdə analoji mənzərəni müşahidə edə bilmirik. Bunlar ikili standartlardır və bundan əziyyət çəkirik. Brüssel və Afinadakı tədbirlərdə digər çıxış edənlər də separatizmə qarşı birgə mübarizənin əhəmiyyətini dilə gətirdilər. Azərbaycan belə tədbirləri Avropada keçirməklə bütün dünyaya səslənir ki, əgər Dağlıq Qarabağda baş verən separatizmə vaxtında reaksiya verilsəydi, Avropa dövlətləri bununla əlaqədar birmənalı mövqe ortaya qoysaydı, qarşısı alınsaydı, o zaman bu, bumeranq effekti verməz, digər əraziləri, eləcə də İspaniyanı əhatə etməzdi. Yəni, Avropa öz əkdiyini biçir, vaxtilə göz yumduğu problemlərlə indi özü üz-üzə qalıb. Separatizm ölkələrin ərazi bütövlüyü, suverenliyi, insanların təhlükəsizliyi üçün ən ciddi təhdiddir, təhlükə mənbəyidir. Avropada keçirilən tədbirlərdə məhz bu tezislər ictimailəşdirilib”.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyevbizimlə söhbətində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il bundan öncə diplomatlarımız ilə görüşdə Dağlıq Qarabağ problemi barədə xüsusi tapşırıqlar verib. Onun sözlərinə görə, o zaman dövlətimizin başçısı hücum diplomatiyasına keçməyin zəruriliyini vurğulayıb. Millət vəkili hesab edir ki, Avropada Azərbaycanın təşkilatçılığı ilə keçirilən hər iki tədbir də məhz bu tapşırıqlardan irəli gəlib: "Hər iki tədbirə Azərbaycanın hücum diplomatiyası kontekstindən yanaşmaq gərəkdir. Çünki həm Brüsseldə, həm də Afinada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni separatizmi, bunun yaratdığı fəsadlar müzakirə mövzusu oldu. İndiki halda belə tədbirlərin keçirilməsini müsbət qiymətləndirirəm. Hər şey dəqiq hesablanıb. Avropanın özü də bu gün separatizmlə üz-üzə qalıb. Amma məsələ burasındadır ki, İspaniyada baş verənlərdən sonra Avropa İttifaqının vahid mövqeyi ortaya qoyuldu, Kataloniyadakı separatizmi heç kim dəstəkləmədi, dövlətin ərazi bütövlüyünün başlıca şərt olduğu vurğulandı. Belə bir anda Azərbaycan Avropanın mərkəzində belə bir tədbir düzənləyib və müxtəlif ictimai-siyasi xadimləri dəvət edib, müzakirələr aparıb. Prezidentin köməkçisi Əli Həsənovun öz çıxışlarında dünyaya, Avropa ölkələrinə çatdırmaq istədiyi mesajlar da kifayət qədər ciddi və ünvanlı idi. Onu da nəzərdən qaçırmamalıyıq ki, bu tədbirlərdən cəmi 1-2 gün sonra Avropa İttifaqının Brüssel sammiti öz işinə başlayır. Azərbaycan Prezidentinin də həmin sammitdə iştirakı gözlənilir. Bu baxımdan, Brüssel və Afinadakı tədbirləri bir növ diplomatik həmlə kimi də qəbul etmək olar. İlk növbədə bu həmlə Azərbaycan torpaqlarını işğal altında saxlayan və Avropa İttifaqı ölkələrindən də böyük dəstək, ianə gözləyən Ermənistanadır. Ümid edirəm ki, atılan bütün bu addımların müsbət nəticəsini görəcəyik”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər