bp və ARDNŞ prezidentləri görüşdü

bp və ARDNŞ prezidentləri görüşdü

İqtisadiyyat
18 Oktyabr 2012, 10:48 1355
Görüşdə neft hasilatının idarə olunması məsələsi müzakirə olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər qrupu Londonda bp-nin prezidenti Bob Dadlinın başçılığı ilə şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşüblər.

Məlumatı bp-nin mətbuat xidməti yayıb. Verilən məlumata görə, görüşdə Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində ARDNŞ və tərəfdaşlar qrupu ilə yaxından işləməyə davam edilməsi razılaşdırılıb.

Bob Dadli görüşün açıq və konstruktiv keçirildiyini deyib: “Bu, açıq və konstruktiv görüş idi və qarşıda duran tapşırıq aydındır. bp Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir”.