• çərşənbə, 24 Aprel, 09:55
  • Baku Bakı 13°C

Britaniyanın Aİ-dən çıxmasının iqtisadi nəticələri

29.06.16 10:57 1619
Britaniyanın Aİ-dən çıxmasının iqtisadi nəticələri
Böyük Britaniyanın Avropa İttifaqından çıxması hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Bəzi ekspertlər bunun sözügedən qurum, bir qismi isə Böyük Britaniyanın özü üçün zərərli qərar olduğunu düşünür. Bu dəfə ekspertlərlə məsələnin iqtisadi tərəflərini müzakirə etdik və keçən bir neçə gündə nələrin dəyişdiyini müşahidə etdikləri ilə maraqlandıq.
Onların fikrincə, artıq müəyyən dəyişikliklər baş verib və bunların kökündə iqtisadi və siyasi səbəblərdən çox, psixoloji və panik səbəblər dayanır. Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili xatırlatdı ki, hələlik yalnız referendum keçirilib və qurumdan çıxma prosesi təxminən iki ilə yaxın vaxt aparacaq: "Çünki Britaniya ilə İttifaq arasında qarşılıqlı müqavilələr var. Onların dəyişilməsi, yeni statusun müəyyən olunması məsələləri var. Yəni oradan birdən-birə çıxmaq mümkün deyil və bəlli bir prosedur keçilməlidir. Bildiyiniz kimi, belə hal Lissabon sammitinin qərarlarına uyğundur və yalnız hökumət bunu elan edəndən sonra qurumdan çıxma prosesi başlayır və belə gedişat təxminən iki il çəkir.
Referendumun nəticələrinin iqtisadiyyata təsirinə gəlincə, onun birjalara panik formada təsir etdiyini düşünürəm. Bildiyiniz kimi, funt-sterlinqin kursu dəyişir, Avropa, Amerika və Asiya birjalarında qiymətli kağızların qiyməti oynayır. Bu, daha çox gələcəkdə verilə biləcək qərarın panikası ilə bağlıdır”.
Millət vəkilinin fikrincə, Böyük Britaniya Avropa İttifaqından çıxarsa, bu, həm qurum, həm də Birləşmiş Krallıq üçün müəyyən itkilərlə nəticələnəcək: "Avropa İttifaqı ilə Britaniya arasında ümumi bazar prinsipləri mövcuddur. Amma düşünürəm ki, Britaniyanın Avropa İttifaqından çıxması yeni imkanların açılması ilə nəticələnəcək. Yəni belə gedişat hər iki tərəf üçün yeni bazar axtarışlarına və yeni iqtisadi siyasətin həyata keçirilməsinə səbəb olacaq. Bu məsələnin qiymətli metalın və yaxud neftin qiymətinə təsirinə gəlincə, birjaların oynamasının daha çox siyasi proseslərlə bağlı olduğunu düşünürəm. Qiymətlər proqnozlar və panik təsirlərlə bağlıdır. Yəni desəm ki, gedişatın qiymətlərə birbaşa təsiri var, düz olmaz. Ümumiyyətlə, bu gün baş verən hadisələr daha çox gələcəkdə nə baş verəcəyinə hesablanıb atılan addımlardır. Faktiki, ortada dəqiq qərar yoxdur. Yalnız referendum var. Oradan çıxmaq, iqtisadi prosedurların dəyişdirilməsi ilə bağlı qərarlar kifayət qədər uzunmüddətlidir. Uzunmüddətli qərarların qısa müddətdə birjalara təsir etməsinin yaxın müddətdə dayanacağını güman edirəm. Məncə, yaxın müddətdə bir tarazlaşma və balanslaşma olacaq. Hazırkı gedişat, ortaya çıxan mənzərə qısamüddətlidir və panikanın nəticəsidir. Ona görə də qısamüddətli olacaq və neytrallaşacaq”.
İqtisadçı ekspert Pərviz Heydərov düşünür ki, "Brexit”in psixoloji təsirləri bir müddət davam edəcək. Çünki sözügedən hadisənin yaratdığı "xof” böyükdür: "Halbuki məntiqlə heç bir ciddi təsir imkanları olmalı deyil. Ümumiyyətlə, "Brexit”in, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxması tərəfdarlarının qalib gəlməsinin dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına konkret necə təsir edəcəyi barədə danışmaq hələ tezdir. Çünki ümumiyyətlə, Böyük Britaniyanın Aİ-dən çıxmasını faciə kimi dəyərləndirmək düzgün deyil. Düzdür, bu, bazarlarda müəyyən bir panika yaradıb və yaratmalı idi də. Lakin bunun heç bir ciddi iqtisadi əsası yoxdur. Söhbət yalnız psixoloji təsirlərdən gedir. Hesab edirəm ki, fond birjalarında, səhmlərin dəyərində, o cümlədən funt-sterlinqin məzənnəsində hazırda müşahidə edilən tendensiyalar da məhz psixoloji təsirlərin nəticəsidir. Məsələn, Böyük Britaniyanın 10 illik dövlət bondlarının gəlirliyinin ilk dəfə olaraq 1 %-dən aşağı düşməsi heç bir ciddi iqtisadi əsasla izah oluna bilməz. Və yaxud da funt-sterlinqin ABŞ dollarına nəzərən 3 % enməsi, 31 il əvvəlki nəticənin - $ 1,3221 məzənnənin təkrarlandığı deməkdir. Avro isə ingilis puluna görə 2 % bahalaşıb. Bu da 2 il əvvəlki nəticədir. Bütün bunlar da ondan irəli gəlir ki, investorlar panikaya düşüb. Sanki Britaniya iqtisadiyyatı artıq dağılmaq üzrədir. Halbuki referendumun nəticələrinin belə tezliklə bütün bunlara nə dəxli ola biləcəyini heç kim düşünmək istəmir”.
Həmsöhbətimiz düşünür ki, "Brexit”in Avropa İttifaqının öz iqtisadiyyatı üçün də orta müddətdə az mənfi nəticələri olmayacaq: "Avro özü də dollara nəzərən ucuzlaşacaq. Ümumiyyətlə, ABŞ dolları bütün bunların nəticəsində möhkəmlənəcək. Bu da perspektivdə Amerika iqtisadiyyatı üçün mənfi fəsadlar törədəcək. Odur ki, "Brexit” ümumən dünya iqtisadiyyatı üçün psixoloji təsir vasitəsilə də olsa, yaxşı heç nə vəd etmir. Bununla belə, düşünürəm ki, mövcud ab-hava tezliklə səngiməlidir”.
Gedişatın qızıl və neftin qiymətinə təsirindən danışan ekspert onların da prosesdən kənar qalmadıqlarını dedi: "Neftin qiyməti sözügedən hadisədən "sarsıntı” keçirib. Qızıl isə əksinə, bahalaşıb. Bu da təbiidir. Çünki neftin qiyməti amili dünya iqtisadiyyatı üçün barometrdir. Böyük Britaniya iqtisadiyyatında çöküş başlayarsa, sözsüz ki, neftin qiymətinə mənfi təsirlər artacaq. Ümumiyyətlə, funt-sterlinqin dollara nəzərən ucuzlaşması dolayısı ilə nefti ucuzlaşdırmağa xidmət edir. Ancaq bu, çox davam edə bilməz, Böyük Britaniya neftin ən bahalı hasilatçısı sayılır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər