• çərşənbə axşamı, 16 aprel, 13:37
  • Baku Bakı 19°C

“Brend geyimlər” cəmi 1 manata... Fotolar

05.07.13 09:18 28565
“Brend geyimlər” cəmi 1 manata... Fotolar
Paytaxt bazarlarında təhlükəli uşaq geyimlərinin satışı genişlənir. Bu geyimlərin ucuzluğu, həmçinin əhalinin alıcılıq qabiliyyətinin aşağı olması belə mallara tələbatı artırır. Aparılan araşdırmalar göstərir ki, Bakı bazarlarında uşaq geyimlərinin 70-80 faizi Çindən gətirilir. Bu paltarlar xüsusilə “8-ci km bazarı”nın piştaxtalarını bəzəyir. Keyfiyyətsiz uşaq geyimlərinə tələbatın nə dərəcədə olmasını öyrənmək məqsədilə “8-ci km bazarı”na yollandıq.
Bazara daxil olduqda səliqəsiz şəkildə uşaq geyimləri yığılan piştaxtaların kifayət qədər olması bu geyimlərə tələbatın çox olduğunu göstərirdi. Paltarların keyfiyyəti və qiymətləri ilə maraqlanmaq üçün qalaq-qalaq uşaq geyimləri yığılan piştaxtalardan birinə yaxınlaşdıq. Burada insanlar uşaqları ilə birlikdə paltar almaq üçün demək olar ki, növbəyə düzülmüşdülər. Hətta geyimlərə əli çatmayan alıcılar önə keçmək üçün bir-birləri ilə mübahisə belə edirdilər. Bura sözün əsl mənasında “bazar” idi.
Şakira piştaxtadan paltar alır?
Yerə tökülmüş paltarların satıcısı isə geyimlərin “keyfiyyəti” haqqında insanları məlumatlandırırdı: “Bu paltarlar dünya brendləridir. Hətta Şakiranın oğlunun belə geyindiyi markalar burada satılır”. Satıcıdan paltarların hansı ölkənin istehsalı olduğunu soruşduqda isə dedi ki, bu paltarlar Almaniya, Türkiyə və İrandan gətirilir. Maraqlısı odur ki, satıcının dediyi kimi “dünya brendləri” olan bu geyimlər piştaxtalarda 1-2 manata satılır. Geyimlərin belə ucuz olma səbəbi isə satıcının “səxavətindən” irəli gəlir. Sən demə, satıcı bu paltarları xaricdən 4 manata alıb, burada 1 manata satırmış. Acınacaqlısı odur ki, alıcılar bu “şirin çağırışlara” inanıb “brend” malları ucuz aldıqlarını düşünür, daha da həvəslənirdilər.
“Bunlar paltar deyil, kondisionerdir”
Satıcı ilə alıcıların maraqlı dialoqunu dinləyirdik ki, bir az ondan aralıda olan piştaxtanın sahibinin alıcıları cəlb etmək üçün işlətdiyi ifadələr diqqətimizi cəlb etdi. Belə ki, bu satıcı da digərləri kimi gülünc ifadələr səsləndirirdi. O deyirdi ki, burada satılan uşaq paltarları paltar deyil sanki, kondisionerdir. Bu “dahiyanə” fikirlərin sahibi olan satıcı ilə söhbətləşmək üçün onun piştaxtasına yaxınlaşdıq. Adını vermək istəməyən piştaxtanın sahibi bizimlə söhbətində bildirdi ki, paltarların 70 faizi Türkiyə istehsalıdır: “Bizdə satılan mallar arasında Çin istehsalı olan uşaq geyimləri çox azdır və biz bu paltarları Türkiyədən özümüz gətiririk. Paltarların materialına da fikir verdikdə, görərsiniz ki, 70-80 faiz pambıqdan hazırlanıb və bunun üçün uşaqların bədənini normal havalandırır”. Qiymətlərinə gəldikdə isə bütün uşaq geyimləri 1 manatadır. Hətta dəst olan kostyumları belə ayrı-ayrılıqda 1 manata satırlar. Paltarların materialına baxdıqda isə keyfiyyətinin çox aşağı olduğu dərhal sezilirdi. Sanki, köhnə ikinci əl geyimləridir. Çünki, paltarların üzərində etiketləri belə yox idi. Satıcı isə bu paltarların ikinci əl olmadığını iddia edirdi: “Bu geyimlər "second hand" deyil, sadəcə buraya səliqəsiz şəkildə yığıldığı üçün insanda elə təəssürat yaradır. Hər biri Türkiyə istehsalı olan geyimlərdir. Biz özümüz də ziyanlı olduğu üçün Çin mallarına üstünlük vermirik”.
“Uşağa ucuz paltar almaq lazımdır”
Piştaxtanın üzərinə qalaq-qalaq yığılmış paltarlardan həvəslə seçim edən Arzu xanım düşünür ki, uşağa bahalı və keyfiyyətli paltar almağa ehtiyac yoxdur: “Onsuzda dəcəl uşaqdır. Gündə bir paltarını ləkələyir və ya həyətdə oynayarkən ilişdirib cırır. Ona görə də, övladıma ucuz paltarlar almağa üstünlük verirəm. Səliqəsiz uşaq olduğuna görə, 4-5 dəfə geyindikdən sonra atmağa məcbur oluram. Bəzən isə heç 2 dəfə də geyinmədən paltarını yararsız hala salır. Buna görə də ucuz paltar almaq həm ailə büdcəmizə xeyirdir, həm də paltarı atarkən heyfim gəlmir”.
Oğurluq “brend” mallar
Nəvələrinə paltar seçən Bənövşə xala isə deyir ki, “keyfiyyətli olsa da, olmasa da gücüm buna çatır. Hər nədir bilmirəm, amma əsas odur ki, uşaqları sevindiririk”.
Uşaq geyimlərini adicə bir parçanın üzərinə töküb satan satıcılardan biri isə alıcılara deyirdi ki, bu paltarlar brend mallardır, oğurluq mal olduğu üçün ucuz qiymətə satır. Alıcılardan biri satıcıya cavabında “oğurluq mallar bizə lazım deyil, sahibinə qismət olmayıbsa bizə də qismət olmaz” deyərək çıxıb getdi. Lakin, alanların sayı kifayət qədər çox idi. Alıcılar paltarların əksəriyyətini uşaqlarının əyinlərinə geyindirib baxır, xoşlarına gəlməyəndə də yenidən piştaxtaların üzərinə atırdılar.
Xatırladaq ki, Nazirlər Kabinetinin belə bir qərarı var ki, uşaq paltarları alındıqdan sonra dəyişdirilə bilməz. Uşaqların dərisi böyüklərə nisbətən daha həssas olduğu üçün uşaqlara paltar alarkən gigiyenik qaydalara xüsusilə əməl etmək lazımdır. Çünki, paltarı geyinən bir uşaqda əgər hansısa xəstəlik varsa, uşaqların dərisi həssas olduğu üçün xəstəlik həmin paltar vasitəsilə digər uşağa keçir. “8-ci km bazarı”ndakı piştaxtalar üçün bu qərar qüvvədə deyil. Çünki, nə alıcılar, nə də satıcılar buna riayət etmirdilər.
Ucuz ətin şorbası olmur
Uşaqlarını geyimlə təmin etmək istəyən insanlar düşünürlər ki, az pul xərcləyib uşağın tələbatını ödəmək olar. Lakin belə bir atalar sözü də var ki, “ucuz ətin şorbası olmur”. Bu gün ucuzdur deyə aldığımız geyimlər sabah bizə baha başa gəlir. Türk alimlərinin araşdırmalarına görə, Çin istehsalı olan paltarlarda insan sağlamlığı üçün ciddi təhlükə törədən maddələrdən istifadə olunur. Hətta Çin hökuməti belə 2009-cu ildə bu araşdırmanı təsdiqləyərək bildirib ki, ölkənin əsas istehsal mərkəzi hesab edilən Quandoqda istehsal edilən uşaq geyimlərinin yarısı sağlamlığa zərərlidir. Bu informasiyanı Çin hökuməti rəsmi informasiya agentliyi vasitəsilə bütün dünyaya yayıb. Paltarların zərərli olmasının səbəbi isə onların istehsalında formaldehit maddəsindən çox istifadə olunmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı Çində istehsal olunan uşaq paltarlarında icazə veriləndən 900 dəfə artıq formaldehit istifadə olunduğunu bildirərək alıcıları ehtiyatlı olmağa çağırıb. İkinci təhlükə isə ondan ibarətdir ki, standartlara cavab verməyən uşaq paltarları açıq havada, səliqəsiz şəkildə əhalinin ixtiyarına verilib və belə paltarlar uşaqlar üçün əsl təhlükə mənbəyidir.
Aygün Cəfərli
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər