• cümə, 19 Aprel, 14:07
  • Baku Bakı 25°C

Brodvey teatrı Bakıda...

23.05.16 11:20 2421
Brodvey teatrı Bakıda...

Amerika günləri çərçivəsində ABŞ-ın məşhur "Company-E” şirkəti "Broadway Bound” Şousunun Azərbaycan versiyasını Dövlət Musiqili Teatrı ilə ortaq layihə kimi hazırlayıb təqdim etdi. Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə baş tutdu. "Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrının xor, balet truppası, orkestr və həmçinin aktyor heyətinin birgə uğurlu məşqləri və zəhməti sayəsində maraqlı bir iş ərsəyə gəldi.

Mayın 14-ü və 15-i iki saatdan çox çəkən musiqili şou proqram – tamaşaya gələn seyrçiləri çox məmnun etdi. Bütün nömrələr qarışıq şəkildə verilmişdi. Yəni duet oxunurdusa biri Musiqili Teatrın kollektivindən digəri isə əcnəbi qonaqlardan olurdu, yaxud da balet nömrələrində heç bir kollektiv bir-birindən seçilmirdi. Musiqi proqramlarına gəlincə müxtəlif səpkili nömrələrdən istifadə olunmuşdu. Hətta çoxları əcnəbi dildə bəlkə musiqinin sözlərini başa düşməsələr də, göstərilən hərəkətlər, elementlər ifaçıların nə demək istədiyini aydın başa sala bilirdi. Necə deyərlər, musiqinin, rəqsin dili yoxdur, o hər yerdə başa düşülür. Belə ki, həzin məhəbbət musiqisindən, sevgi etirafından, dostluqdan doğan, şən əhval-ruhiyyədən bəhs edən, bir sözlə, həyatı əks etdirən musiqilər, elə həmin mövzuda da nümayiş olunan kiçik səhnəciklər zövq oxşayırdı.

Şou tamaşa boyu prodüser, aparıcı, ifaçı və vokalist, xor və vokal üzrə direktor Amekaelya Qasron bütün vaxtı səhnədə öz kürsüsündə əyləşir, bir-birini əvəz edən nömrələrdə gah duet oxuyur, gah da solo oxuyaraq göstərilən kiçik səhnəcikləri sanki anladırdı. Bütün tamaşa şounu dinlədikcə insanda qəribə təəssüratlar yaranırdı. Elə bil 80-ci illər Amerikanın caz musiqilərinə qulaq asırsan. Bəzən də Amerika filmlərində eşidilən həzin musiqiləri burda dinlədikcə bir anlıq özünü lap Brodveydəki kimi hiss edirsən.

Yeri gəlmişkən "Company-E” komandasının üzvləri – Pol Qordon Emerson (produser), Amikaelya Qaston (prodüser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) əsas iştirakçılardan idi. Onu da qeyd edək ki, gələn qonaqlar paytaxtımıza düşdüyü andan onları əhatələyən hörmət, qayğı, şəhərin gözəlliyinə heyranlıqlarını deməkdən doymurdular.

Pol Qordon Emerson: "Azərbaycan möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə baş çəkirik. Bakı əsl meqapolisdir. Xüsusilə şəhərin gecə görüntüsü ecazkardır. Mən son vaxtlar dünyanın heç bir yerində bu qədər təəccüblənməmişdim.

Amikaelya Qaston: "Bakının dünyada bənzəri yoxdur. Burada olmağımdan çox məmnunam. Şəhərin unikal cəhətlərindən biri də Musiqili Teatr kimi möhtəşəm bir sənət məbədinə sahib olmasıdır. Bizim kollektiv mədəni layihələrlə dünyanın bir çox ölkələrində çıxış edib. Məhz Musiqili Teatrın səhnəsi bu günə qədər çıxış etdiyim ən müasir, ən möhtəşəm səhnədir”.

Qavin Stevart: "Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Bakı isə başqa bir aləmdir. Dünyada Bakı kimi şəhərlər çox azdır. Burada tarixlə müasirlik vəhdətdədir. Qədim və müasir binalar sanki bir-birinin davamıdır. Musiqili Teatr kimi məkanda işləmək insana xüsusi zövq verir. Teatrın kollektivi isə öz professionallığı ilə heyrət doğurur. Dünyanın bir çox ölkələrində olmuşam, bir çox kollektivlərlə işləmişəm. Sizin Musiqili Teatrın yaradıcı heyəti iş prosesində özümü rahat, arxayın hiss etdiyim azsaylı kollektivlərdəndir”

Nigar Pirimova

teatrşünas

banner

Oxşar Xəbərlər