• şənbə, 20 Aprel, 02:28
  • Baku Bakı 15°C

Bostanları qurudan quraqlıq

07.07.15 11:55 1960
Bostanları qurudan quraqlıq
Ekspertlər hesab edir ki, gözlənilən quraqlıq ən çox bostan bitkilərinə mənfi təsir göstərə bilər

Ötən il yay aylarında ölkə ərazisində müşahidə olunan quraqlıq bu il də təkrarlana bilər. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan “Trend”ə verilən məlumata görə, qlobal iqlim dəyişikliyi ilə əlaqədar bu yay da Azərbaycan ərazisində quraqlığın olacağı gözlənilir. İnstitutdan bildirilib ki, bu ilin iyul və avqust aylarında havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq. Yağıntıların miqdarı isə normadan az olmaqla, iqlim normasının 65-70 faizini təşkil edəcək. Bu da Azərbaycanın müəyyən ərazilərində, xüsusilə Aran rayonlarında quraqlığın yaranmasına səbəb olacaq. Mərkəzi Aran rayonlarında quraqlığın özünü daha intensiv şəkildə göstərəcəyi proqnozlaşdırılır.
İyul və avqust aylarında isti küləklərin də intensivliyi artacaq ki, bu da quraqlığın daha kəskin xarakter almasına gətirib çıxaracaq. Əsas quraqlıq dövrünün isə iyulun 20-dən avqustun 20-dək olan müddətdə müşahidə ediləcəyi gözlənilir. İnstitutdan bildirilib ki, keçənilki quraqlıq dövründə quru, isti küləklər bir qədər az müşahidə edildiyi üçün quraqlığın davamlılığı da az oldu. Amma bu il isti küləklər bir qədər çox müşahidə ediləcəyindən quraqlığın da ötən ilə nisbətən kəskin olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidrometeoroloqu Asif Verdiyev qəzetimizə açıqlamasında bildirdi ki, bu il çaylarda sululuq səviyyəsi ötənilkinə nisbətən yaxşı olacaq: “Ötən il ölkə ərazisində xüsusilə iyul-avqust ayları quraqlıq keçdi, respublikanın bəzi bölgələrində anomal temperatur müşahidə olundu. Çünki keçən il qışda qar ehtiyatı və yağıntıların miqdarı normadan xeyli aşağı olmuşdu. Bu da həmin aylarda çayların suyunun səviyyəsinin düşməsinə səbəb olmuşdu. Ancaq bu il keçən illə müqayisədə vəziyyət fərqlidir. Qar ehtiyatı və düşən yağıntıların miqdarı da keçən illə müqayisədə bir qədər çoxdur. Hazırda respublikanın çaylarında ümumi götürdükdə sululuq ötən illə müqayisədə yaxşıdır”.
A.Verdiyev deyir ki, iyul-avqust aylarında Azərbaycanda ən yüksək temperatur müşahidə olunur. Bu il də qeyd olunan temperaturun iqlim normasından 1-2 dərəcə yüksək olacağı gözlənilir, yağıntının normadan aşağı olması proqnozlaşdırılır. Bəzi bölgələrdə isə normaya bir qədər yaxın olacaq. Baş hidrometeoroloq bildirdi ki, havaların proqnozlaşdırılan dərəcədə isti keçməsi quraqlığa səbəb olmayacaq: “Bu o demək deyil ki, ölkə ərazisində kəskin quraqlıq müşahidə olunacaq. Ayrı-ayrı günlərdə gözlənilən yağışlarla əlaqədar çaylarda sululuğun artması, eyni zamanda, qısamüddətli də olsa daşqınların baş verməsi də istisna olunmur. Ancaq ümumi götürəndə iyul-avqust aylarında Kür-Araz çayları üzrə ən aşağı sululuq səviyyəsi müşahidə olunur. Bu dövr ərzində həmin çaylarda sululuq əsasən yeraltı suların hesabına formalaşır. Amma tamamilə quraqlıq olacağını, çayların quruyacağını deyə bilmərik. İyulun 7-dən 9-dək dağlıq və dağətəyi rayonlarda yağışlar yağacaq. Bəzi yerlərdə bu yağışların lokal leysan xarakterli olması də istisna olunmur. İyul ayının ayrı-ayrı günlərində də qısamüddətli yağışların yağacağı istisna olunmur”.
Havalar quraqlıq keçdikdə bu, ən çox kənd təsərrüfatı sahəsində hiss olunur. Davamlı quraqlıq isə hətta iqtisadiyyata da böyük zərbə vura bilir. Azərbaycanda kəskin quraqlıq müşahidə olunmasa da, kəskin istilər kənd təsərrüfatına təsirsiz ötüşməyəcək. Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev mətbuata açıqlamasında iyul-avqust aylarında gözlənilən quraqlığın bitkilərin məhsuldarlığının azalmasına səbəb olacağını deyib. Onun sözlərinə görə, bu il gözlənilən quraqlıq bitkilərin yarpaqlarının vaxtından əvvəl qurumasına səbəb olacaq: "Bu da ümumilikdə məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Quraqlıq ilk növbədə hazırda yetişdirilən bostan bitkilərinə, tərəvəzlərə mənfi təsir göstərəcək. Bu hal ümumilikdə bütün meyvələrin məhsuldarlığına mənfi təsir edəcək”.
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanda son illər ərzində yay mövsümü çox isti keçir. Bu da dünyada baş verən qlobal iqlim dəyişiklikləri ilə əlaqədardır. Bu vəziyyət təbii ki, iqtisadiyyatın kənd təsərrüfatı sektoruna ağır zərbə vurur: “Bunu əvvəlki illər ərzində əyani hiss etmişdik. Lakin burada ölkəmizdə yayın ən çox isti və quraq aylarının məhz hansı müddətə təsadüf etdiyinə fikir vermək lazımdır. Məsələn, bu il üçün yayın ən qızmar dövrü iyun ayının demək olar ki, ortasından başlayıb. Əsas quraqlıq müddətinin iyul ayının təxminən yarısından sonraya təsadüf edəcəyi deyilir. Azərbaycanda isə kənd təsərrüfatı dedikdə əsasən taxılçılıq diqqət mərkəzində durur. Cari ildə isə aprel və may ayının birinci yarısı kifayət qədər yağıntılı keçdiyindən taxılçılıq üçün əlverişli olub. Bunu biçin sahələrindən əldə olunan məhsuldarlıq da sübut etdi”.
İqtisadçı deyir ki, bu il taxıl sahəsində xeyli məhsuldarlıq əldə olunub. Quraqlıq olduğu təqdirdə bu, bostan məhsullarına təsir göstərə bilər: “Aran rayonlarından Sabirabad, Saatlı, Biləsuvar, Salyan, Neftçala və Hacıqabul rayonlarında birlikdə 416 806 min ton taxıl yığılıb: “Biçin son günlərədək hələ də davam edirdi. Müqayisə üçün qeyd edək ki, ötən il cəmi 384867 min ton taxıl istehsal olunmuşdu. Ümumiyyətlə, bu il taxılın məhsuldarlığında rekord artım müşahidə olunub. Ötən il taxılın hər hektardan məhsuldarlığı 26,4 sentner idisə, bu il 31 sentnerə çatıb. Artıq şimal rayonlarında da taxıl biçini demək olar ki, yarıdan keçib və bir çox sahələrdə isə artıq bitib. Odur ki, builki quraqlığın bilavasitə taaxılçılığa zərəri az olacaq. Yalnız bostan məhsullarının əldə olunmasında problemlər ola bilər”.
P.Heydərov deyir ki, istənilən halda quraqlığın təsirlərindən qorunmaq üçün ölkədə suvarma sistemlərinin durmadan inkişaf etdirilməsinə ehtiyac var. Bu istiqamətdə isə son illər ərzində dövlət tərəfindən xeyli iş görülüb və bunlar davam etdirilir. Lakin bu sahədə görülməli işlər yenə də var: “2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunub. Bu sahədə əsas hədəf isə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını öz istehsalımız hesabına ödəmək, üstəlik, xarici bazarlara da məhsul çıxarmaqdır. Suvarma sistemlərinin inkişafı və aqrar məhsulların əldə olunmasına maneə törədən hər cür amillərə qarşı mübarizə tədbirləri real, müntəzəm xarakter daşımalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər