• cümə, 29 Mart, 03:09
  • Baku Bakı 7°C

Boyuna görə instituta qəbul etmirdilər

30.10.19 13:00 1297
Boyuna görə instituta qəbul etmirdilər
Amma Rolan Bıkov sonradan tanınmış aktyor və rejissor oldu
Ensiklopediyalarda onun adı və soyadı «Görkəmli sovet və rus aktyoru, teatr və kino rejissoru, ssenarist və müəllim» kimi yazılır. Rolan Bıkovu çox vaxt analitik və mütəfəkkir də adlandırırlar. Haqqında ən çox səslənən fikir isə "Adi qeyri-adi adam” sözləridir.
Əslində onun soyadı Qordinovskiy olmalı idi. Amma polşalı atası təhlükəsizlik orqanlarının xarici şöbəsində xidmət etdiyindən Almaniyaya növbəti səfərindən sonra bu adı özündə saxlamağa qərar verib və Anton Bıkov olub. Oğlu Rolan isə pasportu yazılanda səhv üzündən uzun illər "Roland” adı ilə yaşayıb.
90 illik yubileyində Rusiya mətbuatı məşhur rejissoru "Məşhur rejissor və aktyor «90-cı illərin dəhşətləri»ni əvvəlcədən söyləyib”- deyə başlıqlarla anır.
Uzaqgörmə qabiliyyəti
Bıkovlar ailəsində iki oğlan böyüyürdü. Valideynləri bir neçə ildən sonra boşanırlar. Bundan sonra oğlanlar atalarını görməyiblər. Bəzi şayiələrə görə Anton Bıkov müharibədə ölüb. Başqa bir versiyaya görə – Anton Mixayloviçin ikinci bir ailəsi olub.
Boşanmadan sonra yəhudi anası övladlarını da götürüb Moskvaya köçüb. İkinci Dünya müharibəsinin əvvəlində Yoşkar-Olaya evakuasiyaları nəzərə alınmasa, oğlanların uşaqlığı Moskvada keçib. Paytaxtda olduğu müddətdə Rolan Bıkovun uzaqgörmə qabiliyyəti meydana çıxır. Oğlan yaxın gələcəkdə baş verəcək hadisələri başqalarına proqnoz etməyə başlayır. Öz taleyini öyrənmək istəyənlər Bıkovların evinin önündə növbəyə düzülürdü. Proqnozlara etiraz Bıkova baha başa gəldi. 1943-cü ildə Moskvaya qayıtdıqdan sonra Rolan sinir sisteminin pozulması üzündən xəstəxanaya düşdü.
Rolanın böyük qardaşı – Geronim tibb təhsili aldı, professor, elmlər doktoru oldu. Gənc alim Vişnevski adına Cərrahiyyə İnstitutunda radioaktiv diaqnostika laboratoriyasına rəhbərlik etməyə başladı.
Rolanı isə daha çox incəsənət cəlb edirdi. İstedadına etiraz etməsələr də, boyuna görə institutlar onu qəbul etmirdi. Ancaq Boris Şukin adına məktəbin müəllimləri gəncin gözlərindəki parlaqlığı və xarizmasını sezib onu məktəbə qəbul etdilər. Onlar gəncin antropoloji xüsusiyyətlərinə deyil, istedadına üstünlük verməyi qərara aldılar.
Bir aktyor və rejissor kimi gələcək məzun bir çox teatrlarla əməkdaşlıq edir. 1949-cu ildə «Sangigiyena» zavodunun həvəskar teatrını qurur. İki ildən sonra isə 8 il çalışdığı Moskva Gənclər Teatrında işə düzəlir.
Bu müddət ərzində sənətçi «Pavlik Morozov», «Həyatdakı yer», «Göyçək oğlan», «Yeni geyim» və «Təmiz əllər» tamaşalarında oynayır. Korney Çukovskinin «Sehrbazlar nədən bəhs edir» şeirinə hazırlanmış pyesdə Rolan Bıkov ilk dəfə Barmeley obrazında çıxış edir. Moskva Gənclər Teatrından ayrıldıqdan sonra, 1959-cu ildə mövsüm ərzində Leninqrad «Lenkom»una rəhbərlik edir. Rolan Bıkov rəsmi icazə olmadan Moskva Dövlət Universitetində həvəskar Tələbə Teatrını yaradır. Bu özbaşınalığına görə çox əziyyət çəkir. Onu həbs edəcəkləri ilə hədələyirlər. Amma bu zamanlar bürokratik sistem olduğundan Bıkovun bu hərəkətinə görə hansı şöbənin cavabdeh olduğunu araşdıra bilmirlər. Məşhur teatr aktrisası Alexandra Yabloçkina rejissora haqq qazandırır və teatr mövcud olmaq hüququ qazanır.
Daha sonralar Rolan Antonoviç «Mosfilm» kinostudiyasında «Yunost» dərnəyinin aktyoru, rejissoru və bədii rəhbəri kimi çalışır, eyni zamanda, Rolan Bıkov Fondu adını alan Ümumittifaq Uşaq və Gənclər üçün Kino və Televiziya Mərkəzinin direktoru olur.
Kiçik epizodla geniş imkanlar
50-ci illərin ortalarında Rolan Bıkov kinoda debüt edir. Bir çox aktyor kimi o da epizodik rollardan başlayır. Rolanın ilk işi «Pedaqoji poema», «Yol və qismət», «Cəsarət məktəbi» filmləri olur. Qoqolun «Palto» filmində Akakiy Akakiyeviç Başmaçkin rolu ilə bərabər rejissorluğu da əla alınır.
Bu filmin ardınca aktyorun ekranda çox maraqlı rolları görünür. «Atəşi özümüzə yönləndiririk» və «İki dost xidmət edirdi» hərbi dramlarını, «Mən Moskvada gəzirəm», «Böyük tənəffüs» və «Balzaminovun evliliyi» komediyalarını, «Son dinpərəstlik», «Andrey Rublyov», "Müqəvva” kimi filmləri onu kinosevərlərə təkcə tanıtmır, həm də sevdirir.
Rolan Bıkov gənclər üçün filmlərə də çəkilir. "Aybolit 66”, "Qırmızıpapaq haqqında” və s. filmlərdəki rolları gənc auditoriyanın marağına səbəb olur. O, kiçik epizodla geniş imkanları göstərə bilir.
Rolan Bıkov haqqında danışanda onun rejissorluq işlərini xüsusi vurğulamaq lazımdır. O, ilk dəfə kamera arxasına 1962-ci ildə keçib və "7 dayə” filmini çəkib. Bir il sonra daha bir şən film – "Yay keçib getdi” ekran əsərini çəkir və Kann kinofestivalının gənclər müsabiqəsinin əsas mükafatını qazanır. Bundan sonra rejissor uşaq kinosuna diqqət yönəldir: "Aybolit 66” "Diqqət, tısbağa” məktəb hekayəsini və "Avtomobil, skripka və köpək Klyaksa” ailə müziklini çəkir.
Rejissorun ən baxımlı ekran əsərlərindən biri sosial drama hesab edilən "Müqəvva” filmi sayılır. Bıkov baş rola Kristina Orbakayteni çəkir və özü də onun babası rolunu oynayır. Bu filmdə Yuri Nikulin kinoda sonuncu tammetrajlı filmdə rolunu oynayır. 1986-cı ildə film Dövlət Mükafatına layiq görülür və Laonda kinofestivalda iştirak etmək hüququ qazanır.
Rolan tez-tez, bəzən də gözlənilməz rollarda öz çəkdiyi filmlərində görünürdü. Məsələn, "Diqqət, tısbağa” filmində özünə qadın rolu götürür, "Avtomobil, skripka və köpək Klyaksa” filmində dörd personajı oynayır.
Rejissor son illər qısametrajlı filmlər çəkir. "Mən bura bir daha qayıtmayacağam” filmi bu janrın ən gözəl nümunəsi hesab edilir. Film içkili anası tərəfindən tez-tez evdən qovulan qız haqqında idi. Tamaşaçılar bu filmə laqeyd qalmırdılar. Film bir neçə kinofestivalın mükafatını qazanır. Filmin qəhrəmanı – Daşkənd uşaq evində tərbiyə alan Nina Qonçarovaya "Disneyland”ə səfər etmək üçün "putyivka” verilir. Ninanın anasını Rolanın həyat yoldaşı Yelena Sanayeva oynayırdı. Sosial drama rejissorun qısametrajlı film kimi son işi olur.
Daha çox yaradıcı həyat
Rolan Bıkovun şəxsi həyatı daha çox yaradıcılığı ilə bağlı idi. Rejissor iki dəfə evli olub. Ustadın birinci həyat yoldaşı «Aybolit 66» nağılındakı Çhi-Çhi meymununun rolu ilə tanınan aktrisa Lidiya Knyazyeva olub. Lidiya SSRİ Xalq artisti adına layiq görülən Travesti rolunun yeganə nümayəndəsi idi. Cütlüyün övladı olmadığından Oleq adlı bir oğlanı övladlığa götürürlər. Həmin uşaq onlarla yalnız 4 il yaşayıb, sonradan xəstəlikdən vəfat edib.
Aktyorun ikinci evliliyi «Buratinonun sərgüzəştləri» uşaq filmindəki pişik Bazilio və tülkü Alisanın aktyor duetini yaratdığı Yelena Sanayeva ilə baş tutur. Əvvəlki evliliyindən Yelenanın Pol adlı bir oğlu var idi və Rolan həmn uşağı öz övladı kimi böyüdür.
Hazırda Pavel atalığı kimi kinematoqrafiya sahəsində çalışır. İzləyicilər Paveli «Kaunas Blues», «Son həftə sonu», «Sıfır kilometr», «Oyunda» filmlərindən tanıyırlar.
Bestseller gündəliklər
Kinosevərlərin Rolan Bıkovun "Döyüldüm- yenidən başladım” adlı gündəlikləri ilə tanış olmaq imkanı var. Rejissorun dul qadını Yelena Sanayeva haqqında "həyat yoldaşının qəbrinə sadiq qalıb: mərhum ərinin gündəliklərini səylə dərc edir” deyə istehza ilə söylənilir. Deyirlər ki, bütün bu səylər pul naminədir. Ancaq fakt budur ki, Rolan Bıkovun gündəlikləri bestseller kimi tanınır. Təkcə keçən il nəşr olunan son kitabın tirajı üç min nüsxə olub. Budur, 11 mart 1959-cu il tarixli qısa bir yazı: «Nədənsə demokratiyanın bədnam ideyası görünməyə başladı. Bu yeni demokratiya demək olar ki, mənə Alyoşa Batalov kimi göründü: "yaxşılar haqqında davamlı söhbət, yaxşıların tərifi, amma əslində «bacardığınız qədər bir-birinizi yeyin, sənsə özünü xilas etməyə çalış». Və ya əksinə: mənə toxunmağa cəsarət etmirsən – bizdə demokratiya var. Mənə elə gəlir ki, diktatura daha faydalı və ədalətlidir…».
Qeyd edək ki, "havaların” mülayimləşdiyi Xruşşov dövründə hər kəs diktaturanı lənətləyir və demokratiyaya can atırdı. Sonra hamıya «bəlli oldu» ki, bu vaxt hər şey yaxşı, ədalətli olacaq və hamı xoşbəxt yaşayacaq. Bıkovun uzaqgörənliyi daha kəskin idi: onun 90-cı illəri dəqiqliyi ilə təsvir etməsi yaşananlara uyğun idi.
Elə həmin illərin ortalarında Rolan Bıkova ağciyər xərçənginin ağır forması diaqnozu qoyulur. 1996-cı ildə rejissor əməliyyat olunur. Lakin əməliyyat onun ömrünü yalnız iki il uzadır. 6 oktyabr 1998-ci ildə Rolan Antonoviç Moskva xəstəxanalarından birində dünyasını dəyişir. Görkəmli rejissor Novodeviçye qəbiristanlığında dəfn olunur.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər