AZE | RUS | ENG |

“Bozbash picture” bağlanır – Şou-biznes

“Bozbash picture” bağlanır – Şou-biznes
Nicat Rəhimov: “Nə qədər şən, zarafatcıl insan olsam da, bir o qədər də kövrəyəm”


Deyirlər dünyanı gözəllik deyil, gülüş xilas edəcək. Bu gün isə televiziya ekranlarında doyaraq güldüyümüz verilişlər və seriallar demək olar ki, barmaqla sayılası qədərdir. Onların içərisində ən sevilən peşəkar yaradıcı heyətin iştirakı ilə çəkilən “Bozbash Picture” və “Bacanaqlar” komediya janrında olan seriallardır. Uzun müddətdir ki, tamaşaçılar ATV telekanalında yayımlanan bu serialları böyük maraqla izləyirlər. Həmin serialların qəhrəmanları da hazırda tamaşaçıların diqqət mərkəzindədir. Biz də sizin diqqətinizi və həmin qəhrəmanlara olan marağınızı nəzərə alaraq “Gənclik qəzetin”nin bu dəfəki sayında gənclərin sevimli qəhrəmanı gopçu Şirini - Nicat Rəhimovu dəvət etdik.

Nicat Rəhimov “Bacanaqlar” serialında İsmayıl, “Bozbash Picture” serialında isə Şirin obrazı ilə insanların yaddaşında gopçu xarakteri ilə yadda qalıb. Aktyor bizimlə söhbətində obrazının sevildiyindən və “Bozbash Picture”-nin bağlanacağından danışdı.

Qismətimə Şirin düşdü

- İki serialda əsas obrazları oynayırsınız. Hansı obraz sizə daha yaxındır?

- Yaratdığım Şirin və İsmayıl obrazları mənim üçün əzizdir. Onların hər ikisi də sevilir. Ancaq Şirin obrazı mənim xasiyyətimə daha çox uyğundur desəm, heç də yanılmaram.

- Sizi tamaşaçılara daha çox sevdirən də məhz Şirin obrazıdır. Bəs bu obraz necə oldu ki, ortaya çıxdı?

- 2011-ci ildə biz “Bozbash Picture” çəkilişlərinə başlayanda serialın obrazları olsa da, heç birimizin adı yox idi. Bir il bundan öncə yeni mövsümdə iştirak edən obrazların hər birinə ad verildi. Mənim də qismətimə Şirin düşdü. Yəni ilk olaraq obraz yarandı, daha sonra onlara uyğun adlar qoyuldu.

- Şirin niyə bu qədər gopçudur?

- Əslində, İsmayıl da gopçudur.

- Deyəsən, gopçuluq alnınıza yazılıb?

- (Gülürük). Əslində həyatda hər kəs yalan danışır. Düzünü desəm, mən də yalan danışmışam. Şişirdilmiş yalanları isə yalnız obrazlarımda danışıram. Həyatda İsmayıl və Şirin kimi insanlar var. Adam var ki, olmayan şeyi danışaraq insanları inandırmağa çalışır. Olub ki, toyda, el məclislərinin birində biri mənə yaxınlaşıb deyib ki, mən sizə baxa bilmirəm. Real həyatda sizi görəndə elə hesab edirəm ki, siz həyatda da yalan danışırsınız. Həmin tamaşaçı bunu yaxşı mənada deyib. Bu, çox sevindirici haldır. Ona görə ki, yaratdığım obrazı tamaşaçıya necə təqdim etmişəmsə, tamaşaçı məni real həyatda da elə qəbul edir. O insan mənə yaxınlaşıb öpdü, qucaqladı və dedi ki, gözümdə yalançı insan kimi qalmısan.

- Qorxmursunuz ki, bu obrazlarla tamaşaçıların etibarını, inamını itirərsiniz?

- Yaxınlarım mənə deyir ki, İsmayıl obrazında olduğu kimisən. Olub ki, evdə cüzi bir yalan söyləmişəm, mənə deyiblər ki, sən elə həyatda da öz obrazını oynayırsan. Obrazım haqqında tamaşaçılardan müsbət fikirlər almışam. Hara gedirəmsə, hər kəs məni tanıyır və oynadığım obrazlardan sitatlar gətirirlər. Məncə, bu, aktyorun ən böyük uğurudur.

- Atanız musiqiçi olduğu halda, siz nə üçün onun yolunu davam etdirməyərək aktyorluq sənətini seçdiniz?

- Mənim rəhmətlik dayım - ölməz sənətkar Yaşar Nuri də aktyor olub. Gözümü açandan dayım, Yaşar Nurini görmüşəm. Bir gün onlara qonaq gedəndə Yaşar Nuri ilə söhbət edirdik, birdən mən bir zarafat elədim, onu o qədər güldürdüm ki, o göz yaşlarını silirdi, tam səmimi deyirəm və o zarafatdan sonra mənim həyatım dəyişdi. Mənə dedi ki, sən aktyor olmalısan, səndə nəsə istedad var. O, mənə İncəsənət Gimnaziyasına imtahan verməyi məsləhət gördü. Mən də ora imtahan verdim,daha sonra təhsilimi İncəsənət Universitetində davam etdirdim, musiqili aktyorluq fakültəsinə qəbul oldum. Bir ara həvəslənib mahnı da oxuyurdum. Ancaq tale elə gətirdi ki, mən həyatımı aktyor kimi davam etdirdim.

- Dayınız Yaşar Nurinin yolunu davam etdirmək istəyirsinizmi?

- Əlbəttə istəyirəm. Düzdür, mən onun kimi ola bilməyəcəm. Ola bilər ki, sevilim, yaxşı aktyor olum, tanınım. Ancaq Yaşar Nuri tamam başqa bir aləmdir. Onun öz yolu vardı. Sevilə bilərsən, ondan yaxşı da tanına bilərsən, ancaq o ayrıdır, mən ayrı.

- Bəs digər seriallarda çəkilmək üçün təklif almısınızmı?

- Bəli, bir neçə serial təklifləri almışam. Ancaq orada iştirak etməkdən imtina etmişəm. Məncə çox seriala çəkilmək düzgün deyil. Səbəb isə reytinqdir. Elə serial var ki, adı tanınır, ancaq reytinqi yoxdur. Mən “Planet Parni iz Baku”da da iştirak etmişəm. Üç il orada aktyor kimi fəaliyyət göstərmişəm. Bir çox serial təklifləri alsam da, ancaq «Bacanaqlar»ı və «Bozbash picture»si seçdim.

- Özünüzü dramatik obrazda görmək istəyirsiniz?

- Bu, mənim ən böyük arzumdur. Bilirəm ki, bu obrazın öhdəsindən layiqincə gələ bilərəm. Necə ki, komik bir obrazın öhdəsindən gəldim, eləcə də dramatik obrazın öhdəsindən gələrəm. Nə qədər şən, zarafatcıl insan olsam da, bir o qədər də kövrəyəm. Necə obrazlarım sevilir, eləcə də dramatik obrazlarım sevilə bilər.

Bu bir sirrdir

- Əvvəllər toylarda aparıcı kimi də iştirak edirdiniz. Seriallara çəkildikdən sonra yenə toylara gedirsiniz?

- Əslində “Bozbash picture”-in aktyorlarını toylara dəvət edirlər. Ancaq biz o obrazlarla toylara getmirik. Mən toylara Nicat Rəhimov olaraq, adi aparıcı kimi gedirəm. Heç bir toyda Şirin obrazı canlandırmamışam. İstəmirik ki, obrazlarımızı toylarda öldürək.

- “Bozbash picture” yeni mövsümdə davam edəcəkmi?

- Ola bilsin ki, yeni mövsümdən “Bozbaş picture” çəkilişinə son qoysun. Bəlkə də oldu. Biz bunu hələ sirr kimi saxlayırıq.

- Mətbuatda tez-tez xəbər yayılır ki, sizin serial qəhrəmanlarına ev, maşın verilir. Deyirlər, od olmayan yerdən tüstü çıxmaz.

- Onların hamısı yalan və şayiədir. Belə bir şey olmayıb. Təki olsun, əlimiz göydədir. Kim istəməz ona ev, maşın versinlər. Ancaq dünyanın da işini bilmək olmaz, ola bilsin ki, gələcəkdə oldu.

Biz ekrana yeni yumor gətirdik

- Ekran qarşısında tamaşaçıları güldürürsünüz. Bəs ekran arxasında necə, siz özünüz gülə bilirsinizmi?

- Ekran arxasında o qədər maraqlı hadisələr olub ki... Hətta elə olub ki, çəkiliş prosesində oynayaraq özümüz gülmüşük, o oyunu 10 dəfə oynasaq da gülmək bizi tutub. Bölgələrə gedəndə çəkiliş prosesinə minlərlə insan gəlir. Elə hallarla rastlaşmışıq ki, çəkiliş etdiyimiz məkandan gedərək başqa bir zaman gəlmişik. Bizim uğurumuz o oldu ki, biz ekrana yeni yumor gətirdik. Oynadığımız obrazların hamısı Azərbaycan efiri üçün yeni oldu.

- Olubmu ki, ailədə və yaxud da nəsildə ağsaqqalların biri sizə yaxınlaşıb desin ki, bu nə obrazdır, bozbaş seriallara niyə çəkilirsən?

- Yox, heç zaman elə hallarla rastlaşmamışam. Mənim ağsaqqalım Yaşar dayım olub. O, məni yönləndirib, bir söz var - deyirlər ki, bacarıq qandan gəlir. Həmin o istedad mənə qandan gəlir. Mənim özümün də bu obraza böyük həvəsim olub. Ən çox Yaşar Nurinin mənə mənəvi dəstəyi olub. Bu obrazım yaxşı da qarşılanıb.

Xəyalə RəisŞou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000