Britaniyalı alimin məşhur əsəri ilk dəfə Azərbaycan dilində nəşr olunub
Məşhur britaniyalı alim, tanınmış dinlər tarixçisi,
ilahiyyatçı və filosof Karen Armstronqun ona dünya şöhrəti qazandıran əsərlərindən
biri ilk dəfə olaraq Azərbaycanda dilində nəşr olunub.
TEAS Press Nəşriyyat evi tərəfindən tərcümə edilərək
nəfis tərtibatda çap olunmuş "Mifin qısa tarixi” kitabında miflərin paleolit
dövründən müasir dövrə qədər məruz qaldığı dəyişikliklər tədqiq edilir.
"İnsanlar həmişə miflər yaradıblar” deyən müəllif
insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma
kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini
göstərir.
"Miflərə hazırkı yadlaşmamızın tarixdə analoqunun
olmadığını” düşünən Karen Armstronq "mythos” ilə "logos”un düşmən qütblərə
ayrılması nəticəsində XX əsrin dağıdıcı miflərinə meydan verildiyini yazır.
Mifin bir sənət növü olduğunu vurğulayan müəllif dünyanı şər miflərdən qorumaq
üçün sənət adamlarının gətirəcəyi təzə nəfəsə ehtiyacın olduğunu qeyd edir.
Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi
olmaqla bərabər, "logos” və "mythos” tərəfdarlarının antaqonist münasibətləri
bir kənara atıb qarşılıqlı anlaşma zəminində dialoq qurması istiqamətində təşəbbüs
də sayıla bilər.
"Allahın tarixi” adlı məşhur əsəri ilə bütün
dünyada tanınan və görkəmli mütəxəssis kimi qəbul edilən Karen Armstronq "Mifin
qısa tarixi” kitabında mifin tarixdən əvvəlki dövrdən günümüzə qədərki
inkişafını özünəməxsus konkretliklə tədqiq edir. Mifin tarixi insanlığın, bizim
hekayələrimizin və inanclarımızın, maraq hissimizin və dünyanı dərk etmək cəhdimizin
tarixidir, mif bizi əcdadlarımıza və bir-birimizə bağlayır, kainata məna verməyimizə
kömək edir. Karen Armstronq oxucunu paleolit dövrü ovçularının miflərindən son
500 ildəki "Böyük Qərb transformasiyası”na və mifin elm tərəfindən
diskreditasiya edilməsinə qədər keçən dövr boyunca səyahətə çıxarır.
Kitab 7 bölümdən ibarətdir. Oxucular bu əsərdə "mif
nədir”; "paleolit dövründə ovçuların, neolit dövründə əkinçilərin mifologiyası
necə olub”; "ilk sivilizasiyalarda mifik dünyagörüşü nədən ibarət idi”, "Böyük
Qərb transformasiyası nə deməkdir” və s. bu kimi suallara tarixi-fəlsəfi
aspektlərdən əsaslandırılmış cavablar tapa biləcəklər.
Müəllifin çoxillik araşdırmalarının məhsulu olan
kitab tarixçi-alimlər, dinşünaslar, sosioloq və filosoflar, habelə dinlərin
tarixi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.