BP-nin London ofisində direktor olan azərbaycanlı xanım – Gör-götür
Deyir
ki, hər yeni gün, hər bir şey əslində, bir fürsətdir. Qarşımıza çıxan
imkanların hansının mühüm olduğuna, nələri dəyərləndirəcəyimizə gəlincə,
bildirdi ki, həmin fürsətlərdən istifadə etməyənədək onların həqiqətən də yaxşı
olub-olmadığını heç vaxt bilməyəcəksiniz. "Hətta nəticəsi gözlədiyiniz kimi
olmayan fürsətlər belə, insana nəsə öyrədə və faydalı ola bilər” deyən müsahibimiz BP şirkətinin London ofisinin
qlobal biznes xidmətlərində insan
resursları üzrə direktoru Leyla Novruzovadır.
- İlk işiniz 5-ci kursda oxuyarkən Milli Məclisdə tərcüməçi
kimi olub. Maraqlıdır, bu, tələbə vaxtı müraciət etdiyiniz ilk iş olub?
- Mən
1988-ci ildə Azərbaycan Dillər Universitetinin tərcüməçilik fakültəsinə qəbul
olmuşam. Həmin illərdə hələ də Sovet İttifaqında yaşayırdıq, lakin baş verən
hadisələrdən anlayırdıq ki, artıq əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq
proseslər başlayıb. Hiss edirdik ki, böyük dəyişikliklərin astanasındayıq və
yeni Azərbaycanda ingilis dilini bilmək mühüm əhəmiyyət daşıya bilər. Tələbə
olarkən müxtəlif tədbirlərdə şifahi tərcümələrin aparılması, xəbər agentliklərində
məqalələrin tərcümə edilməsi, xarici nümayəndə heyətləri ilə görüşlərdə hökumət
nümayəndələrinə tərcüməçi qismində dəstək göstərilməsi üçün mənə və qrup
yoldaşlarıma tələbat var idi. Bu işlərin bəzilərinə görə ödəniş olurdu, əksər
hallarda isə bu işləri ödənişsiz edirdik, lakin bununla belə, bizim üçün yaxşı
təcrübə qazanmaq imkanı yaranırdı.
5-ci
kursda oxuyarkən qrup yoldaşım mənə dedi ki, Milli Məclisin (o vaxt Ali Sovet
adlanırdı) yeni yaradılmış beynəlxalq əlaqələr şöbəsində əsasən yazışmaların
aparılması və hökumət nümayəndələrinin görüşlərinin tərcümə edilməsi üçün tərcüməçi
axtarılır. Mən oraya zəng edərək qeydiyyata düşdüm və müsahibəyə çağırıldıqdan
sonra isə iş təklifi aldım. Yeganə "problem” ondan ibarət idi ki, onların ştat
cədvəlində "tərcüməçi” vəzifəsi yox idi və buna görə də, məni "makinaçı” kimi
işə götürdülər və bu, mənim əmək kitabçamda ilk qeyd edilmiş vəzifədir (gülür).
- İlk iş yerində insan sıfırdan başlamalı olduğu
üçün bir çox şeyləri həmin dövrdə öyrənir. Ən böyük çətinliklər də məncə, o
vaxt olur. O dövrünüzdən danışanda, əsas nələr yadınıza düşür?
- Düz deyirsiniz, ilk iş yerində öyrəndikləriniz
çox vacibdir və mən həmin ildə çox şey öyrəndim və öyrəndiklərimin yarısı mənə
sonrakı illərdə çox faydalı oldu. Əsas yadımda qalan məsuliyyət hissidir. Məsələn,
gördüyünüz işin nəticəsini yoxlayan və ona düzəliş verən bir şəxs olmaya bilər,
amma bu işin müxtəlif insanlara göndərildiyini nəzərə alsaq, onun keyfiyyəti
yaxşı olmadıqda, bu, təkcə sizin deyil, bütün təşkilatın nüfuzuna təsir göstərə
bilər. Bundan əlavə, yadımda qalan digər iki mühüm amil isə yaxşı iş intizamı və
protokoldur. Məsələn, davranışlarınız və geyim tərziniz necə qarşılanacaq və bu,
sizin təsirgöstərmə bacarıqlarınıza necə təsir edə bilər? Öyrəndiyim digər bir
təcrübə də ondan ibarətdir ki, hətta kiçik vəzifədə olsanız belə, fərqlənə bilərsiniz.
Söhbət sizin hansı vəzifədə işləməyinizdən deyil, sizi motivasiya edəcək və
düzgün münasibətə sövq edəcək əhəmiyyətli bir rolun icrasından gedir.
