• çərşənbə axşamı, 19 mart, 09:59
  • Baku Bakı 8°C

BP: "Şahdəniz-2" qrafikə uyğun və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir

21.09.17 13:20 1247
BP: "Şahdəniz-2" qrafikə uyğun və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir
"Şahdəniz-2" layihəsi üçün inşa olunan ikinci üst tikililər, yəni Hasilat və Dikborular (HDB) platformasının üst tikililəri dənizə yola salınıb və dənizdə öz yerinə quraşdırılıb.
"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililəri təhlükəsiz qaydada və müvəffəqiyyətlə dənizə yola salınaraq öz yerinə quraşdırılıb.
Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış HDB platformasının üst tikililəri 15 sentyabr tarixində Bibiheybətdəki "Azfen" tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki Şahdəniz Kontrakt sahəsinə yola salınıb. Bundan əvvəl isə üst tikililər 6 avqust 2017-ci il tarixində tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb və 9 sentyabr tarixində isə dənizə yola salınmağa hazırlıq məqsədilə STB-1 daşıma barjına yüklənib.
Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmış və 6 gün ərzində tamamlanmışdır. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan HDB dayaq blokunun üzərinə quraşdırılıb.
HDB platformasının üst tikililərinin çəkisi təxminən 15800 ton təşkil edir və onun uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 133 metr uzunluğunda olan məşəl oxundan, 10 axın xətti qəbuletmə qurğusundan, beş hasilat separatorundan, iki buxarlanan qazlar kompressorundan və üç hasilatın ixracı xəttindən ibarətdir.
AMEK-Tekfen-Azfen (ATA) konsorsiumu tərəfindən inşa edilmiş HDB platformasının üst tikililəri "Azfen" tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilib və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, HDB platformasının üst tikililərinin dənizə yola salınması və dənizdə təhlükəsiz şəkildə quraşdırılması layihə üçün çox mühüm mərhələdir: "Belə ki, bununla dəniz qurğularının hazırlanması işləri başa çatır. Biz nəhəng "Şahdəniz-2" layihəsinin tamamlanmasına və növbəti ildə ilk qazın çatdırılmasına dəstək olmaq üçün dənizdə yekun quraşdırma işlərinin təhlükəsiz şəkildə və vaxtında yerinə yetirilməsindən məmnunluq duyuruq. Məmnuniyyətlə qeyd etməliyəm ki, layihə qrafikə tam uyğun şəkildə və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir. Bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq üçün öz zəhmətini əsirgəməmiş hər kəsə təşəkkürümü bildirmək istəyirəm".
banner

Oxşar Xəbərlər