- Sonrakı iş yeriniz AMOCO
şirkəti olub. "Bu, mənim 25 illik yolumun başlanğıcı idi” deyibsiniz. Yəni
çıxmaq istədiyiniz yol artıq burda açılırdı?
- Düzü,
həmin vaxt hansı yolu seçdiyimi və bu yolun məni hara aparacağını bilmirdim.
Yalnız indi mən bunu neft-qaz sənayesindəki 25 illik yolumun başlanğıcı
adlandıra bilirəm. AMOCO mənim rastlaşdığım tamamilə fərqli mühit idi. Burada mən
ilk dəfə idi ki, iş və ofis texnologiyası, kompüterlər, surətçıxaran və faks aparatları
ilə tanış olurdum. O qədər yeniliklər görürdüm və öyrənirdim ki, başım
ağrıyırdı. İş mühiti çox mehriban idi və eyni zamanda da kifayət qədər
iyerarxiya strukturu var idi, ciddi subordinasiya, ofis qaydalarına əməl etmək
lazım idi. Mən bu yeni bilikləri, təcrübəni, iş mədəniyyətini böyük həvəslə öyrənirdim.
"Öz yolum” haqqında düşünmək hələ çox tez idi.
-
Orda hansı vəzifə ilə başlamışdınız?
- Mənim
ilk vəzifəm yerli menecerin köməkçisinin assistenti idi. Yəni köməkçinin köməkçisi
(gülür). Mənimlə 6 ayadək uzadılma imkanı olan 1 aylıq müqavilə imzalandı və
buna görə də, mən bu 6 aylıq müddətdən maksimum faydalanmağa çalışırdım. Lakin
təbiətən öyrənmək həvəsi tükənməyən və çalışqan bir insan olduğuma görə, həmişə
üzərimə düşən vəzifələri gözləniləndən artıq yerinə yetirirdim, buna görə də,
onlar məni sonrakı müddətdə də işdə saxladılar.
- İR mütəxəssisi kimi işləməyə nə
vaxt başladınız?
-
1999-cu ildə AMOCO və BP şirkətləri birləşəndə mən İnsan Resursları (İR)
departamentində işə başladım. İR departamentində ilk ciddi layihəm 2000-ci ildə,
yəni BP 10 xarici şirkətdən ibarət olan ABƏŞ konsorsiumuna operatorluq etdikdən
sonra başladı.
- AMOCO ilə artıq neft sektoruna
keçmişdiniz. Neft sektoru sizin məqsədli yönəldiyiniz sahə idi, yoxsa karyerada
bu cür seçimlər heç də adamın özündən asılı olmur?
- Bu, hər
kəsdə fərqli olur. Bəziləri harada işləmək, inkişaf etmək, böyümək və əsaslı qərarlar
vermək istədiklərini aydın şəkildə bilir. Məni isə bu şirkətə cəlb edən
neft-qaz sektorunun özü deyil, iş mühiti, etik normalar, mədəniyyət və şirkətin
yaratdığı imkanlar oldu. Buna baxmayaraq, həyatımda ilk dəfə dəniz
platformasını gördüyüm zaman bu sektor məni valeh etdi və ona vuruldum.
- Adından göründüyü kimi, insan
resursları mütəxəssisisiniz. El dili ilə desək, işiniz sizdən bir az insan sərrafı
olmağı da tələb edir. Yəni CV ilə yanaşı, bir də insanı analiz etmək qabiliyyəti
də olmalıdır. Bu xüsusiyyətlər sizdə var idi, yoxsa təcrübə bunları qazandırdı?
-
İnsanları analiz etmək üçün xüsusi bacarığa sahib olduğumu hesab etmirəm, lakin
həmişə çox müşahidəçi bir insan olmuşam və təcrübəm artdıqca, bu səriştəm daha
da inkişaf edib. Mən insanların davranışlarında, hərəkətlərində, bədən dilində
bir çoxlarının nəzərindən qaça biləcək kiçik nüanslara xüsusi diqqət yetirirəm.
Bu incəliklər mənə insan haqqında müəyyən qədər məlumat verir. Lakin heç vaxt
sadəcə hisslərimə, intuisiyama söykənərək ciddi qərarlar vermirəm. Məsələn, işə
qəbulla bağlı seçim edərkən həmişə namizədlərin müsahibə zamanı sualları
cavablandırarkən verdiyi misallardan istifadə edərdim.
- İşə qəbul etməmək, müraciət edən
şəxsə "yox” demək anlamına gəlir. Bu "yox”u demək peşəkar nöqteyi-nəzərdən bəlkə
də, rahatdır. Bəs heç insani hisslər burda işə qarışırmı?
- Həmişə
"pis xəbəri” də pozitiv şəkildə bildirmək olar. Eyni şəkildə, həm də "yaxşı xəbəri” neqativ tərzdə demək
mümkündür. Mən həmişə hesab edirəm ki, əgər bir iş baş tutmursa, o zaman yəqin
ki, mənim üçün daha yaxşı olan başqa fürsətlər var. Buna görə də, kimsə nədəsə
uğursuz olduqda, mən çalışıram ki, həmin şəxs qarşıda duran digər imkanları
görsün: uğursuzluqdan dərs çıxarsın və irəliləsin!
- "Yeni fürsətlər üçün daima ayıq
olun” deyə fikrinizi oxudum. Fürsətləri dəyərləndirmək lazım olması ilə bağlı
fikirləri çox insandan eşidirik. Və bizim qarşımıza çox seçim çıxır. Onun
hansını fürsət adlandıra bilərik?
- Mənim
üçün hər bir şey fürsətdir, hər bir gün yeni bir imkan deməkdir. Bu fürsətlər
kiçik, yaxud böyük ola bilər. Əlbəttə ki, "fürsətlərə daim açıq olun” deyərkən
mən daha mühüm olan fürsətləri nəzərdə tuturam və siz həmin fürsətlərdən
istifadə etməyənədək, onların həqiqətən də yaxşı olub-olmadığını heç vaxt dəyərləndirə
bilməyəcəksiniz.
- Fürsət bilib dəyərləndirdiyiniz,
amma heç də gözlədiyiniz kimi olmayan hallar olubmu?
- Bəli,
olub, lakin inanın ki, hətta nəticəsi gözlədiyiniz kimi olmayan fürsətlər belə,
insana nəsə öyrədə və faydalı ola bilər. Henri Fordun məşhur bir ifadəsi var, səhv
etmirəmsə belədir: "Uğursuzluq - sadəcə, yenidən daha ağıllı şəkildə başlamaq
üçün bir fürsətdir”.
- Şirkət eyni olsa da, fərqli ölkələrdə
çalışıbsınız. Ölkələrə görə iş mühitində hər hansı fərq olurmu?
- Əlbəttə.
Baxmayaraq ki, BP-nin korporativ mədəniyyəti eyni dəyərlərə söykəndiyinə görə,
hər yerdə oxşardır, bir çox digər amillər var ki, iş mühitinin bir-birindən fərqlənməsinə
səbəb olur. Məsələn, təşkilatın miqyası, fəaliyyətlərin xarakteri, ölkənin mədəniyyəti
və reallıqları. İşlədiyiniz regionu dəyişərkən nəzərə almalı olduğunuz bir çox
nüanslar mövcuddur. Məsələn, Rusiyada və Azərbaycanda bir çox əməkdaşlar iş
saatlarından sonra evə getməzdən əvvəl işdən kənarda görüşüb ünsiyyət qurmağı
xoşlayırlar, belə ki, adətən kollektiviniz sizin onları ofis yaxınlığında hər
hansı bir yerdə çay masası ətrafında toplamağınıza və gün, həftə haqqında baş
verənləri müzakirə etməyi xoş qarşılayır. Hyustonda və Londonda işə gedib-gəlmək
üçün yola daha çox vaxt sərf edilir, buna görə də, işdən sonra evə tələsən həmkarlarınızı
yolundan saxlamaq xoş qarşılanmaya bilər. Bu, sadəcə, çox kiçik bir misal idi.
- İR mütəxəssisi olsanız da, siz də
bir çalışansınız. Kadrlarda görmək istədiyiniz bütün xüsusiyyətləri özünüzdə
yaratmağa cəhd edirsinizmi? Edirsinizsə, alınırmı?
- Birmənalı
olaraq belədir və buna cəhd edirəm, çünki hesab edirəm ki, insan daha çox özü
nümunə olmaqla, digərlərinə təsir göstərə bilər. Əgər iclaslara gecikərəmsə və əməkdaşlara bildirməyi yaddan
çıxararamsa, digərlərindən intizamlı və qayğıkeş olmağı
necə tələb edə bilərəm? Hesab edirəm ki, özünün məhəl qoymadığın keyfiyyətləri
başqalarından tələb etmək riyakar bir davranışdır. Mən ilk növbədə özümə və
sonra isə digərlərinə qarşı çox sərt və tələbkaram.
Aygün Asimqızı